Dələduzluq cinayətlərində sübutetmə

posted in: Xəbər | 0

Bildiyiniz kimi, dələduzluq cinayəti etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Şəxs tamah məqsədi ilə qarşısındakı insanı hansısa vəd qarşılığında aldadaraq onun əmlakını ələ keçirir. Məhkəmə təcrübəsini və Ali Məhkəmənin qərarlarını təhlil edərkən, qarşılaşdığımız mənzərədən də aydın olur ki, işə düzəltmə, alqı-satqıda ortaqlıq barədə dələduzluq cinayətləri çoxluq təşkil edir.

Bloqda toxunmaq istədiyimiz bir digər məsələ isə bəraətin əsaslarıdır, şəxs hansı hallarda bəraət ala bilər?

  • Hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;
  • Şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda;
  • Şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;
  • Şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.

Diqqətinizə çatdıraq ki, Ali Məhkəmənin nümunəvi belə bir qərarı mövcuddur:

1993-cü il təvəllüdlü bir vətəndaşımız qızıl əritməsindən gəlir əldə ediləcəyini vəd verərək, eləcə də, qızılın ucuz qiymətə alınıb baha qiymətə satılaraq gəlir əldə ediləcəyini vəd verərək 10 nəfəri aldadaraq dələduzluq əməli törətmişdir. Həmin 10 nəfər şəxsə verdiyi vədlər nəticəsində toplam 120.000 Azərbaycan manatı dəyərində zərər vurmuşdur. Birinci instansiya məhkəməsi məhkumu Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib, şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Biznes hesabi

Lakin Apellyasiya instansiya məhkəməsində işə baxılaraq, Məhkumun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni qaydada, Ali Məhkəmə də Apellyasiya instansiyasının mövqeyi ilə razılaşmış, bəraət qərarını qüvvədə saxlamışdır. Bununla bağlı Ali Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərdən və şahidlərdən heç biri nə ibtidai araşdırma zamanı, nə də birinci instansiya məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə Məhkumun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onları aldatması və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə mötəbər sübutlara əsaslanan məlumat verməmişlər. Eyni zamanda qeyd edək ki, Ali Məhkəmə qərarını Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsinə əsasən əsaslandırmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun.

Buradan da bir daha aydın olur ki, sübutlar, onların qiymətləndirilməsi, sübutun əldə olunma üsulu, sübutlardan istifadə və s. məhkəmə qarşısında müdafiə üçün incəliklə araşdırılmalı, hər hansısa qanunazidd hal müəyyən olunarsa, sübutların qanunauyğun araşdırılmadığı və əsassız olduğu şübhəsi varsa, məhkəmə istintaqında etiraz edilməli və ya yuxarı instansiya məhkəməsinə müraciət edərək pozulmuş hüquqlarınızın bərpa olunmasını tələb edə bilərsiniz.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05

Müəllif: Pərviz Məmmədov


Əmək məzuniyyəti dövrü bayram günlərinə düşən işçinin məzuniyyətinin rəsmiləşdirilməsi