Aktivlər ümumilikdə qısa və uzunmüddətli kimi iki əsas kateqoriyaya ayrılır. Uzunmüddətli aktivlər, istifadə müddəti bir ildən çox olan və gələcəkdə iqtisadi fayda təmin edəcək resurslardır, məsələn əsas vəsaitlər, qeyri-maddi aktivlər, investisiyalar və sair. Mühasibat uçotu təcrübəsində bəzən spesifik təbiətinə görə bu kateqoriyalara tam uyğun gəlməyən aktivlər də mövcuddur. Mühasibat uçotu subyektləri üçün Hesablar Planında bu cür aktivlər üçün 193 saylı “Digər uzunmüddətli aktivlər” kimi xüsusi bir hesab nəzərdə tutulub. Bu məqalədə sözügedən hesabın mühasibat uçotu və hesabatlılıq prinsiplərini, tanınma və müasirləşmə nümunələri araşdırılır.
| Məqalədə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur.” |
Sair uzunmüddətli aktivlər üzrə uçot hesabları
Mühasibat uçotu subyektlərində uzunmüddətli aktivlər üzrə uçot hesablarının tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş Hesablar Planının 1-ci bölməsində əks olunub. Bu bölməyə əsas vəsait, qeyri-maddi aktivlər, investisiya xassəli daşınmaz əmlak və ya uzunmüddətli maliyyə investisiyaları kimi kateqoriyaların uçotu üçün lazım olan hesablar daxil edilib. Amma uzunmüddətli iqtisadi fayda potensialına malik olan spesifik aktivlər də vardır ki, onları bu kateqoriyalara aid etmək olmur. 19-cu “Sair uzunmüddətli aktivlər” maddəsi məhz bu tipli uzunmüddətli aktivlərin uçotu üçün nəzərdə tutulub.
| Qeyd edilən qaydaların 20.1-ci bəndinə görə “bu maddədə gələcək hesabat dövrlərinin xərcləri, verilmiş uzunmüddətli avanslar və digər uzunmüddətli aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur.” |
Bu maddəyə 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı ilə yanaşı aşağıdakı digər hesablar da aiddir:
- “Gələcək hesabat dövrlərinin xərcləri” – 191 saylı hesab;
- “Verilmiş uzunmüddətli avanslar” – 192 saylı hesab;
Bu hesablar maliyyə hesabatlarında aktivlərin düzgün təsnifatı, tanınması və qiymətləndirilməsi üçün vacibdir, çünki bunlar müəssisənin maliyyə vəziyyətinin etibarlı şəkildə əks etdirilməsi üçün əsas şərtlərdir.
193 saylı “Digər uzunmüddətli aktivlər” hesabının məzmunu və funksiyası
Bu hesab mahiyyətinə görə mühasibat uçotu subyektlərinin sahib olduğu, lakin əsas vəsait, qeyri-maddi aktivlər, investisiya xassəli daşınmaz əmlak və ya uzunmüddətli maliyyə investisiyaları kimi spesifik kateqoriyalara aid edilə bilməyən, lakin uzunmüddətli iqtisadi fayda potensialına malik olan aktivləri özündə birləşdirir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın , 20.11 bəndinə görə bu hesabda “191 və 192 №li hesablarda əks etdirilməyən, habelə mühasibat uçotu subyektinin fəaliyyəti ilə əlaqədar bir ildən artıq istifadəsi nəzərdə tutulan uzunmüddətli aktivlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur.”
193 saylı hesabın effektiv idarə edilməsi, mühasibat uçotu prinsiplərinə, o cümlədən tanınma və qiymətləndirmə metodlarına ciddi riayət etməklə mümkündür. Həm milli qanunvericiliyin, həm də beynəlxalq mühasibat standartlarının tələblərini nəzərə almaq, mühasiblərə dəqiq və şəffaf maliyyə hesabatları hazırlamaqda, auditorlara isə müəssisələrin maliyyə vəziyyətini obyektiv qiymətləndirməkdə kömək edir. Düzgün tətbiq olunan bu hesab, Mühasibat uçotu subyektlərinin maliyyə göstəricilərinin etibarlılığını artıraraq, qərar qəbul edənlər üçün dəyərli məlumat təmin edir.
Hüquqi çərçivə
Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və onun əsasında qəbul edilmiş müvafiq mühasibat uçotu standartları, normativ hüquqi aktlar və təlimatlarla həyata keçirilir. 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı məhz bu hüquqi çərçivədə müəyyən edilib.
Tənzimləmə zamanı istifadə edilə əsas sənəd “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-dır. Beynəlxalq uçot standartları əsasında hazırlanmış bu qaydalar ölkə daxilində mühasibat uçotunun vahid prinsiplər əsasında aparılmasın təmin edir. Məhz bu sənədə əsasən, müəssisələr maliyyə hesabatlarında aktivlərin uçotunu, tanınmasını və qiymətləndirilməsini müəyyən edilmiş qaydalara uyğun aparmalıdırlar. Auditorlar üçün bu, əsas sənədlərdən biridir, çünki audit zamanı mühasibat uçotu subyektlərinin uçot siyasətinin və təcrübələrinin milli qanunvericiliyə uyğunluğu yoxlanılır. 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabından istifadə, müəssisənin spesifik əməliyyatlarına uyğun olaraq, hesabatlılıq prinsiplərinin pozulmadan tətbiqini təmin etməlidir.
“Digər uzunmüddətli aktivlər” hesabı
Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 20-ci bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:
- digər uzunmüddətli aktivlər əldə edildikdə – qaydaların 20.11-ci bəndi;
- digər uzunmüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda – 20.14-cü bənd;
- mübadilə nəticəsində əldə edilmiş digər uzunmüddətli aktivlərin uçotu – 20.17-cu bənd;
- təsərrüfat üsulu ilə digər uzunmüddətli aktivlərin yaradılması zamanı – 20.19-cu bənd;
- maliyyə icarəsi ilə əldə edildikdə 20.20, əvəzsiz alındıqda – 20.22 bənd;
- tanınmanın dayandırılması zamanı 20.23, qısamüddətli aktivlər kimi təsnifləşdirildikdə 20.26-cı bənd;
- digər uzunmüddətli aktivlərinin əskik gəlməsi zamanı 20.28 və 20.29-cu, artıqgəlmələr istismarda olduğu yerdə 20.31 bəndlər;
- digər uzunmüddətli aktivlərin səhmlərin buraxılması ilə yolu ilə əldə edilməsi zamanı 20.32-ci bənd.
Mühasiblər və auditorlar milli qanunvericiliyin tələblərini BMUS-un tətbiqi ilə uzlaşdırarkən, hər iki çərçivənin tələblərini nəzərə almalı və ən uyğun uçot siyasətini müəyyən etməlidirlər. Bu, xüsusilə beynəlxalq hesabat standartlarına keçid zamanı və ya konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.
193 saylı hesab üzrə müxabirləşmələr
Mühasibat yazılışlarına aşağıdakı siyuasiyalar üzərindən baxaq.
Situasiya: Yeni proqram təminatının hazırlanması üçün çəkilmiş xərclərin kapitallaşdırılması
Bir proqram təminatı şirkəti, daxili istifadə üçün yeni və kompleks bir proqram təminatı hazırlayır. Bu proqram təminatı şirkətin əməliyyatlarında uzunmüddətli səmərəlilik artımı və xərclərə qənaət təmin edəcək. Şirkət müvafiq qanunvericilik aktlarına və daxili uçot siyasətinə uyğun olaraq inkişaf mərhələsindəki bəzi xərcləri kapitallaşdırır, çünki bu xərclərin gələcəkdə iqtisadi fayda təmin edəcəyinə dair etibarlı sübutlar mövcuddur, lakin bu aktiv birbaşa qeyri-maddi aktivlər kimi (məsələn, müəyyən edilə bilən və ya nəzarət edilə bilən olmadığına görə) təsnif edilmir və 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabında uçota alınır. Aktiv üçün faydalı istifadə müddəti 5 ildir.
Niyə bu xərclərin uçotu 103 yox, 193-də aparılır?
Situasiyada təqdim edildiyi kimi:
- proqram təminatı daxili istifadə üçün hazırlanır,
- gələcək dövrlərdə iqtisadi fayda gətirəcəyi gözlənilir,
- lakin MUBS və mühasibat uçotu subyektlərinnin daxili uçot siyasətinə əsasən bu aktiv “qeyri-maddi aktiv” kimi tanınmır.
Proqram təminatı qeyri-maddi aktiv kimi tanınma kriteriyalarını (mülkiyyət hüququ, tam nəzarət, müəyyən edilə bilənlik) tam qarşılamır. Lakin faydalı ömrü uzunmüddətlidir və iqtisadi səmərəlilik təmin edir. Bu səbəbdən çəkilən xərclər müvəqqəti olaraq 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabında uçota alınır və sonradan dövrlər üzrə amortizasiya (xərcə silinmə) yolu ilə tədricən silinir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (manat) |
| 1 | Tədqiqat mərhələsində (analiz, ilkin testlər və s.) çəkilən xərclər (kapitallaşdırılmayan) (Qaydalar, bənd 11.27) | 731: “Sair əməliyyat xərcləri” | 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” | 5000 |
| Proqram təminatının inkişafı ilə məşğul olan texniki xidmət işçilərin əməkhaqqı xərcləri (kapitallaşdırılan) (Qaydalar, bənd 20.19) | 193: “Digər uzunmüddətli aktivlər” | 533: ” Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” ( habelə 521, 522, 523-cü hesablar) | 10000 | |
| 2 | Proqram təminatının inkişafı mərhələsində digər kapiatallaşdrılan xərclər (materiallar, proqram lisenziyaları, xırda avadanlıqlar üçün çəkilən xərclər və sair) | 193: “Digər uzunmüddətli aktivlər” | 20-ci bölmənin uyğun hesabları | 30000 |
| 4 | Proqram təminatının faydalı istifadə müddəti ərzində kapitallaşdırılan xərclərin (40000 manat) amortizasiyasının aparılması (1-ci il) | 731: “Sair əməliyyat xərcləri” | 193: “Digər uzunmüddətli aktivlər” | 8000 |
| 5 | 2-ci il üçün silinmə | 731 | 193 | 8000 |
| 6 | 3-cu, 4-cü, 5-ci illər üçün silinmələr | 731 | 193 | 8000 |
