Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək

posted in: Xəbər | 0
birbank biznes

Milli Məclisin 2 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Təklif edilən yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə:

– əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

– əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslər İlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

– işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Bundan əlavə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email