İmtiyazlı vətəndaşlar üçün vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştləriMuzdla işləyən imtiyazlı şəxslərin əməkhaqqına vergi güzəşti tətbiq olunur. Sosial müdafiəyə ehtiyacı olan imtiyazlı şəxslərin əməkhaqqından tutulan vergilərin faiz dərəcələrində və hesablanmasındakı  güzəştlər bu mövzuda sualları xeyli aktuallaşdırıb. Mövcud qanunvericiliyə əsasən, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə və digər imtiyazlı şəxslərə muzdlu işçi kimi əməkhaqqından vergi güzəştləri tətbiq olunur.

Bəs, həmin təbəqədən olan işçilərin maaşından nə qədər vergi tutulmalıdır?

Bəri başdan deyək ki, Vergi Məcəlləsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14 faiz, 2500 manatdan yüksək olduqda 2500 manata qədər olan hissəsinin 14 faizi, 2500 manatdan yuxarı olan hissənin 25 faizi miqdarında vergi tutulur. Əməkhaqqı 2500 manata qədər olduqda həmin ödənişlərin ölkə üzrə yaşayış minimumu (2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib) çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən əməkhaqqından ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Sosial zümrəsindən asılı olmayaraq, əmək müqaviləsi əsasında işləyən bütün işçilər onlara hesablanmış əməkhaqqının 3  faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Həmçinin işəgötürən tərəfdən hər bir işçiyə onun aldığı əməkhaqqının 22 faizi həddində sosial sığorta haqqı hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) köçürülməlidir. Bu məbləğ işçinin aldığı əməkhaqqından deyil, işəgötürənin öz hesabından ödənilməlidir.

Bax: VM-nin 164.1.34-ci maddəsində göstərilən avadanlıqların satışı ƏDV yə cəlb edilir?

İmtiyazlı vətəndaşların muzdlu işçi kimi aldığı əməkhaqqına tətbiq edilən vergi güzəştlərinə gəlincə, bu, həmin işçilərin sosial koteqoriyasından asılı olaraq dəyişir. Belə ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştlə tutulur. Milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Buraya Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər də daxildir. Bundan başqa, I və II qrup əlillərin (müharibə əlilləri istisna olunmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat, məcburi köçkünlərin və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt, mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.

Bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Muzdla işləyən aşağıdakı şəxslər də bu güzəştlərdən istifadə etmək hüququna malikdirlər:

· Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

· 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

· Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

· Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxsin bu güzəştlərin bir neçəsi üzrə imtiyaz hüququ olduqda, ona həmin güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Bundan başqa, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 aşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Həmçinin Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş «Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı»nın 1.9-cu bəndinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email