Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişikliyə qədər Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, “əmtəəsiz əməliyyat” dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək üçün və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülürdü. Yeni dəyişiklik nəticəsində uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar da əmtəəsiz əməliyyatlar hesab olunacaq.

Mülki Məcəllənin 340-cı – “Uydurma və yalan əqdlərin etibarsızlığı” adlı maddəsində uydurma və yalan əqdlərin açıqlaması verilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Eləcə də maddədə qeyd edilir ki, uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəyə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Uydurma əqd kimi yalan əqd də əhəmiyyətsizdir. Həmin maddədə, həmçinin, qeyd edilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

İndi malların təqdim edilməsi ilə uydurma və yalan əqdə aid misalları təqdim edək:

Mühasibat xidmətləri

Misal 1

Vergi ödəyicisi 300.000 manat məbləğində malı qarşı tərəfə təqdim etsə də, faktiki olaraq malların təqdim olunması həyata keçirilmir. Uydurma əqddə məqsəd vergi ödəyicisinin aktivlərinin süni şəkildə azaldılmasını təmin etməkdir. Halbuki, faktiki olaraq, həmin mallar vergi ödəyicisinin sahibliyində qalır.

Misal 2

Vergi ödəyicisi 300.000 manatlıq malı qarşı tərəfə təqdim etsə də, reallıqda alğı-satqı müqaviləsi əvəzinə saxlanılma və ya icarə müqaviləsi bağlayır. Məqsəd ondan ibarətdir ki, vergi ödəyicisi qarşı tərəflə yalan əqd bağlamaqla həmin malların satışı üzrə vergi öhdəliyinin yaranmasının qarşısını alsın.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına və Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri riskli vergi ödəyicisi hesab olunurlar.

Mənbə: vergiler.az

Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı necə müəyyən olunur