Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi

posted in: Xəbər | 0

Müəssisəyə 2019-cu ildə səyyar vergi yoxlaması zamanı məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib. Həmin dövrdən 5 il keçdiyi halda, qeyd olunan borc məbləği silinə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulmuş hallara münasibətdə tətbiq edilmir.

Belə ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 85.5-1-ci maddəsində edilmiş dəyişikliklə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin tətbiq olunmasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olunub.

Buna əsasən, səyyar vergi yoxlaması zamanı məcburi dövlət sosial sığorta haqqı ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyası üzrə borc məbləği səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən 5 il keçdiyi halda silinə bilər. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

Biznes hesabi

Əsas: Vergi Məcəlləsinin 85.4-cü və 85.5-1-ci maddələr

Mənbə: vergiler.az

İşçiyə xasiyyətnamə və arayışların verilməsi qaydası