Hansı hallarda vergi orqanı xronometraj metodu ilə müşahidə apara bilər?
Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda xronometraj metodu ilə müşahidə aparılır. Vergi məsləhətçisi Teymur İslamlı qanunvericiliyin tələbini misallarla izah edib.
Misal 1: Sadələşdirilmiş verginin ödəyicisi olan “RH” MMC-nin 2021-ci ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamədə 14.500 manat satış dövriyyəsi bəyan edilib. 2-ci rüb üzrə isə həmin göstərici 9.870 manat təşkil edib. Bu halda satış dövriyyəsi 30 faizdən çox azaldığından vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.
Misal 2: Sadələşdirilmiş verginin ödəyicisi olan “BB” MMC-nin 2021-ci ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamədə 7.400 manat satış dövriyyəsi bəyan edilib. Dövr üzrə cəmiyyətin əməkhaqqı, icbari ödənişlər, icarə, kommunal və s. bu kimi xərclərinin cəmi 8100 manat təşkil edib. Bu halda, MMC-nin iqtisadi göstəriciləri ilə bəyan edilmiş satış dövriyyəsi uyğun olmadığından vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.
Vergi Məcəlləsinin 50-1.1.2-cü maddəsində göstərilib ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda xronometraj metodu ilə müşahidə aparılır.
Misal 3: Vergi ödəyicisi tərəfindən 17.07.2021-ci il və 30.09.2021-ci il tarixlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulduğundan vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.
Vergi Məcəlləsinin 50-1.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə müşahidə aparıla bilər.
Vergi Məcəlləsinin 50-1.3-cü maddəsində göstərilib ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır.
Göründüyü kimi, həmin müddəa ilə xronometraj müşahidəsinin maksimum müddəti müəyyən edilir və daha az müddəti əhatə etməklə müşahidənin keçirilməsini istisna etmir. Praktikada adətən bu müşahidələrin müddəti 3 gündən az olmur. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Praktikada dövriyyəsinin əsas hissəsi xüsusilə, həftəsonlarında və ya bayram günlərində formalaşan obyektlərdə xronometraj müşahidələrin yalnız həftə sonları (cümə, şənbə və bazar günləri) və ya yalnız bayram, matəm günlərində təyin edilməsinə yol verilmir.
Xronometraj metodu ilə müşahidənin aparılması həvalə edilmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən müşahidəyə başlanılarkən hər bir obyekt üzrə iş rejimi, istirahət günləri, satış nöqtələrinin sayı və s. bu kimi məsələlər barədə vergi ödəyicisindən yazılı arayış alınır. Xronometraj metodu ilə müşahidə ilə müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda və müşahidənin yekununda aktla rəsmiləşdirilərək orta günlük satış dövriyyəsi və ya istehsal həcmi müəyyən edilir. İstehsal obyektlərində günlük yekun aktlarında satış dövriyyəsi ilə yanaşı istehsal həcmi də göstərilir.
Misal 4: “RH” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasında xronometraj müşahidəsi ilə müəyyən edilmiş satış dövriyyəsi tarixlər üzrə aşağıdakı kimi olub:
07.08.2021 – 1750 manat
08.08.2021 – 1640 manat
09.08.2021 – 2140 manat
10.08.2021 – 1830 manat.
Beləliklə, orta günlük satış dövriyyəsi 1840 manat təşkil edib:
1750 + 1640 + 2140 + 1830 = 7360 manat
7360 : 4 = 1840 manat.
Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidənin nəticələrindən kameral vergi yoxlamaları ilə yanaşı səyyar vergi yoxlamalarında da istifadə edilməsi nəzərdə tutulub. Belə ki, Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən, Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə edərək müəyyən etmək hüququ vardır.
Mənbə: vergiler.az
Bax:
Kapital Bank-ın 126-cı xidmət nöqtəsi müştərilərin ixtiyarına verildi
Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu dəfə sayca 104-cü filialı olan Azadlıq filialını müştərilərin istifadəsinə verdi. Yeni filial Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, ev 303/307 ünvanında (keçmiş bazarla üzbəüz) fəaliyyət göstərir.
Kapital Bank-ın Azadlıq filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (V hissə)
Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır → IV hissəyə nəzər yetirin
Qloballaşma prosesinin əsas hərəkətverici qüvvələri beynəlxalq əmək bölgüsünün dərinləşməsi və informasiya inqilabıdır. Milli təsərrüfatların açıqlıq və qarşılıqlı asılılıq dərəcəsi kəskin şəkildə artır. Qlobal iqtisadi proseslər dominantlıq edir və sahibkarlıq strategiyasının ağırlıq mərkəzi milli səviyyədən fövqəlmilli səviyyəyə keçir. Milli dövlət tədricən makroiqtisadi tənzimləmənin ənənəvi rıçaqlarından (idxal maneələri, ixrac subsidiyaları, milli valyutanın məzənnəsi, Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi) səmərəli istifadə etmək imkanını itirir və öz iqtisadi siyasətində dünya meyillərinə istiqamətlənmək məcburiyyətində qalır.
Hal-hazırda təkamül məntiqi dünya iqtisadiyyatını mübadilənin beynəlmiləlləşməsindən kapitalın və istehsalın beynəlmiləlləşməsinə doğru aparıb. Ölkələr arasında rəqabətli mübarizə zamanı beynəlxalq əmək bölgüsü sistemi yaranıb ki, bu da daxili tələbatlardan əlavə, ayrı-ayrı ölkələrdə malların və xidmətlərin davamlı istehsalında beynəlxalq bazara hesablanmasında öz ifadəsini tapır və beynəlxalq ixtisaslaşmaya və beynəlxalq kooperasiyaya əsaslanır.
Müasir dünya iqtisadiyyatının inkişafında digər mühüm bir tendensiya ölkələrin regional səviyyədə iqtisadi yaxınlaşması və qarşılıqlı fəaliyyəti olmuşdur. Beynəlxalq iqtisadi inteqrasiya dərin davamlı qarşılıqlı əlaqələrin inkişafı və ayrı-ayrı milli təsərrüfatlar arasında əməyin bölünməsi əsasında ölkələrin iqtisadi və siyasi birliyi prosesidir. Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək forması iqtisadi və valyuta ittifaqıdır. İnteqrasiya prosesləri Qərbi Avropada (Aİ) və Şimali Amerikada (Şimali Amerika Azad Ticarət Assosiasiyası – NAFTA) daha çox inkişaf edib.
İnteqrasiya birliklərindən əlavə, ayrı-ayrı dövlətlərin iqtisadi sferasının qarşılıqlı təsir proseslərində xammal istehsalçıları və ixracatçıları ölkələrinin birlikləri, azad iqtisadi zonalar kifayət qədər əhəmiyyətli bir yer tutur. Beləliklə, istehsal və inteqrasiyanın beynəlmiləlləşdirilməsində özünü göstərən dünya iqtisadiyyatının qarşılıqlı münasibətləri, ayrı-ayrı milli iqtisadiyyatların qarşılıqlı əlaqələrinin güclənməsinə, dünya təsərrüfatının bütövlüyünün formalaşmasına gətirib çıxardı.
