Əmək müqaviləsi nədir, onu kim bağlayır?
İşəgötürənlə işçi arasında münasibətləri rəsmiləşdirmək üçün müəssisə, yaxud təşkilatlarda, onların kadr uçotu mütəxəssisləri tərəfindən əmək müqaviləsi tərtib edilir. Nümunəvi əmək müqaviləsinin forması Əmək Məcəlləsində verilib. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əmək haqqı ödəyir. Bunun müqabilində işçi:
- səmərəli işləməyi,
- iş qrafiki qaydalarına əməl etməyi,
- vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.
İşçi və işəgötürənin fərdi qaydada, nümunəvi əmək müqaviləsi formasına uyğun razılaşma, onların hüquqlarını və vəzifə öhdəliklərini şərh edir.
Əmək müqaviləsi haqqında daha ətraflı buradan məlumat almaq olar.
Əmək müqaviləsinin forması
Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsinin forması əsasında sərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Razılaşma yazılı formada, nümunəvi əmək müqaviləsi forması əsasında tərtib edilir. Sonda isə müqavilə ən azı 2 nüsxədə çıxarılıb hər iki şəxsə – işçi, habelə işəgötürənə verilir. İşəgötürəndə saxlanılan əmək müqaviləsinin surəti işçinin imzası ilə təsdiqlənməlidir. Bəzi hallarda əmək müqavilələrinin daha çox nüsxəsini tərtib etmək lazım gələ bilər. Əmək Məcəlləsi–nin 44-cü maddəsində də “2 nüsxədən az olmayaraq tərtib edilə bilər” yazılıb. Bu o deməkdir ki, ən azı 2 nüsxəsi olmalıdır, yəni çox olsa qanuna zidd deyil. Məsələn, elə müəssisə ola bilər ki, 3 nüsxədə çıxardıla bilər. Həmin nüsxələr:
- işçiyə;
- insan resursları;
- mühasibatlıq şöbəsinə verilə bilər.
Bəzən insanlar elə düşünür ki, əgər əmək müqaviləsinin elektron forması varsa, elektron olaraq qeydiyyatdan keçirilibsə, yazılı olaraq bağlamağa ehtiyac qalmır. Ancaq bu qanuna ziddir. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Buna görə də yazılı formada hazırlanması zəruridir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Əgər işçı işəgötürən tərəfindən müqaviləsiz işə qəbul olunmuşsa, müqavilə onun işdə olduğu gündən bağlanmış sayılır, ən gec 3 gün ərzində sənəd hazırlanmalıdır.
Nümunəvi əmək müqaviləsi forması Əmək Məcəlləsinə əlavə olunub.
Əmək müqaviləsinin tərkibi
Nümunəvi əmək müqaviləsinin forması 11 paraqrafdan ibarətdir. Həmin bölmələrdə qeyd olunan məlumatlar aşağıdakılardır:
- Müqaviləni (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar
İşçinin məlumatları onun şəxsiyyət vəsiqəsi əsasında doldurulur. İşəgötürənin adı, ünvanı, eyni zamanda işçinin vəzifəsi, habelə işlədiyi struktur bölmə haqqında məlumatlar müqavilədə qeyd olunmalıdır.
- Müqavilənin müddəti
Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətsiz yaxud müddətli olmaqla 5 ilədək tərtib edilir. İkinci halda müddət 5 ildən artlq ola bilməz, əks halda belə müqavilə müddətsiz kimi qəbul olunur.
- İşçinin əmək funksiyası
Bölmə müqavilənin ən mühüm hissəsi sayılır. Əmək funksiyası dedikdə müqavilə üzrə işçinin yerinə yetirilməli olduğu işlər başa düşülür. Bu funksiyaları dəyişmək yaxud onlara əlavələr etmək üçün tərəflərin razılığı vacibdir.
- Əmək şəraitinin şərtləri
Müqavilədə əmək haqqı, ona əlavələr, iş və istirahət müddəti, əməyin mühafizəsi, məzuniyyət kimi şərtlər qeyd olunmalıdır.
- Vurulmuş ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
Tərəflərdən biri digərinə əmlaka, maddi, istehsal, digər ziyan vurmuş olarsa, qanunvericilikdə müəyyən olunmuş qaydalara əsasən məsuliyyətə cəlb olunmalıdır.
- Sosial müdafiə məsələləri
İşçi müxtəlif güzəştlər, sosial yardım və təminatlar,sosial sığorta hüququ ilə təmin edilməlidir.
- Mülkiyyət münasibətlərinin tənzimlənməsi
İş prosesi zamanı işəgötürənin mülkiyyətindəki əmək vasitələrindən, eyni zamanda işçinin şəxsi vəsaitlərindən istifadə olunur. Həmin əmlakın qorunması barədə razılaşmalar müqavilənin bu bölməsində əks olunur.
- Dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar
Müqavilədə hər hansı dəyişiklik etmək üçün hər iki tərəfin razılığı vacibdir. Birtərəfli qaydada edilmiş dəyişikliklər hüquqı cəhətdən əsassızdır.
- Müqaviləyə xitam verilməsi
Sənədin ləğvi əmək münasibətlərinin bitməsini bildirir. Müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinə əsasən tərəflərdən birinin istəyinə uyğun həyata keçirilir. Belə olduqda işçi yaxud işəgötürənin qabaqcadan xəbərdarlıq edilməsi zəruridir.
- Yekun qaydalar
Müqavilə tərəflərin hüquqları pozulmadan, onların arasında mümkün əmək mübahisələrinin qarşılıqlı razılıq yolu ilə həllinin təminatıdır. Müqavilədə qeyd olunan öhdəlikləri üçüncü şəxslərə həvalə etmək olmaz.
- Tərəflərin imzaları və ünvanları
Nümunəvi əmək müqaviləsi forması əsasında tərtib edilən razılaşma tərəflərin imzası(möhürü) ilə təsdiqlənməlidir.