Əlilliyi olan şəxslərin əmək hüququ necə tənzimlənir

posted in: Xəbər | 0

Qanunvericilik

Əmək insan həyatının müəyyənedici xüsusiyyətidir və bir çox ölkələrdə əmək qabiliyyəti cəmiyyətin rifahına fərdi töhfə vermənin əsas yollarından biridir. Məşğulluq əlilliyi olan insanların özləri və ailələri üçün layiqli həyat səviyyəsini təmin etmək qabiliyyətini müəyyən edən əsas şərtdir. Hər bir insanın, o cümlədən əlilliyi olan şəxslərin əmək hüququ və işləyərək özünü təsdiq etmək hüququ var. Hər bir şəxs, əlliyi olan vətəndaş əmək müqaviləsini bağladığı andan etibarən əmək hüququ münasibətlərinə daxil olmuş hesab olunur.

“Əmək hüququ – milli hüququn müstəqil bir sahəsi, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini nizama salan hüquq normalarının məcmusudur.”

Əliliyi olan şəxslərin hüquqları beynəlxalq konvensiyalarda təsbit olunub. Həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda müəyyən olunmuş bütün vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Dövlət bütün mövcud vasitələrdən istifadə etməklə, habelə zəruri hallarda yeni dəstək mexanizmləri yaratmaqla əlilliyi olan şəxslərin əmək hüquqlarının müdafiəsini təmin etməyə borcludur.

Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi AR Əmək Məcəlləsinin 16-cı maddəsində şərh olunub. Bundan başqa əlilliyi olan şəxslərin hüquqları respublikamızın aşağıdakı qanunvericilik aktlarında da təsbit olunub.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;

Mühasibat xidmətləri

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu;

Əsas anlayışlar

Əlilliyi olan şəxslərin əmək hüququnun tənzimlənməsi zamanı istifadə edilən əsas anlayışlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1-ci fəslinin 1-ci maddəsində şərh olunub.

Qanunun 1.0.1 maddəsinə görə “əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır”.

1.0.2-ci maddəyə görə isə “əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir”.

Əlilliyi olan şəxslər digər şəxslərlə bərabər səviyyədə iş yerini sərbəst seçərək əmək fəaliyyəti ilə məşğul olmaq və öz yaşayışını təmin etmək hüququna malikdirlər. Əmək münasibətlərində əlilliyi olan şəxslərin əlillik əlamətlərin görə ayrı-seçkiliyə məruz qalması, onların əmək hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Həmin şəxslərlə  əmək müqaviləsinin bağlanmasından imtina edilməsi və yaxud müqaviləyə xitam verilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi yol verilməzdir,  lakin bir şərtlə ki,  əlilliyi olan şəxsin səhhəti vəzifələrini yerinə yetirməyə mane olmasın və başqalarının əmək təhlükəsizliyi üçün heç bir təhlükə yaratmasın (Əmək Məcəlləsi, maddə 16).

“Əlillik əlamətinə görə ayrı-seçkilik” anlayışı qeyd edilən Konvensiyanın 2-ci maddəsində aydınlıq gətirilib. Həmin maddəyə görə:

“Əlillik əlamətinə görə ayrı-seçkilik – məqsədi və ya nəticəsi siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə bütün insan hüquqlarının və əsas azadlıqlarının digərləri ilə bərabər səviyyədə tanınmasının, realizə olunmasının və ya həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyətlər tətbiqetmədir. Ona bütün ayrı-seçkilik formaları, o cümlədən ağlabatan uyğunlaşmadan imtina aiddir”

Əlilliyi olan şəxslərin sağlam və təhlükəsiz əmək şəraiti ilə  təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir.

Əlilliyi olan şəxslərin əmək hüququ

Müəssisə və təşkilatlarda işəgötürənlərin təşəbbüsü ilə əlil işçilərə müəyyən üstünlüklərin də verilməsi mümkündür. Belə ki, qanunvericiliyə əsasən işəgötürənlər əlil olan işçinin səhhətindən asılı olaraq əmək normalarını azaltmaq və əməyini artırılmış qiymətlərlə ödəmək səlahiyyətinə malikdir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, reabilitasiya müəssisələrində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Əlilliyi olan insanlar da başqaları kimi bütün imkanlardan istifadə etməlidirlər və onlara əmək münasibətlərində güzəştlərin, imtiyazların, əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Həmin şəxslərin aşağıdakı hüquqları vardır:

  • vətənin azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət alan və əlil olan işçilər attestasiya edilmir (ƏM maddə 66);
  • işçi əlilliyə görə əmək pensiyasına çıxdığı zaman onun əmək müqaviləsinə ərizədə qeyd edilən gün xitam verilə bilər; (ƏM maddə 69)
  • orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlillik təyin edilən işçilərin qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır (ƏM maddə 91);
  • ola bilər ki, işçinin əlilliyi, yaxud da  onun və ya ailə üzvünün  səhhəti müvafiq tibbi rəyə əsasən əmək funksiyasını normal iş vaxtı müddətində yerinə yetirməyə imkan verməsin. Bu halda işəgötürən həmin işçiyə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməyə borcludur  ( ƏM maddə 94).   Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin  əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir;
  • əlilliyi olan işçi gecə vaxtı işləməyə yalnız onların razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyinə əsasən cəlb edilə bilər (ƏM maddə 98);
  • əlil olan işçilərə əlilliyin dərəcəsindən, səbəbindən asılı olmayaraq 42 təqvim günündən az olmayan müddətdə əmək məzuniyyəti verilməlidir (ƏM maddə 119);
  • orqanizm funksiyalarının pozulma faizi və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə bir təqvim ayınadək ödənişsiz məzuniyyət verilir (ƏM maddə 130);
  • əlil şəxslər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər (ƏM maddə 131);
  • əlilliyi olan işçilərin əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilməlidir (ƏM maddə 133).

Əlilliyi olan şəxslərin yuxarıdakı əmək hüququndan başqa vergi güzəştləri də mövcuddur. Belə ki, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlillik təyin edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və 18 yaşınadək əlilliyi müəyyən olunan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır (Vergi Məcəlləsi 102.3).

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?