Azərbaycanda hava, quru və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin icbari fərdi qəza sığortası aktuallaşıb. Artıq İcbari Sığorta Bürosu (İSB) və aidiyyəti dövlət qurumları bu sığorta növündə penetrasiyanın artırılması istiqamətində birgə müzakirələr aparırlar. İSB isə bununla bağlı ayrıca yeni layihələr hazırlayıb.
Bu barədə sualları cavablandıran İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib ki, 3 il öncə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındakı yanaşmaların sərnişinlərin icbari fərdi qəza və daşınmaz əmlak sığortasında tətbiq edilməsi mümkündür: “2025-2027-ci illər sığorta sektorunun inkişafı strategiyasında yer alan bu məsələ ilə bağlı Mərkəzi Bankla müzakirələr aparırıq. Məqsəd odur ki, icbari növlər üzrə təyin edilən sığortalar artıq vətəndaşlar tərəfindən təmin olunsun. Məcburi xarakterli olmadığı üçün daha çox onun fəlsəfəsini başa düşərək həyata keçirilməsini təmin etmək lazımdır. Vətəndaşlar əmlaklarını sığortalayan zaman nə əldə edəcəklərini bilməlidirlər”.
İSB-nin məlumatına əsasən, indiyədək 190 min 925 daşınmaz əmlak üzrə icbari sığorta şəhadətnaməsi alınıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə müqavilələrin sayı 21 min 893 ədəd təşkil edir. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə şəhadətnamələrin sayı isə xüsusilə azdır – cəmi 200 ədəd. V.Məsiyev bu rəqəmlərin yüksəldilməsi üçün layihələr hazırlandığını vurğulayıb. Bildirib ki, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanıb və sərnişin daşıyan bütün nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların icbari fərdi sığortası üzrə vahid və rahat mexanizmin formalaşdırılmasını nəzərdə tutur: “Məqsəd inteqrasiyaları tamamlamaqla sığorta prosesini daha əlçatan və operativ etməkdir. Düşünürəm ki, bu ilin sonunadək müəyyən mexanizmlər tətbiq olunacaq ki, sərnişin daşıyan bütün nəqliyyat vasitələri rahat şəkildə sığortalansın və bu sahədə hər hansı problem yaranmasın. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Mərkəzi Bankla birgə reyestrlərin formalaşdırılması və həmin reyestrlərlə inteqrasiyanı nəzərdə tutan işlər aparılır. Hazırda Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını daxil etdikdə bütün məlumatlar avtomatik əldə olunur. Eyni yanaşmanı sərnişin daşıyan bütün nəqliyyat vasitələri üzrə də tətbiq etməyi planlaşdırırıq”.
Xatırladaq ki, 2023-cü ildən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında yeni yanaşmalar tətbiq olunur. İSB-nin icraçı direktorunun müavini Seymur Mirzəyev bununla bağlı bildirib ki, sistemdə sığorta haqları və ödənişlərinin hesablanması zamanı sürücünün yaşı, təcrübəsi, avtomobilin ishehsal tarixi, nəqliyyat vasitəsinin idarə edildiyi ərazilər və digər amillər əsas götürülür: “Artıq hər kəsə eyni deyil, şəxsi məlumatlara uyğun yanaşma tətbiq edilir. Bu, hər bir sürücüyə münasibətdə tarifin müəyyən edilməsidir. Məlumatlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsində hər il artım qeydə alınır. Bu, həm də ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədardır. Buna mütənasib olaraq, sığorta hadisələrinin sayında, nəticə etibarilə sığorta ödənişlərində və orta zərər məbləğində artım müşahidə edilir”.
Qeyd edək ki, 2025-ci ildə İcbari Sığorta Bürosunun dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib. Nəticədə investisiya portfelinin dəyəri artıb, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub.
Mənbə: vergiler.az