İşəgötürənlə əmək münasibətlərində olan işçinin müəyyən səbəblərdən (məsələn, xəstəlik) əmək funksiyasını yerinə yetirə bilməməsi təbii haldır, hər bir işçi ilə baş verə bilər. Bu zaman həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənir. Bəs bunu kim və necə edir? Suala cavabı bu səhifədə tapa bilərsiniz.
Sosial sığorta hadisəsi nədir?
Sosial sığorta hadisəsi mahiyyətcə elə bir riskdir ki, onun başlanması ilə işdən əldə edilən gəlir şəklində əsas dolanışıq mənbəyinin itirilməsi, habelə əlil ailə üzvlərinin saxlanmasına əlavə xərclərin yaranması ehtimalı yaranır. Nəticədə həyat səviyyəsi aşağı düşür, maddi təminat zəifləyir. Bunun qarşını almaq üçün itirilmiş qazancı kompensasiya etmək zərurəti yaranır. “İtirilmiş qazanc” anlayışı aşağıdakıları əhatə edir:
- əməkhaqları;
- gəlirlər;
- xəstəlik zamanı əlavə xərclər və sair.
Əksər hallarda sosial sığorta hadisəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunur.
Əməkhaqqı, gəlir və əlavə xərclərin itirilməsinin qarşısının alınması yaxud kompensasiya edilməsi müavinətlər formasında sosial sığorta tərəfindən təmin edilir.
Məcburi dövlət sığortası və könüllü sığorta kimi iki formadan ibarət olan sosial sığorta Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” qanunu ilə tənzimlənir.
Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlər, habelə qanunla nəzərdə tutulmuş müəyyən hallarda bəzi şəxslər məcburi dövlət sosial sığortasına cəlb edilir. Onlar sığortaolunanlar sayılır.
Sığortaolunanların xeyrinə məcburi dövlət sosial sığorta haqlarını sığortaedənlər – özünü yaxud başqasını sosial sığortaedən şəxslər ödəyir. Bunlar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, fərdi sahibkarlar və fiziki şəxslərdir.
Sığorta hadisəsi baş verdikdə yığılmış məcburi dövlət sosial sığorta haqları hesabına itirilmiş qazancın qarşılanması üçün sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər – sosial sığorta ödənişi ödənir.
Sosial sığorta hadisəsinin tərkibi
Sığortaolunanlara sosial sığorta ödənişlərinin həyata keçirilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər.
- pensiya yaşına çatma;
- sanatoriya-kurort müalicəsi zərurəti;
- hamiləlik və doğum;
- uşağın anadan olması;
- uşağa qulluq və sair.
Sosial sığorta hadisələrinin tam tərkibi yuxarıda qeyd edilən qanunun 4-cü maddəsində əks olunub. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı da bu sıradandır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
Bu sosial sığorta hadisəsi hesab olunur və işçiyə müəyyən edilmiş qaydada və məbləğdə müavinət ödənilir. Müavinət və onun verilməsi qaydaları AR Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə əsasında verilir. Mahiyyətcə o, xəstəlik və ya başqa səbəblərə görə itirilmiş qazanca görə işçiyə ödənilən kompensasiyadır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edildiyi hallara bunları nümunə göstərmək olar:
- istehsalatda bədbəxt hadisələr zamanı;
- hamiləliyə və doğuşa görə;
- xəstə ailə üzvlərinə qulluq məqsədilə;
- vərəm, peşə xəstəlikləri zamanı;
- AR NK-nin müəyyən etdiyi siyahıda adı keçən postvaksinal fəsadlar səbəbindən əmək qabiliyyətinin itirilməsi zamanı.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət xəstəlik vərəqi əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günlərinə görə təyin olunur. Xəstəlik vərəqəsi elektron sənəd formasında AR NK-nın 8 yanvar 1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş təlimata uyğun hazırlanır və AR Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür.
Müavinət hansı şərtlər daxilində verilir?
Müavinətin verilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi məcburi dövlət sığortası hesablanan əmək fəaliyyəti dövrünə təsadüf etməlidir.
6 aylıq sosial sığorta stajına malik işçilərə şamil edilən müavinətin aylıq məbləği aşağıdakı hədlərin heç birindən yuxarı olamamalıdır:
- əmək pensiyasının minimum həddinin 25 mislindən;
- sığortaolunanın əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd yxud işəmuzd əməkhaqqı) iki qatından.
Bu şərtlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına aid deyil.
Xəstəlik vərəqəsindən (əmək qabiliyyətini itirmək vərəqəsi) başqa sənəd müavinət verilməsi üçün əsas sayıla bilməz.
Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı fərdi əmək mübahisələri zamanı müavinətin verilməsi yuxarıda qeyd edilən Qaydaların 9-cu maddəsi ilə tənzimlənir. Müavinətin verilməsi şərtləri mübahisənin nəticəsindən asılı olaraq dəyişir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi şərtləri haqqında buraya keçid edərək daha ətraflı məlumat ala bilərsiniz.
Bəzi hallarda işçilər bu müavinəti almaya da bilər. Həmin hallar haqqında buradan daha ətraflı oxuya bilərsiniz.
Müavinətin məbləği
Sosial sığorta hadisəsi sayılan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.
Əgər ardıcıl gələn 4 rübdə əmək fəaliyyəti olmamışdırsa, bir təqvim gününə düşən orta gündəlik qazanc minimum aylıq əməkhaqqı məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı təqvim günlərinin sayına bölünməsi ilə tapılır.
Qeyd ediləmn yuxarı hədlər nəzərə alınmaqla hesablanmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanlara 100 faiz miqdarında ödənilir. (Qaydaların 2.16-cı bəndi).
Bizim saytın bu səhifəsinə keçid etməklə hesablama nümunələri ilə tanış ola bilərsiniz.
