Əvvəlki illərdə icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər gəlirdən necə çıxılır?

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də təmir xərcləri ilə bağlı olan məsələlərdir. Yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir. 

Əvvəlcə 01.01.2024-cü il tarixədək Məcəllənin tələbi ilə tanış olaq:

Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi: “İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş dərəcə ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır”.

Buna sadə bir misal gətirək:

Misal 1: “AA” MMC əməliyyat icarəsi ilə ofis icarəyə götürüb və 2022-ci ilin dekabrında ofisin təmirinə 10.000 manat xərcləyib. Bu halda 2023-cü ildə cəmiyyət 10.000 manatı kapitallaşdırılmış təmir xərcləri kimi uçota alacaq və illik 7% amortizasiya hesablayacaq. Nəticə etibarilə 2023-cü ildə kapitallaşdırılmış təmir xərclərinin amortizasiyası kimi 700 manat silinəcək:

10000 x 7% = 700 manat.

Bu hesabla 01.01.2024-cü ilə qalıq dəyəri 9.300 manat olacaq:

10000 – 700 = 9300 manat.

Dəyişiklik olmasaydı, hər il qalıq dəyərindən 7% amortizasiya edilərək silinəcəkdi.

İndi isə 115.6-1-ci maddə üzrə 01.01.2024-cü il tarixdən hansı dəyişikliyin edildiyinə nəzər yetirək:

Vergi Məcəlləsinin qüvvədə olan 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

Dəyişikliyi sadə misallar üzərində nəzərdən keçirək:

Misal 2: “AA” MMC əməliyyat icarəsi ilə 2023-cü ilin noyabr ayında 10 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 5.000 manat xərcləyib. Odur ki, 2024-cü ildə MMC 5.000 manatlıq kapitallaşdırlmış təmir xərcləri kimi uçota alacaq. Şirkət hər il 500 manat təmir xərcləri kimi amortizasiya edəcək və xərcə salacaq:

5.000 :10 il = 500 manat.

Misal 3: “AA” MMC əməliyyat icarəsi ilə 2023-cü ilin noyabr ayında 3 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 5.000 manat xərcləyib. Bu halda, 2024-cü ildə şirkət 5.000 manatlıq kapitallaşdırlmış təmir xərcləri kimi uçota alacaq. MMC hər il 1.000 manat təmir xərcləri kimi amortizasiya edəcək və xərcə salacaq:

5000 : 5 il = 1000 manat.

Bəs belə olan halda, 3 ildən sonra qalan (5.000- 1.000 x 3) = 2.000 manatın aqibəti necə olacaq?

Göründüyü kimi, yeni dəyişikliyə görə, təmir xərcləri ən azı 5 il ərzində nəzərə alınmaqla amortizasiya olunmalıdır. Misalımızda müqavilənin müddəti 3 il olduğundan yerdə qalan 2 ilin təmir xəcləri olan 2.000 manat xalis mənfəət hesabına silinəcək.

Misal 4: Misal 1-in davamı kimi, nəzərə alaq ki, “AA” MMC əməliyyat icarəsi ilə 2022-ci ilin noyabr ayında 5 il müddətinə ofis icarəyə götürüb və həmin ilin dekabrında ofisin təmirinə 10.000 manat xərcləyib. Odur ki, 2023-cü ildə şirkət 10.000 manatlıq kapitallaşdırılmış təmir xərcləri kimi uçota alacaq, illik 7% amortizasiya hesablayacaq. Nəticə etibarilə 2023-cü ildə kapitallaşdırılmış təmir xərclərinin amortizasiyası kimi 10.000,00 * 7% = 700,00 manat silinəcək:

10000 x 7% = 700 manat.

01.01.2024-cü ilə qalıq dəyəri 9.300 manat olacaq:

10000 – 700 = 9300 manat.

Bəs bu ildən əvvəlki qayda üzrə kapitallaşdırılmış təmir xərclərinin aqibəti necə olacaq?

Şirkətin icarə müqaviləsi 6 il olduğundan artıq 01.01.2024-cü ilə müqavilənin yerdə qalan müddəti 5 il olacaq. Belə olan halda, kapitallaşdırılmış təmir xərcləri kimi qalmış 9.300 manat 5 il müddətinə amortizasiya ediləcək:

9300 : 5 il = 1860 manat.

Beləliklə, hər ilə 1.860 manat amortizasiya ediləcək və xərcə salınacaq.

Mənbə: vergiler.az

İşçi hərbi xidmətə gedən zaman ödənişlər

Print Friendly, PDF & Email