Fiziki şəxslərin vergi uçotundan çıxarılması və ya VÖEN-in ləğv edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıƏksər vergi ödəyiciləri vergi uçotundan çıxması üçün təkcə ərizənin verilməsini kifayət hesab edir və qalan öhdəlikləri ilə maraqlanmırlar və yaxud bu barədə məlumatlı deyillər. Vergi mütəxəssisi Dilqəm Göyüşov fiziki şəxsin vergi uçotundan çıxarılması (VÖEN-nin ləğv edilməsi) üçün müraciət qaydası və bununla bağlı yerinə yetirilməli olan digər prosedurlar barədə verilən suallara aydınlıq gətirib:

Fiziki şəxsin vergi uçotundan çıxarılması hansı hallarda mümkündür?

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

– fəaliyyətinə xitam verildikdə;

– məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

– vəfat etdikdə.

Bunun üçün fiziki şəxs 1-ci addım kimi kağız daşıyıcıda “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” Ərizə formasını dolduraraq vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə (VÖEN) ilə birgə qeydiyyatda olduğu vergi orqanına xidmət mərkəzləri vasitəsilə və ya poçt vasitəsilə təqdim etməlidir.

Onu da nəzərinizə çatdıraq ki, qeyd olunan Ərizə internet vergi idarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə də onlayn qaydada göndərilə bilər.

Ancaq təkcə Ərizə verməklə fiziki şəxslərin vergi uçotu ləğv olunmur. Prosesi tamamlamaq üçün aşağıda qeyd olunan öhdəlikləri də icra etmək vergi ödəyicilərinin qarşısına vəzifə kimi qoyulub. Yəni, bu öhdəliklərdən hər hansı birinin, yaxud heç birinin yerinə yetirilməməsi VÖEN-in ləğv olunmamasına əsasdır.

Həmin öhdəliklər aşağıdakılardır:

– vergi ödəyicisi ƏDV qeydiyyatındadırsa, qeydiyyatın ləğv edilməsi üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) varsa həmin təsərrüfat subyektinin uçotdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminalı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– fiziki şəxsin aktiv bank hesabları bağlanılmalı;

– müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcu ödənilməli;

– təqdim edilməmiş bəyannamələri (hesabatları) vergi orqanına təqdim edilməli;

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələri ləğv edilməlidir.

Odur ki, yalnız qeyd edilən öhdəliklər icra edildikdən sonra fiziki şəxs vergi uçotundan çıxarılır və ona verilən VÖEN uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email