Bəyan edilməyən vergiyə görə maliyyə sanksiyaları

posted in: Xəbər | 0

Bəyan edilməyən vergi, maliyyə sanksiyaları, Sosial ödənişlərlə bağlı yoxlamalar, Sosial ödənişlər, Avans ödənişi, ƏDV,Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicilərinə ən çox tətbiq edilən cərimələr məhz Məcəllənin 58.1-ci maddəsi üzrə olan maliyyə sanksiyalarıdır. Maddə ilə bağlı halları misallarla izah edək:

Misal 1: Vergi ödəyicisi 2019-cu il bəyannaməsində 3.000 manat məbləğində mənfəət (gəlir) vergisi bəyan edib. Səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinin həmin il üzrə mənfəət (gəlir) vergisinin 4.200 manat təşkil etdiyini aşkarlayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsi 1.200 manat vergini bərpa etməklə, vergi ödəyicisinə 600 manat maliyyə sanksiyası hesablayır və borc yarandığı halda faiz hesablanmağa başlanır.

4200 – 3000 = 1200 manat

1200 x 50% = 600 manat.

Misal 2: Vergi orqanının vəzifəli şəxsi müəyyən edir ki, vergi ödəyicisi 2019-cu il üzrə 4.200 manat məbləğində torpaq vergisini bəyan etməyib. Bu halda da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2.100 manat, həmçinin bəyannaməni təqdim etmədiyi üçün 40 manat məbləğində maliyyə sanksiyası hesablanacaq.

4200 x 50% = 2100 manat.

Təbii ki, vergi ödəyicisinin yaranan borclarına görə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq faiz hesablanması həyata keçiriləcək.

Mənbə: vergiler.az


Bax:


Sahib Ələkbərov: “Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanır”

posted in: Xəbər | 0

“Gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.

Xatırladaq ki, ölkə prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-itisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının 2.1-ci bəndində nəzərdə tutulmuş, hazırda son müzakirələr mərhələsində olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strateqiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:

  • İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün vergi təşviqlərinin tətbiq olunması;
  • Yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun olaraq mənfəət vergisinə güzəştlərin verilməsi;
  • Turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi və s.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunverilicikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə aşağıdakı vergiləri və rüsumları ödəməkdən azaddırlar.

  • Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi
  • Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi;
  • Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlar”.

Mənbə: report.az


BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır

posted in: Xəbər | 0

BirKart taksit kart sahiblərinə Yeni ilin gəlişi münasibətilə yeni kampaniya təqdim edilir. Bütün BirKart sahibi olan müştərilər partnyor mağazalarında 50 AZN-dən yuxarı istənilən taksit ödənişləri etdikdə (ninja əməliyyatlarına şamil edilmir) əlavə qazanc əldə edə biləcəklər.

6 yanvar 2022-ci il tarixinədək davam edəcək aksiya müddətində gün ərzində hər 20-ci taksit əməliyyatı edən BirKart sahibi avtomatik olaraq 22 AZN hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 AZN (toplam 44 AZN) qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bk2022pr.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə (www.facebook.com/birkart.az) müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


Əmək müqaviləsi bağlamamış işçilərin hüquqları necə tənzimlənir?

posted in: Xəbər | 0

Hər il qanunvericiliyin, vergi nəzarəti və əmək təftişləri tədbirlərinin təkmilləşdirilməsinə, maarifləndirici təbdirlərin artırılmasına baxmayaraq ölkəmizdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsi halları hələ də aktual problem olaraq qalmaqdadır. Bəs belə hallarda işçilərin hüquqları necə təmin edilir? Vergi üzrə mütəxəssis İlqar Əsədov bu məsələyə aydınlıq gətirib:

Sözügedən məsələ günümüzdə də aktual olaraq qalmaqdadır. Əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu sənədin olmaması sonradan işçi üçün ciddi sıxıntılar yaradır. Əmək münasibətlərində daha diktəedici tərəf işəgötürən hesab edilir. Elə buna görədir ki, Əmək Məcəlləsinin bir çox müddəaları əsas etibarı ilə işçiyə qayğı, onun müdafiəsi, onun dövlət tərəfindən himayəyə alınması ruhunda tərtib edilmişdir. Bu səbəblədir ki, əmək müqaviləsi bağlamamış işçiyə qarşı hər hansı tədbir nəzərdə tutulmamış, işəgötürənə isə İnzibati Xətalar Məcəlləsində cərimə müəyyən edilmişdir.

Əmək müqaviləsi bağlamadıqda işçilər hansı hüquqlarından məhrum olur?

Əmək müqaviləsi bağlamadıqda işçilər bir sıra hüquqlarından məhrum olurlar. Belə ki, onlara əmək kitabçası açılmır və iş stajı hesablanmır. Münasibətlərin rəsmiləşdirilməməsi pensiya təminatına mənfi təsir edir. Eyni zamanda, ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər. Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə də müavinət ala bilmirlər. Həmçinin işəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər.

Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər.

Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.

Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu 


Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasındakı mübahisələrin həlli…

Bir çox sahibkarlar elə düşünürlər ki, işçi ilə əmək müqaviləsi bağlamayıblarsa, onların maaşından kəsə və ya ümumiyyətlə verməkdən imtina edə bilərlər. Əslində isə bu belə deyil. Çünki istənilən mübahisə tərəflər arasında öz həllini tapmazsa, sonda məhkəmə yolu ilə həll olunacaqdır və əmək müqaviləsinin bağlanılmaması hələ o demək deyil ki, məhkəmə işçinin iddiasını rədd edəcək və işçinin haqqları təmin edilməmiş qalacaqdır.

Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasında hər hansı, o cümlədən ödənilməmiş əmək haqqları kimi mübahisələr məhkəmə orqanlarında əmək müqaviləsi olmadığına görə Mülki Məcəllə ilə öhdəlik hüquqlarına uyğun olaraq baxılır. Əgər istintaq zamanı həqiqətən işçinin həmin müəssisədə, (tikinti yerində, zavodda və s.) çalışdığı və onun əmək haqqısının ödənilmədiyi təsdiqlənərsə, işəgötürənin işçiyə olan öhdəliyi təmin edilə bilər. İstintaq və işçi üçün bunu sübut etmək o qədər də çətin olmayacaqdır. Müəssisədə işləmiş işçi yalnız işçilərin bilmək imkanı olduğu məlumatları, işin incəliyi, müəssisəyə və onun fəaliyyətinə məxsus digər səciyyəvi cəhətləri, digər işçilər ilə olan yazışmaları və iş üçün əhəmiyyətli hesab edilən digər məlumatları təqdim etməklə mövqeyini müdafiə etməkdə çətinlik çəkməyəcəkdir. Məhkəmə təcrübəsində bənzər hallar olmuş və işçilərin hüquqları təmin edilmişdir. Bununla belə, işçilər bilməlidirlər ki, əmək müqaviləsi bağlamadıqda bir sıra hüquqlarını tamamilə itirəcək və heç məhkəmə yolu ilə belə bərpa edə bilməyəcəklər.

Əmək müqaviləsi bağlamayan işəgötürənləri nə qədər cərimə gözləyir?

İstintaq zamanı işəgötürənlər özlərini aşağıdakı risklərə salmış olacaqlar: İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək münasibətlərinin leqallaşması cəmiyyətin sosial rifahına əhəmiyyətli təsir edir. Bu səbəblə də işçiləri hüquqlarını tələb etməyə, işəgötürənləri isə qanunvericiliyin tələblərinə riayət etməyə dəvət edirik. Müsbət haldır ki, son illər ölkədə bu istiqamətdə görülmüş işlər sayəsində bağlanmış əmək müqavilələrinin sayında xeyli artım müşahidə olunmaqdadır.

Mənbə: vergiler.az


Bax:


1 774 775 776 777 778 779 780 2. 686