Ezamiyyə günlərində əmək haqqı hesablanması
Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Həmin maddə yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyə üçün göndərilən şəxslərə də şamil edilir.
Sərbəst auditor Altay Cəfərov bildirib ki, işçilərin ezamiyyətdə olduğu zaman əmək haqqının hesablanılması və ödənilməsi aktual məsələlərdəndir. Ezamiyyə qaydaları haqqında Maliyyə Nazirliyinin qərarında qeyd edilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Bundan əlavə, Əmək Məcəlləsində də işçilərin ezamiyyətə göndərilməsi zamanı əməkhaqqının ödənilməsi ilə bağlı müddəalar yer alıb. Həm Əmək Məcəlləsində, həm də qaydalarda bir şeyə diqqət yetirilməlidir ki, ezamiyyətdə olan işçiyə orta əməkhaqqı ödənilməlidir.
Orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyənləşdirilib:
“Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
“Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.”
Nümunə: Tutaq ki, “AA” MMC-nin işçisi 1-10 avqust tarixlərində ezamiyyətdə olub. Bu zaman işçinin ezamiyyətdə olduğu zaman orta əməkhaqqı necə hesablanmalıdır?
Orta əmək haqqının hesablanması
Qeyd edilən maddəyə görə, əvvəlki iki ayın əmək haqqı cəmlənib, iki ayda olan iş günlərinin sayına bölünür və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla işçiyə veriləcək məbləğ müəyyən edilir.
İşçi 2 aydan az işlədikdə bir günlük əmək haqqı işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə müəyyən edili.
Bu qaydalara uyğun hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olarsa sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.
Yuxarıda qeyd edilən nümunəyə qayıdaq. Tutaq ki, işçi iyun ayında 400 manat və iyul ayında 400 manat əməkhaqqı alıb və “AA” MMC 5 günlük iş rejimi ilə işləyir. İyunda iş günlərinin sayı 16 və iyul ayında iş günlərinin sayı isə 23-dür. Bu halda, bir günə düşən orta əmək haqqı 20,51 manat təşkil edir.
( 400+400)/(16+23) = 800/39 = 20,51 manat
Sonrakı addım kimi, 1-10 avqust tarixlərində neçə iş günü olduğunu aydınlaşdırmaq lazımdır. Tutaq ki, iş günlərinin sayı 7-dir. Onda işçinin ezamiyyətdə olduğu dövrdə orta əmək haqqı belə hesablanır:
20,51 * 7 = 143,57 manat.
“AA” MMC 11-31 avqust tarixləri üçün işçiyə əməkhaqqı hesablamalı, tutulmaları isə yaranan məbləğə 143,57 manat əlavə etməklə həyata keçirməlidir.
Belə hesablamalar çox praktiki olmur. Adətən, müəssisələr işçilər ezamiyyətdə olan müddətdə onların orta əməkhaqqını yox, aylıq əməkhaqqını saxlayırlar. Bu zaman hesablamalarda böyük fərqlər olmur, hətta bəzi hallarda eyni məbləğlər əmələ gəlir.