Elektron qaimə-fakturada düzəliş edilməsi hansı qaydada mümkündür?

posted in: Xəbər | 0
birbank biznes

Naxçıvanda elektron qaimə-fakturalarMüəssisəmiz 20.05.2023-cü il tarixdə mal satıb və 05.06.2023-ci il tarixində elektron qaimə-fakturada göstərilən məlumatların ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmaması müəyyən edilib. 05.06.2023-ci il tarixdə elektron qaimə-fakturaya düzəliş edilirsə, bu halda e-qaimə hansı tarixdə olacaq və ƏDV bəyannaməsində hansı hesabat dövründə əksini tapmalıdır? Nəzərə alaq ki, müəssisəmiz ƏDV ödəyicisidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib.

Qaydaların 2.5.1-ci bəndinin müddəalarına əsasən, düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.

Qaydaların 2.8-ci bəndinə əsasən, elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

Qaydaların 3.6-cı bəndinə əsasən, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Eyni zamanda, düzəliş edilərək geri qaytarılan elektron qaimə-fakturada düzəliş edilən məlumatlar cari elektron qaimə-fakturanın təsdiq edildiyi hesabat dövrü üzrə təqdim edilən vergi bəyannamələrində əks olunaraq nəzərə alınmalıdır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email