Əmək hüququ: predmeti, funksiya və prinsipləri

posted in: Xəbər | 0

Əmək hüququ və milli hüquq sistemi

Əmək hüququ muzdlu əmək bazarının fəaliyyəti, muzdlu əməyin təşkili və istifadəsi prosesində inkişaf edən ictimai münasibətləri tənzimləyən hüquq normalarıdır. Hüquq sahələrindən biri kimi əmək hüququnun yeri və məqsədi onun nizamladığı ictimai münasibətlərin dairəsi ilə müəyyən edilir. Əmək hüququnun əsas rolu insanların istehsalatda iş prosesində  davranış normalarını tənzimləməkdən ibarətdir. Bu hüquqi tənzimləmə işin təkmilləşdirilməsinə kömək etməli, işçilərin əməyini qoruyaraq onların iş və məişət şəraitinin yaxşılaşdırılmasına, habelə dövlət iqtisadiyyatının maraqları naminə sosial tərəfdaşlığın gücləndirilməsinə xidmət etməlidir.

Əmək hüququ – milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.

Əmək hüququ Azərbaycan Respublikasının hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işə keçirmə və işdən çıxarılma qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əmək nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir. Hər hansı digər hüquq sahəsi kimi əmək hüququnun da öz xüsusi tənzimləmə predmeti, öz məqsəd, vəzifə və prinsipləri vardır.

Əmək hüququnun predmeti

Əmək münasibətləri və onlarla bilavasitə sıх bağlı olan münasibətlər, yaхud başqa cür deyildiyi kimi, əmək münasibətlərindən törəmə münasibətlər əmək hüququnun predmetini təşkil edir. Bunlar işçilərin əməkdə bilavasitə iştirakı prosesində yaranan münasibətlərdir. Onların məzmunu və xarakteri əmək vasitələri və obyektlərinin mülkiyyət növü və formasından asılıdır. Əmək münasibətləri anlayışını müəyyən edərkən üç şərti yadda saxlamaq lazımdır:

  • onun iştirakçılarının hüquq və vəzifələrinin xarakteri;
  • hüquqi statusu;
  • onların yaranması üçün əsaslar – müqavilə.

Əmək münasibətlərinin məzmunu

Əmək münasibətlərinin məzmunu onun iştirakçılarının hüquq və vəzifələrinin məcmusudur və onun yaranması üçün əsas əmək hüququ normalarında nəzərdə tutulmuş müxtəlif hüquqi faktlardır. Ən çox yayılmış hüquqi faktlar əmək müqavilələridir. Hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan etibarən əmək hüquq münasibətlərinə daxil olmuş hesab olunur.

Mühasibat xidmətləri

Əmək münasibətinin təşkilati aspekti işçi ilə işəgötürən arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik münasibətinin mövcud olması ilə хarakterizə olunur. İşəgötürən işçilərin əmək fəaliyyətini öz istəyinə uyğun şəkildə təşkil edərək müəssisədaхili intizam qaydalarını təyin etmək hüququna malikdir, işçi isə işəgötürənin sərəncamlarına tabe olmağa və qüvvədə olan müəssisədaхili intizam qaydalarına əməl etməyə borcludur. Yəni işəgötürənin qərar və göstərişləri işçilər üçün məcburidir. Beləliklə, əmək hüququ hüququn müstəqil sahəsi kimi işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir. Tərəflərin həm əmək hüququ, həm də ondan irəli gələn münasibətlər sahəsində hüquq və vəzifələri dövlət hakimiyyət orqanı tərəfindən qəbul edilmiş  normativ aktlar və tərəflərin razılığı ilə müəyyən olunur.

Əmək hüququnun predmetinin digər aspektləri

Əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər də daxildir:

  • məşğulluq və işədüzəltmə üzrə münasibətlər;
  • təşkilati-idarəçilik münasibətləri;
  • istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə münasibətlər;
  • əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə bağlı münasibətlər;
  • əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;
  • əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s.

Əmək hüququnun vəzifələri cəmiyyətin sosial vəzifələrinin növlərindən biri olub, əməyin hüquqi tənzimlənməsi məqsədlərinə nail olmaq və onların həyata keçirilməsinə yönəlmişdir. Əməyin hüquqi tənzimlənməsinin hər bir prinsipinin arxasında AR Konstitusiyasında, Əmək Məcəlləsində və digər normativ aktlarda təsbit edilmiş bir sıra qaydalar dayanır.

Əmək hüququnun funksiyaları və prinsipləri

Əmək hüququnun məqsədləri, vəzifələri, rolu və funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədədir. Əmək hüququnun funksiyaları əmək qanunvericiliyinin məqsəd və vəzifələrinə nail olmaq üçün onun normalarının əmək prosesində insanların davranışına təsirinin əsas istiqamətləridir. Bu  funksiyalar qanunvericiliklə müəyyən olunmuş vəzifələrə uyğun və onlarla bilavasitə əlaqədar olmalıdır. Digər hüquq sahələrində olduğu kimi, əmək hüququna da həm tənzimləyici, həm də mühafizəedici funksiyalar хasdır. Çünki əmək hüquq normaları əmək münasibətlərini və bilavasitə onlarla sıх bağlı olan digər ictimai münasibətləri tənzimləməli, eləcə də bu münasibətlər sahəsində hüquq qaydalarının mühafizəsinə kömək göstərməlidir. Əmək hüququnun funksiyaları:

  • ümumi;
  • xüsusi olmaqla iki qrupa bölünür.

Ümumi funksiyalar – tənzimləyici və mühafizəedici funksiyalar;

Xüsusi funksiyalar – sosial, istehsal, təhsil, ideoloji və s. hesab olunur.

Əmək hüququnun əsas prinsipləri  dövlətin əmək münasibətləri sahəsindəki siyasətini əks etdirir və aşağıdakılardır:

  • əməyin azadlığı;
  • məcburi əməyin qadağan edilməsi;
  • hüquq və imkanların bərabərliyi;
  • əmək sahəsində ayrı-seçkiliyin qadağan edilməsi;
  • ədalətli əmək şərtlərinin təmin edilməsi;
  • sosial tərəfdaşlıq;
  • əmək hüquq və azadlıqlarının təminatlılığı və onların dövlət müdafiəsi.

Əmək hüquq sistemi

Hər bir hüquq sahəsi kimi əmək hüququ da öz normalar sisteminə malikdir. Əmək hüququ sistemi əmək münasibətlərini tənzimləyən hüquq normalarının məcmusunu və onların hüquqi institutlar tərəfindən elmi əsaslarla nizamlanmasını təmsil edir. Bildiyimiz kimi bütün müstəqil hüquq sahələri kimi əmək hüqüqu da iki hissədən ibarətdir:

  • ümumi;
  • xüsusi.

Ümumi hissəyə əsas anlayışlar, hüquqi tənzimləmə prinsipləri və vəzifələri, subyektlərin hüquqi statusu, işçilərin əsas hüquq və vəzifələrini müəyyən edən normalar daxildir.

Əmək hüququnun  xüsusi hissəsini ayrı-ayrı hüquq institutlarının hüquqi tənzimlənməsini  müəyyən edən normalar təşkil edir.

Müasir əmək hüququ sisteminə aşağıdakı institutlar daxildir:

  • məşğulluq;
  • əmək müqaviləsi;
  • əmək müqaviləsi tərəflərinin maddi məsuliyyəti;
  • əməkhaqqı, zəmanət, kompensasiya ödənişləri;
  • iş vaxtı, istirahət vaxtı;
  • əmək intizamı;
  • əməyin mühafizəsi.

Beləliklə də, “əmək hüquq sistemi”   – əmək hüquq normalarının qruplarda və institutlarda birləşməsi və onların tənzim etdiyi ictimai münasibətlərin xarakterindən asılı olaraq ardıcıllıqla yerləşdirilməsidir.

Əmək hüquq sahəsinin digər sahələrdən fərqi

Əməyin tətbiqi və təşkili üzrə yaranan bütün münasibətlər heç də əmək hüququnun predmetini təşkil etmir. Bu münasibətlərin bir qismi mülki, inzibati və sosial təminat hüququ sahələrinin normaları ilə tənzim edilir. Deməli, əmək hüququ ilk növbədə mülki, inzibati və sosial təminat hüququ ilə sıх əlaqədardır. Sadalanan hüquq sahələrinin hər biri  müəyyən oxşarlığa malik olduğu üçün onlar əmək hüququna yaxın sahə hesab olunur.

Əmək hüququnu mülki hüquqdan predmet və metoda görə fərqləndirmək lazımdır. Bu münasibətlərin hər iki növü tərəflər arasında müqavilə razılaşmaları əsasında yaranır. Ancaq bunlarda, xüsusən də müqavilənin mövzusunda əhəmiyyətli fərqlər var:

  • əmək müqaviləsinin predmeti əmək funksiyasına uyğun olaraq işçinin əmək prosesinin özü və daxili əmək qaydalarına tabe olmasıdır;
  • mülki münasibətlərin predmeti əməyin maddi nəticəsidir.

Əmək hüququ və mülki hüquq arasında fərqlər

Əmək hüququ əmək münasibətlərini və onunla sıх bağlı olan digər münasibətləri tənzim etdiyi halda, mülki hüquq isə əmlak və şəхsi qeyri əmlak münasibətlərini tənzimləyir. Əmək prosesini tənzimləyən əmək hüququ işçi üçün müəyyən hüquqi rejim və hüquqi təminatlar təsbit etdiyi halda, mülki hüquq əmək prosesini tənzimləmir və belə təminatları təsbit etmir. Əmək münasibətləri üzrə işçi işəgötürənin əmək kollektivinə daхil olur, müəssisədaхili intizam qaydalarına tabe olmaqla əmək funksiyasını yerinə yetirir. Əməklə bağlı olan mülki-hüquqi müqavilələrdə bu atributlar yoхdur. Əmək hüququnda  tərəflər yalnız əmək müqaviləsi bağlandığı zaman  bərabər hüquqlu olduğu halda, mülki hüquqda subyektlər nəinki müqavilə bağlandıqda, habelə müqavilənin qüvvədə olduğu bütün vaxt ərzində müstəqildir və asılı deyildir.

Əmək hüququ və inzibati hüquq

Dövlət və digər işçilərin fəaliyyət sferasında əmək hüququna yaxın sahə inzibati hüquqdur. Əmək hüququ əməyin idarə olunmasına (müəssisə daxilində) dair, inzibati hüquq isə müəssisədən kənarda əməyin idarə olunmasına aid münasibətləri, daha doğrusu, müəssisələrlə yuxarı idarəetmə orqanları arasındakı münasibətləri tənzim edir. Əmək hüququnun və inzibati hüququn oхşarlığı bundan ibarətdir ki, hər iki sahə idarəetmə münasibətlərini tənzimləyir. Lakin inzibati hüquq dövlət idarəetməsini tənzimlədiyi halda, əmək hüququ əmək prosesində idarəetməni, işçinin işəgötürənin hakimiyyətinə tabe olmasını tənzimləyir.

Əmək hüququ və inzibati hüquq və sosial təminat

Əmək hüququ ilə əlaqəli bir sahə sosial təminat hüququdur, əgər əmək hüquq münasibətlərinin predmetini ictimai əmək münasibətləri təşkil edirsə, sosial təminat hüququnun predmetini isə əmək qabiliyəti olmayanların təminatı üzrə münasibətlər təşkil edir. Onlar hüquqi tənzimləmə üsullarına görə də fərqlənirlər.  Sosial təminat növləri, pensiya və müavinətlərin məbləğləri dövlət tərəfindən müəyyən edilir və tərəflərin razılığı ilə dəyişdirilə və ya dəqiqləşdirilə bilməz, çünki sosial təminat yalnız qanunvericilik əsasında həyata keçirilir və qanuna uyğun olaraq dəyişdirilir. Eyni zamanda, hüququn bu iki sahəsi arasındakı əlaqəni də görməmək olmaz. Belə ki, əmək qabiliyyəti olmayanların əksəriyyətinin maddi təminatı əməkdə iştirakla şərtlənir və ondan asılıdır. Habelə işçiyə verilən təminatın məbləği əksər hallarda keçmiş fəaliyyətinə görə aldığı əməkhaqqının məbləğindən və iş stajından asılıdır.

244 saylı “Təhtəlhesab məbləğlər” hesabı üzrə uçot