İşəgötürənin əsas hüquqları

posted in: Xəbər | 0
birbank biznes

 İşçi və işəgötürənin hüquqlarının qorunması

Əmək müqaviləsi işçinin işəgötürənlə qarşılıqlı razılaşması əsasında bağlanan sənəddir. Müqavilənin tərəfləri haqqında ətraflı burada məlumat vermişik. Burada isə müqavilə üzrə işçinin əsas hüquqları şərh olunub. Gəlin indi digər tərəf olan işəgötürənin hüquqları haqqında danışaq.

Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd edildiyi kimi, “tərəflərin hüquqi bərabərliyi prinsipi” əmək münasibətləri mövzusunda əsas prinsiplərdəndir. Tərəflərin hüquqi bərabərliyi prinsipi ilk növbədə:

  • hüquq, vəzifələrin əmələ gəlməsi, icrası zamanı hüquq subyektinin həcmində;
  • qanunla bərabər imkanların yaradılmasında öz təsdiqini tapır.

Məcəllədə qeyd edilmiş hüquq, vəzifələr həm işçinin, həm də işəgötürənin faktiki fəaliyyətini əhatə edir. İşçi kimi, işəgötürən də əmək münasibətlərinin tərəfidir. O, işçilərlə müqavilə bağlamaq, onların əməyini təşkil etmək, ödəmək, habelə mühafizəsini təmin etmək və başqa vəzifələri həyata keçirmək hüquqlarına malikdir. İşəgötürənin əsas hüquqları ƏM-nin 11-ci maddəsi ilə tənzimlənir.

Əmək müqaviləsinin məzmunu üzrə işəgötürənin əsas hüquqları

  • İşəgötürən işci ilə müqavilə bağlamaq, onun şərtlərini dəyişmək hüququna malikdir. Müqavilənin bağlanma qaydası, məzmunu, tərəfləri və s. qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun təmin olunur, ƏM-nin 42-49-cu maddələri ilə tənzimlənir. Müqavilə şərtlərinin hər hansı birinin dəyişdirilməsi tərəflərin razılığına  əsasən həyata keçirilir.
  • İşçinin müqavilə şərtlərində dəyişiklik etmək, yaxud onun ləğvi üçün qarşı tərəfə müraciət etmək hüququnun olduğu kimi, işəgötürənin də belə hüququ var. İşəgötürən tərəfindən müqavilənin ləğvi qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda, müəyyən olunmuş qaydalara əsasən həyata keçirilə bilər. Həmin qaydalar haqqında ƏM-də 70-ci maddədə ətraflı məlumat almaq olar.

İşçinin öhdəliklərinin icrasına nəzarət hüquqları

  • İşçilərdən həm ƏM, həm də müqavilə ilə tənzimlənən bütün müddəalara, öhdəliklərə əməl etməyi tələb etmək işəgötürənin hüquqlarından biridir. İşçi müqavilə ilə müəyyən olunan əmək funksiyasını qanunauyğun şəkildə həyata keçirməli, qarşı tərəfin verdiyi göstərişləri vaxtında və düzgün şəkildə yerinə yetirməlidir;
  • İşəgötürənin iş prosesində yüksək peşəkarlıq nümayiş etdirən işçini əməyinin nəticələrinə görə müvafiq vəzifələrə irəli çəkmək, ona digər əmək funksiyasının icra olunmasını həvalə etmək hüququ var. Belə halda müqaviləyə dəyişiklik edilməsi, ya da yeni müqavilə bağlanması tələb olunur;
  • İşçi öz vəzifə öhdəliklərini yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, işəgötürən onu intizam məsuliyyətinə cəlb edə bilər. Müəssisədaxili intizam qaydaları pozulduqda işəgötürən tərəfindən ƏM-də 186-cı maddədə göstərilən intizam tənbehlərindən biri təyin olunur. Bu zaman işçi tərəfindən edilmiş xətanın xarakteri, onun peşəkarlığı nəzərə alınmalıdır.
  • İşçi öz öhdəliklərini yerinə yetirən zaman qarşı tərəfə ziyan vurarsa, qanunvericiliyə uyğun maddi məsuliyyət daşıyır. Işçi tərəfindən dəyən ziyanın ödənilməsi işəgötürənin əmri ilə həyata keçirilir. Əgər işçi qarşı tərəfin hüquqlarını pozaraq dəyən zərəri könüllü şəkildə ödəməkdən imtina edərsə, işəgötürən dəyən ziyanın məhkəmə qaydasında ödənilməsini təmin etmək hüququna malikdir. İşçinin maddı məsuliyyəti, onun həlli qaydaları ƏM-də 198-206 maddələr ilə tənzimlənir.

İşin təşkili prosesinin tənzimlənməsi

  • İşəgötürən ƏM-nin 56-cı maddəsinə görə əməyin təşkilində hər hansı bir dəyişiklik etmək zərurəti yarandıqda əmək şəraitinin şərtlərini dəyişə bilər, bu şərtlə ki, işçi peşəsi, ixtisası, vəzifəsi üzrə işini davam etdirsin. Həmçinin, müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ da məhz işəgötürənə məxsusdur. Müəssisə öz strukturunu, ştatların sayını müstəqil olaraq müəyyən edir. İşçilərin, ştatların sayı azalanda ƏM-nin  77-ci maddəsinə uyğun  tədbirlər görülməlidir. Bu işlərin təşkili məqsədi ilə müəssisədə kadr uçotu təşkil edilir.
  • Kollektiv müqavilə bağlamaq işəgötürənin əsas hüquqlarından biridir. ƏM-nin 29-cu maddəsinə uyğun olaraq kollektiv müqavilələrdə tərəflərdən biri işəgötürən, digər tərəf isə həmkarlar ittifaqı təşkilatıdır. Əgər müəssisədə Hİ təşkilatı yoxdursa, ikinci tərəf əmək kollektivi olur. Kollektiv müqavilənin icra olunmasına nəzarəti ƏM-nin 34-cü maddəsinə görə  müvafiq icra hakimiyyəti orqanı, eləcə də tərəflər həyata keçirir.
  • Müqaviləni bağlayan zaman ƏM-də  51-ci maddəyə uyğun  sınaq müddəti nəzərdə tutula bilər. Burada məqsəd işçinin bacarıq və peşəkarlıq səviyyəsini  yoxlamaqdır. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə ƏM-də müəyyən olunan qaydalara əsasən təyin olunur.

İşəgötürənin qanuni hüquqlarının pozulmasına görə məsuliyyət

ƏM-si 11-ci maddəyə əsasən işəgötürənin qeyd etdiyimiz hüquqlarının, vəzifələrinin icrasına istənilən müdaxilələr, maneələr törətmək yolverilməzdir. İşəgötürənin fəaliyyətinə hər hansı müdaxilə edildiyi vəziyyətlərdə, qanuni hüquqlarının pozulması halında həmin şəxs qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq məsuliyyət daşıyacaq.


Print Friendly, PDF & Email