fbpx

Azərbaycanda vergi orqanlarının xətti ilə icmal büdcəyə bu il 7,7 mlrd. manata yaxın vəsait daxil olub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 683,1 mln. manat vəsait daxil olub ki, bunun da 5 608,7 mln. manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 074,4 mln. manatı isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. (büdcə)

Vergilər Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən vergi daxilolmaları üzrə proqnoza 106,4% əməl olunub. Proqnoza nisbətən 337,5 mln manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7% və ya 302,8 mln. manat məbləğində artıq vəsait daxil olub.

Vergi daxilolmalarının 70%-i qeyri-neft sektorunun, 30%-i isə neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7%, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 78,9%-i icra olunub.

“Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5% azalsa da, bu azalma qeyri-neft sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub”, – deyə nazirlikdən bildirilib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% və ya 439 mln. manat artaraq 3 928,8 mln. manat təşkil edib. Qeyri-neft sektoru üzrə proqnoz 110,1% icra olunub, proqnozdan əlavə 361,1 mln. manat vergi toplanıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1% artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3%-ə yüksəlib. Qeyri-neft sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92%-ə çatıb.

Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7%, əmlak vergisi üzrə 41,9%, mənfəət vergisi üzrə 24,5%, ƏDV üzrə 20,2%, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4%-ə, mənfəət vergisi üzrə 26,1%-ə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır. Cari ilin 9 ayında qeyri-neft sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5%), bank və sığorta sektorunda (30,6%), pərakəndə ticarət sektorunda (21,8%), xidmət sektorunda (17,6%), nəqliyyatda (14,2%), digər fəaliyyət sahələrində (21,8%) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20%-dən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30%-dən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2% artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2%-ə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13%, aktiv ƏDV ödəyicilərinin sayı 38,5%, aktiv obyektlərin sayı isə 12,6% artıb.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki. Bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4%-ni təşkil edir.

Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6% artıb, proqnoz 107,2% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9% artıb, proqnoz 108,7% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3% artıb, proqnoz 107,3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8% artıb, proqnoz isə 110,4% icra edilib.

Mənbə: apa.az



Print Friendly, PDF & Email
error: Content is protected !!