Ötən həftənin hüquqi icmalı (13.08.2018-18.08.2018)

posted in: Xəbər | 0
birbank biznes
həftənin icmalıMövzu çərçivəsində 13 avqust – 18 avqust tarixləri arasında Azərbaycan Respublikası qanunvericiliyində baş vermiş dəyişiklikləri araşdıracağıq.
Ötən həftə hansı yeniliklər oldu?
1) 13.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi” Qaydalarınının 2.26-cı maddəsinə əlavələr edilmişdir.
– Mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına, tikinti işləri Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə, həmçinin həmin Agentliyə məlumat verməlidir.
2) 14.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 15 nəfərdən ibarət kollegiyası (kollegiya sədri Kənd Təsərrüfatı naziri oldu) müəyyən edildi.
3) 14.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4.7 mln manat ayrıldı.
4) 14.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adı dəyişdirilərək Aqrar Elm və İnnovasiya Mərkəzi oldu.
5) 15.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20.1 mln manat ayrıldı.
6) 16.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11.6 mln manat ayrıldı.
7) 17.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9.1 mln manat ayrıldı.
8) 17.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”-na aşağıdakı yeni əlavələr edildi.
4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlər
4-1.1. Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu
4-1.2. Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu
4-1.3. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu
4-1.4. Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu
Həmçinin bax: Franşiza nədir??
Ayrı-ayrı qurumların məlumatları:
9) 14.08.2018. Azərbaycan Respublikası Prezidenti yanından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatı:
– Çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 20 avqust 2018-ci tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.
Müvafiq tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas
Print Friendly, PDF & Email