Bu məqalədə emissiya haqqında ümumi anlayış verilir, qiymətli kağızların emissiyası, səhmlərdən emissiya gəliri və onun mühasibat uçotu qaydaları şərh edilir.
Emissiya və onun növləri
“Emissiya” sözü latın mənşəlidir (emissio “buraxmaq” kimi tərcümə olunur). İqtisadi terminologiyada emissiya – bir qayda olaraq müxtəlif pul vəsaitlərinin dövriyyəyə buraxılması kimi başa düşülür, məsələn:
- qiymətli kağızlar emissiyası;
- pul emissiyası;
- kredit emissiyası;
- bank kartı emissiyası.
Bunu dövlət, kommersiya bankları, hüquqi şəxslər, dövlət orqanları və yerli özünüidarəetmə orqanları həyata keçirə bilər. Onlar emitent adlanır.
Qiymətli kağızların emissiyası. Hüquqi şəxslər tərəfindən səhmlərin, istiqrazların və digər qiymətli kağızların buraxılması investorlardan vəsait cəlb etmək məqsədi ilə həyata keçirilir və müvafiq qanunvericilik aktı ilə tənzimlənir. Səhmlərin buraxılışı zamanı emissiya gəliri səhmlərin emitent tərəfindən müəyyən edilmiş qiymətli kağızın nominal dəyəri ilə investorların qiymətli kağızı alacağı faktiki qiymət arasındakı fərqdir.
Pul emissiyasını ancaq dövlət, daha dəqiq desək, ölkənin Mərkəzi Bankı həyata keçirir. Nağd və nağdsız pulların emissiyası və dövriyyəsinin təşkili Mərkəzi Bankın əsas funksiyalarından biridir.
Kredit emissiyası ölkənin pul kütləsini bankın ondan kredit götürmüş müştərilər üçün yeni hesabları yaratmaqla artırmasıdır.
Bank kartı emissiyası banklar tərəfindən həyata keçirilir. Kartlar həm ölkə daxilində, həm də beynəlxalq ödəniş sistemlərində istifadə üçün buraxıla bilər. Bank kartlarının emissiyası pul kütləsini artırmır, çünki onlar ödəniş vasitəsi kimi xidmət edir və sahibləri üçün bank hesablarında yerləşdirilmiş vəsaitlərə çıxış imkanı verir.
Qiymətli kağızların emissiyası
Pul vəsaitlərinin ekvivalenti olan qiymətli kağızlar üzrə emissiya səhmlərin yaxud istiqrazların buraxılışıdır. Bunu dövlət və kommersiya müəssisələri edə bilər. Şirkətlərdə emissiya qərarı adətən direktorlar şurası tərəfindən verilir.
| Sadə dillə desək, səhm, sahibinə şirkətin qazancından bir pay tələb etməyə imkan verən qiymətli kağızdır. İnsanın nə qədər çox payı varsa, bir o qədər çox pul ala bilər. |
Biznes sahibləri nizamnamə kapitalını formalaşdırmaq məqsədilə səhm, borc vəsaiti əldə etmək üçün istiqrazlar buraxır. Səhmlərin emissiyası üçün şirkət səhmdar cəmiyyəti (SC) kimi qeydiyyatdan keçməlidir. MMC və SC-lər qanunvericiliyin tələblərinə əməl etməklə istiqraz buraxılışını həyata keçirə bilər.
| İstiqrazlar borc qiymətli kağızlarıdır. Onlar investorlardan borc götürmək istəyənlər tərəfindən buraxılır. İstiqraz sahibi kreditor olur və qoyulmuş məbləğdən əlavə müəyyən faiz – kupon gəliri alır. İstiqrazların buraxılışı emissiya adlanır. |
Şirkətlər dövlət icazəsi olmadan qiymətli kağızların buraxılması barədə qərar qəbul etmək hüququ yoxdur. Qanun qiymətli kağızlar prospektinin dövlət qeydiyyatını ehtiva edən standart emissiya prosedurunu müəyyən edir.
Emissiya gəliri
Biz emissiya gəliri dedikdə müəssisəyə məxsus səhmlərin nominal dəyərindən artıq satılan hissəsini nəzərdə tuturuq. Səhmlərin dəyərinə nominal, bazar, satış dəyərləri aid edilir. Nominal dəyər dedikdə onun müəssisə tərəfindən müəyyən edilmiş, qanuni təsdiqlənmiş, dövlət tərəfindən tanınan dəyəri nəzərdə tutulur. Bununla belə səhm öz nominal dəyərindən aşağı, yaxud yuxarı qiymətə satıla bilər. Buna başlıca səbəb, şirkətin nüfuzu, perspektivliyidir.
Emissiya gəlirini səhm sahibinin öz səhmini baha qiymətə satmasıyla səhv salmaq olmaz. Səhmdar nominal dəyəri 6000 manat olan səhmini 8500 manata satıbsa bu onun qazancıdır, vergi qanunvericiliyinə əsasən vergiyə də cəlb edilir, lakin belə müsbət fərq müəssisənin aktivlərinə heç cür təsir etmir, o səbəbdən maliyyə hesabatlarında əks etdirilmir.
Səhmlər həm fond birjasında, həm də birjadan kənar alınıb satıla bilər. Fond birjasına düşməyin qanunla müəyyən edilən xüsusi şərtləri vardır.
Emissiya gəliri, kapitalda artımdır. Səhmdar cəmiyyətləri yeni səhmlər emissiya etməklə öz kapitallarını artırmaq hüququna malikdirlər. Emissiya gəlirini hesablamaq üçün səhmlərin satış dəyərindən nominal dəyərini çıxmaq kifayətdir.
| Nümunə 1: “İnkişaf” ASC-nin səhmdarı Elçin Allahverdiyev dəyəri 100 manat olan 5 ədəd səhmlərini həmin cəmiyyətin başqa səhmdarına biri 130 manatdan olmaqla satır. 650 – 500 = 150 manat məbləğ Elçin Allahverdiyevin qazancıdır. |
Yuxarıdakı nümunədə qiymətli kağızların satışından əldə edilmiş məbləğ emissiya gəliri deyil, sahibkarın qazancıdır. Digər nümunəyə baxaq.
| Nümunə 2: “İnkişaf” ASC-nin nizamnamə kapitalı 30 səhmdən ibarət olmaqla 6000 manat təşkil edir. Cəmiyyət kapitalını artırmaq üçün 20 ədəd yeni səhmlər buraxır, hər birinin nominal dəyərini daha əvvəl olduğu kimi 200 manat müəyyən edir. Cəmiyyət artıq 3 ildir fəaliyyət göstərir, bazarda kifayət qədər tanınır, brend təşkilat kimi qəbul edilir. Cəmiyyət səhmlərini elə öz səhmdarlarına, lakin 310 manata sata bilir. Nəticədə : DT 302 KT 301 4000 man. DT 223 KT 302 4000 man. DT 223 KT 311 2200 man. |
Emissiya gəlirləri dividend kimi verilə bilərmi?
Sual yarana bilər : səhmdarlar yeni səhmlərə sahib olduqdan sonra emissiya gəlirini də dividend kimi götürəcəklər, burada mahiyyət nə oldu ?
Məsələ ondadır ki, emissiya gəlirləri istisna olaraq dividend kimi verilə bilinməz. Emissiya gəlirləri ehtiyatından yalnız müəyyən hallarda istifadə edə bilər (bonus emissiyası və müəyyən emissiya (endirim/komisyon) məsrəflərini qarşılamaq üçün).
Bununla belə bəzi qanunvericiliklər imtiyazlı səhmlərin geri alınması zamanı emissiya gəliri hesabından istifadə etməyə icazə verir.
Ümumən səhmlər emissiya ediləndə ilk növbədə mövcud səhmdarlara təklif edilir, yalnız onların istəmədikləri hissə kənar investorlara təklif olunur.
Bonus emissiyası
Yuxarıda bonus emissiyası ifadəsini işlətdik. Bonus emissiyası yeni səhmlər buraxıb onu mövcud səhmdarlara heç bir pul qarşılığı gözləmədən verməkdir. Yeni səhmlər buraxılır, lakin nominal dəyər digər kapital hesabından müxabirləşmə verilərək əldə olunur. Nizamnamə kapitalı artır, bununla belə pul mədaxili baş vermir.
Bonus emissiyasının üstünlükləri :
- Bonus emissiyası səhmdarları mükafatlandırmaq üçün yaxşı üsuldur, çünki bu zaman onların satmaq üçün əllərində daha çox səhmləri olur.
- Dövrü olaraq elan edilən bonus emissiyası müəssisənin səhmdarlarını mükafarlandırmaq məqsədilə qazanılmış mənfəətdən kapital ehtiyatları ayırmış olmasında işarə edir.
- Bu səhmdarların və eyni zamanda bazarın likvidlik qabiliyyətini artırır. Səhmlərin sayı artdığından səhmdarlar onların bir hissəsini sata yaxud saxlaya bilərlər.
Qiymətli kağızlar üzrə bonus emissiyasının çatışmazlıqları:
- Mənfəətdə heç bir artım olmadan səhmlərin sayının artması səhm üzrə mənfəət göstəricisini azaldır.
Sonda qeyd edək ki, emissiya gəliri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Buraya keçid etməklə bu haqda daha çox məlumat almaq olar.
