Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
Mühasibat uçotunun hesablar planının 41-ci maddəsində açılmış hesablar (məsələn, 411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” yaxud 413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” və sair hesablar), uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məlumatların uçotunu aparmaq üçün nəzərdə tutulub.
Qiymətləndirilmiş öhdəliklər dedikdə ödəniş vaxtı:
- dəyəri qeyri-müəyyən olan, yaxud;
- ödənilmə ehtimalı aşağı olan öhdəliklər başa düşülür.
Mühasibat uçotunun beynəlxalq standartları “Qiymətləndirilmiş öhdəliklər” anlayışı əvəzinə “Ehtiyatla” yaxud “Yaradılmış ehtiyat fondları” anlayışından istifadə edir. “Provisions, Contingent Liabilities and Contingent Assets” – “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı MUBS 37-yə görə: “Yaradılmış ehtiyat fondları – vaxtı və ya dəyəri qeyri-müəyyən olan öhdəlikdir.” (IAS37:10)
Qiymətləndirilmiş öhdəliklər ehtimaldan yaranır, əsasən hesabat dövrünü əhatə edir. Onları aşağıdakı şərtlər vasitəsilə müəyyən etmək olar:
- müəssisə, keçmiş hadisələrin nəticəsi olan cari öhdəliyə sahib olmalıdır;
- öhdəliyin ödənilməsi üçün iqtisadi səmərələri təzahür etdirən mənbələrin xaric olunmasının tələb ediləcəyi ehdimal olunmalıdır;
- öhdəliyin dəyəri etibarlı qiymətləndirilə bilməlidir.
Yaradılmış ehtiyat fondu adlandırdığımız öhdəliklərin tərkibi yuxarıda qeyd etdiyimiz MUSB (IAS)37- nin 10-11 bəndləri üzrə müəyyən olunur.
“İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı
“İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı mühasibat uçotu subyektlərinin keçmiş əməkdaşlarına olan uzunmüddətli müavinət və başqa ödənişlərlə bağlı öhdəliklərin uçota üçün nəzərdə tutulub. Belə öhdəliklərə aşağıdakı şəxslərə verilməli olan müavinətləri nümunə göstərmək olar:
- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alanlara;
- peşə xəstəliyinə tutulmuş işçilərə, yaxud;
- bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə.
41 nömrəli “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə subhesabların açılması, hesablar üzrə mühasibat yazılışlarının verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsinə görə maddə üzrə aşağıdakı hesablar açıla bilər:
411 №li “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan işdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir, öhdəlik (passiv) hesabıdır.
411 saylı hesab üzrə mühasibat uçotunun tənzimlənməsi
Müəssisənin keçmiş işçilərinə olan uzunmüddətli müavinət və öhdəlikləri cari hesabat dövründə 411 “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabının kreditində və 731 “Sair əməliyyat xərcləri” hesabın debetində əks olunur.
İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər yarandıqda, həmçinin belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirildikdə nəzərdə tutulan qaydaların 35.2.-ci bəndi tətbiq edilir.
İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandığı hallar sözügedən qaydaların 35.3.-cü bənd ilə nizamlanır.
Belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə mühasibat yazılışları həmin qaydaların 35.4.-cü bəndə əsasında aparılır.
İşçilərə müavinət ödənişi ilə bağlı müxabirləşmə nümunəsi
“A” MMC-nin 5 işçisi şaxtada yeraltı işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün iş zamanı baş verən qəzada dağıntılar altında qalaraq həlak olmuşdur. Baş verən hadisəyə görə “A” MMC həmin işçilərin ailələlərinə müavinət ödəməlidir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Həlak olan işçilərə görə ümumi müavinət hesablandıqda | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” | 10000.00 |
2 | Həlak olan işçilərə müavinət təqdim olunduqda | 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” | 223 – Bank hesablaşma hesabları | 1000.00 |
İşçiyə təzminat ödənişi zamanı mühasibat yazılışına nümunə
Yaranan münaqişə səbəbilə “A” MMC öz işçisini işdən azad olunaraq əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı işdən azad olunan işçi“A” MMC-ni məhkəməyə verişdir. Sözügedən işçinin məhkəni qazanacağı gözlənilir. Məhkəmə tərəfindən verilən qərara əsasən “A” MMC işdən azad olunan şəxsə 800 AZN dəyərində pul vəsaiti ödəməlidir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşdən azad olunan işçi üçün təzminat hesablandıqda | 731 – Sair əməliyyat xərcləri | 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” | 800.00 |
2 | İşdən azad oluanan işçiyə təzminat təqdim olunduqda | 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” | 223 – Bank hesablaşma hesabları | 800.00 |