245 saylı “Digər qısamüddətli aktivlər” hesabı: uçot prinsipləri və tənzimləmələr

posted in: Xəbər | 0

Mühasibat uçotu müəssisənin maliyyə vəziyyətinin düzgün əks olunması və iqtisadi qərarların qəbul edilməsi üçün əsas vasitələrdən biridir. Uçotda aktivlərin iqtisadi mahiyyətinə uyğun təqdim olunması mühüm əhəmiyyət daşıyır. Qısamüddətli aktivlər – 12 ay pula çevrilməsi gözlənilən aktivlərdir. Lakin bu aktivlərin bəziləri “tipik” kateqoriyalara aid olmadıqda, onlar “sair” və ya “digər” kimi ayrıca hesab qruplarında uçota alınır. Bu məqalədə 245 saylı “Digər qısamüddətli aktivlər” hesabının iqtisadi mahiyyəti, hüquqi tənzimləməsi və praktik tətbiqi üzrə şərhlər təqdim edilir.

Sair qısamüddətli aktivlər üzrə uçot hesabları

Qısamüddətli aktivlərə pul vəsaitləri, debitor borclar, ehtiyatlar və sair investisiyalar daxil edilir. Bununla yanaşı, AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na  əsasən, bəzi spesifik və qeyri-tipik aktivlər ayrıca “Sair qısamüddətli aktivlər” maddəsinə aid hesablar vasitəsilə uçota alınır. Maddəyə aşağıdakı hesablar daxildir:

24 saylı bu maddədə gələcək hesabat dövrlərinin xərcləri, verilmiş qısamüddətli avanslar və digər qısamüddətli aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur.

245 saylı “Digər qısamüddətli aktivlər” hesabının məzmunu və funksiyası

Bu hesab sair qısamüddətli aktivlərin tərkib hissəsidir və əsas kateqoriyalarda uçota alınmayan və mühasibat uçotu subyektinin fəaliyyəti ilə əlaqədar 12 aydan artıq olmayan müddətdə istifadəsi nəzərdə tutulan qısamüddətli aktivlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatları əks etdirir.

Mühasibat xidmətləri
Yuxarıda qeyd edilən Qaydalara görə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur”.

245 saylı hesabın əsas funksiyası – uçotun sistemləşdirilməsində informativliyi təmin etmək və müəssisənin maliyyə hesabatında şəffaflığı artırmaqdır. Bu hesabda aşağıdakı vəsaitlər əks oluna bilər:

  • şübhəli aktivlər – əgər onların statusu və mənsubiyyəti sonrakı dövrdə müəyyən ediləcəksə;
  • məhkəmə iddiaları ilə bağlı əməliyyatlar;
  • əvvəlki dövrlər üzrə bərpa edilmiş, lakin hələ təyinatı bilinməyən vəsaitlər və sair.

Bu hesab müəssisənin digər aktiv hesabları ilə birbaşa əlaqədə istifadə olunur və hesabatların şəffaflığını artırmağa xidmət edir.

Hüquqi çərçivə

245 saylı “Digər qısamüddətli aktivlər” hesabının tətbiqi və uçotu “Maliyyə hesabatlarının Beynəlxalq Standartları əsasında mühasibat uçotunun aparılması Qaydaları”  və “Mühasibat uçotu haqqında” AR Qanunu ilə tənzimlənir. Əsas hüquqi müddəalar bunlardır:

  • Aktivlərin tanınması: Beynəlxalq Mühasibat Standartlarının (BMS) tələbinə görə, aktiv uçotda yalnız gələcək iqtisadi fayda əldə ediləcəyi gözlənilirsə tanınır;
  • Dəyər ölçüsü: 245 saylı hesabda əks olunan aktivlər onların ilkin dəyəri ilə tanınmalıdır;
  • Açıqlama: Maliyyə hesabatlarında bu hesab üzrə məbləğlərin tərkibi, təyinatı və potensial riskləri barədə izahat verilməlidi.

245 saylı hesab üzrə uçot aparılarkən aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

  1. İlkin sənədlərə əsaslanma – müəyyən edilməmiş, lakin sənədlərlə təsdiqlənmiş aktivlər uçota alınmalıdır.
  2. Analitik uçotun aparılması – 245 saylı hesab üzrə analitik uçot predmetləri (məsələn, aktivin növü, hüquqi statusu, mənbəyi) müəyyənləşdirilməlidi.
  3. Vaxtaşırı inventarizasiya – digər qısamüddətli aktivlər daimi vəsait olmadığından onların müntəzəm olaraq yoxlanması vacibdir.
  4. Qiymətləndirmə və ehtiyat yaradılması – əgər aktivin sonrakı realizə və ya istifadə ehtimalı aşağıdırsa, ehtiyatlar yaradılır. Silinmə  731 saylı hesabın uyğun subhesabı vasitəsi ilə aparılır.

Qeyd edək ki, 245 saylı hesabdan sui-istifadənin qarşısını almaq üçün müəssisələr müvafiq uçot siyasəti sənədində bu hesabın istifadə qaydasını dəqiq göstərməlidir.

“Digər qısamüddətli aktivlər” hesabı üzrə uçotun tənzimlənməsi

Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 26-ci bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:

  • digər qısamüddətli aktivlər əldə edildikdə – qaydaların 26.16-ci bəndi;
  • digər uzunmüddətli aktivlər kimi təsnifləşdirdikdə – 26.17-ci bənd;
  • səhmdar tərəfindən nizamnamə kapitalı kimi qoyulan digər qısamüddətli aktivlər – 26.18-ci bənd;
  • digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda – 26.21-ci bənd;
  • mübadilə nəticəsində əldə edilmiş digər qısamüddətli aktivlər – 26.24 bənd;
  • təsərrüfat üsulu ilə yaradılması zamanı – 26.26-cı bənd;
  • alınma və ya istehsalı ilə birbaşa əlaqəli olan borclara görə faiz xərcləri – 26.27 bənd;
  • digər qısamüddətli aktivlər əvəzsiz olaraq alındıqda – 26.28-ci bənd;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə və silinmə zamanı 26.29.

245 saylı “Digər qısamüddətli aktivlər” hesabı uçot sistemində çeviklik və dəqiqlik təmin edən vacib hesablardan biridir. Onun düzgün tətbiqi müəssisənin maliyyə hesabatlarının şəffaflığını artırmaqla yanaşı, qanunvericiliyə uyğunluğunu da təmin edir.

193 və 245 saylı hesablar:

Mühasibat uçotu subyektlərində digər uzunmüddətli aktivlərin uçotu 193 saylı hesabda aparılır. Onlar arasında müəyyən oxşarlıq və fərqlər mövcuddur.

Oxşarlıqlar:

  • Hər iki hesab qeyri-standart aktivlərin uçotu üçün nəzərdə tutulub.
  • Analitik uçotun aparılması və uçot siyasətində dəqiq yanaşma tələb edir.
  • Maliyyə hesabatlarında izahlı təqdimatlar tələb oluna bilər.

Fərqlər:

  • Əsas fərq istifadə müddətində və iqtisadi məzmunundadır.
  • 245 hesab daha çox dövriyyə aktivləri ilə əlaqəli olduğu halda, 193 hesab qeyri-dövriyyə və uzunmüddətli investisiyalarla əlaqədardır.
  • Uçot prinsipləri və standartlara uyğun tanınma meyarları da fərqlidir.

193 və 245 saylı hesablar arasında fərqlər

Me­yar 245 saylı hesab – Digər qısamüddətli aktivlər 193 saylı hesab – Digər uzunmüddətli aktivlər
Müddət meyarı Aktivlərin bir il və ya əməliyyat dövrü ərzində pula çevrilməsi və ya istifadə olunması gözlənilir Aktivlər bir ildən artıq müddətə müəssisənin istifadəsində qalır və gələcək dövrlərdə fayda verir
İqtisadi mahiyyət Müvəqqəti xarakterli, qısamüddətli dəyərlər, qeyri-tipik aktivlər Uzunmüddətli istifadəyə və ya dəyərin gələcəkdə bərpa olunmasına yönəlmiş qeyri-maddi vəsaitlər və ya qeyri-klasik investisiya aktivləri
Tanıma əsasları Qısamüddətli fayda gözləntiləri, vaxt limitləri Aktivin uzunmüddətli istifadəsi və ya bərpa potensialı

Bu iki hesabın müqayisəsi göstərir ki, mühasibat uçotunda “sair” və ya “digər” aktiv kateqoriyaları formallıq deyil, əksinə, müəssisənin balans strukturu və maliyyə hesabatlarının doğru, şəffaf və standartlara uyğun təqdimatı üçün vacib vasitələrdir. Hər iki hesabın düzgün tətbiqi, müəssisənin aktivlərin idarə olunması siyasəti, aktivlərin dövretmə müddəti və iqtisadi məqsəd baxımından ciddi şəkildə planlaşdırılmasını tələb edir.

Məhkəmə iddiaları ilə bağlı əməliyyatda 245 saylı hesabın tətbiqi – nümunə

Müəssisə podratçı ilə müqaviləyə əsasən ona 15,000 manat vəsait ödəyib. Lakin podratçı öhdəliklərini yerinə yetirməyib və müəssisə bu vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi gedir. Vəsaitin geri alınacağı ehtimal olunur, lakin yekun qərar çıxmayıb.

Sonda məhkəmənin qərarı ilə vəsait geri qaytarılır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat)
1 Podratçıya ilkin ödənişin həyata keçirilməsi 536: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 15000
2 Ödənişin müəyyən olunmamış hüquqi nəticə daşıması səbəbilə müvəqqəti aktiv kimi tanınması 245: “Digər qısamüddətli aktivlər” 536: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” 15000
3 Məhkəmə qərarı ilə geri alınan vəsait hesabdan silinir 223: “Bank hesablaşma hesabları” 245: “Digər qısamüddətli aktivlər” 30000

193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı,  uçot prinsipləri və hüquqi tənzimləmələr haqqında eyni adlı məqalədən oxumaq olar.