Elektron ticarət zamanı ƏDV hesablanması

posted in: Xəbər | 0
birbank biznes

Elektron ticarətin qanunvericilik bazası

Qloballaşan dünyada iqtisadiyyatı elektron ticarətsiz təsəvvür etmək mümkün deyildir. Respublikamızda elektron ticarət 2023-cü ildə daha böyük sürətlə tətbiq edilir, dövriyyənin əvvəlki illərə nisbətən artım tempi daha çox hiss olunur. Bu, vergi qanunvericiliyinin, o cümlədən elektron ticarətdə ƏDV hesablanması üçün normativ aktların formalaşmasını zəruri edir.  ”Elektron ticarət haqqında”  AR qanunu belə ticari münasibətlərin hüquqi tənzimlənməsini, alıcı, satıcı, habelə digər iştirakçıların hüquqlarını (vəzifələrini), məsuliyyət tədbirlərini və s. müəyyən edir. Mülki Məcəllədə də elektron ticarətlə əlaqədar əqdlər, öhdəliklərlə bağlı müddəalar mövcuddur.

Elektron ticarət (yaxud e-ticarət) informasiya sistemləri (o cümlədən, İnternet) vasitəsilə mal, xidmət və işlərin satışı ilə əlaqəli fəaliyyət növüdür. Belə fəaliyyətə İnternet vasitəsilə alqı-satqı üçün müxtəlif yükləmələri (məsələn, elektron kitablar, musiqi, audio-video materiallar, qrafik təsvirlər, oyunlar, müxtəlif məqsədli proqramlar), reklam yerləşdirilməsini və sairi nümunə göstərmək olar.

Eelektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqısatqısı, xidmətlərin göstərilməsi və işlərin üzrə həyata keçirilən fəaliyyət növüdür.

ƏDV məqsədləri üçün elektron ticarət formasında işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer kimi xidmətlərin alıcısının olduğu yer sayılır (VM, 68.1.5). Maddəyə əsasən xidmət elektron poçt, internet, hər hansı digər elektron şəbəkə, ümumiyyətlə kompüter, vasitəsilə həyata keçirilmişdirsə, xidmətləri göstərənin deyil, alıcının olduğu yer əsas sayılır.

Elektron ticarətin iştirakçıları tək satıcı, alıcıyla bitmir. Bu sıraya elektron sənəd dövriyyəsi vasitəçisi də (hüquqi yaxud fiziki şəxs) daxil ola bilər.

ƏDV elektron ticarət zamanı necə hesablanır?

2017-ci ilə qədər elektron ticarət vergiyə cəlb edilmirdi. VM-ə edilən dəyişiklikdən sonra həmin ildən başlayaraq elektron ticarətdən gəlir əldə edən qeyri-rezident şəxsin gəliri (mənfəəti) 10% dərəcə ilə vergiyə cəlb edilir.

Bundan başqa, xidmətin alıcısı olan rezident şəxs ödəniş edərkən 18% ƏDV hesablayıb dövlət büdcəsinə ödəməlidir (VM 169).

Nümunə 1: Vergi ödəyicisi fiziki şəxs özünə məxsus debet kart vasitəsi ilə xarici internet portalından audio kitabların yüklənməsi üçün 50 manat ekvivalentində ödəniş edir. Bu zaman qeyri-rezidentə köçürülən 50 manata görə vətəndaşın kartından bank tərəfindən avtomatik olaraq 9 manat (50*18%=9) ƏDV tutulur. Bank tərəfindən bu məbləğ sonradan dövlət büdcəsinə ödənilir.

Qeyri-rezidentdən xidmət alarkən ƏDV-nin hesablanmasıyla bağlı burada ətraflı məlumat verilib. Odur ki, təkrarçılığa yol verməmək məqsədilə ilə, onları bir daha təkrar etmək istəmirik.

AR rezidentlərinin qeyri-rezident şəxslərə aid olan elektron pul kisəsinə köçürmələri banklar tərəfindən 10 % miqdarında vergiyə cəlb edilib, ödəmə mənbəyində tutulur.

Elektron pul kisəsi, proqram təminatında yaradılmış cüzdan kimidir. Hesab edin öncə oraya pul köçürürsünüz, yaxud ora hansısa mənbədən pul daxil olur, sonra isə siz həmin vəsaitlər barəsində köçürmə, digər əlaqədar əməliyyatlar edirsiniz.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla həyata keçirdiyi bəzi əməliyyatlar üzrə ödəmələrə banklar tərəfindən elektron ticarət zamanı ƏDV tətbiq edilmir. Bunlar aşağıdakılardır:

  • xaricdən alınan mallara görə ödəmələr;
  • xaricdə aviabiletlərin və otel xidmətlərinin sifarişi üçün ödəmələr;
  • alınması (istehlakı) fiziki olaraq xaricdə həyata keçirilən iş və xidmətə görə ödəmələr.

Elektron ticarət zamanı ƏDV hesablanmayan hallara nümunələrlə buradan tanış olmaq olar.


 

Print Friendly, PDF & Email