Aktiv və passivlər, onların tarazlığı

posted in: Xəbər | 0

Biz mühasibat haqqında danışarkən tez-tez aktiv yaxud passiv anlayışı ilə rastlaşarıq. Bu məqaləmiz onların şərhinə həsr olunub.

Aktiv və passiv anlayışı nəyi ifadə edir?

Qollu bir tərəzi düşünün, onun 2 gözü var – sol və sağ. İstifadədən öncə tərəzi boş olur, ölçmə zamanı gözlərə nəsə qoyub-götürürsünüz. Boş olduğu anda tərəzinin vəziyyəti necə olur? Əlbəttə ki, tam taraz, yəni balanslaşmış vəziyyətdə. Tərəzi müəssisənin yarandığı anda maliyyə vəziyyətini təcəssüm etdirir: müəssisəmiz yoxdur, tərəzimiz balansdadır. Müəssisə öz təsərrüfat fəaliyyəti zamanı mühasibatlıqda qeydə alınması vacib olan əməliyyatları həyata keçirir – alır, satır, istehsal edir, əməkhaqqı ödəyir və sair. Bu əməliyyatlardan heç biri müəssisənin maliyyə durumunu (tərəzimizin balansını) pozmamalıdır.

Hər dəfə “sol tərəf”, “sağ tərəf” deməmək üçün tərəzimizin gözlərinə ad verək.  Məsələn, sol gözü “aktivlərimiz”, sağ gözü “passiv” adlandıraq. “Aktiv” – “Passiv”  antonimlərdir, bu sol ilə sağın fərqini anlamağımıza kömək edər.

Aktivlərimiz, adətən, fiziki olaraq mövcuddur, onları görürük – pulumuzu sayır, malımıza toxunuruq. Lakin onların yaranma mənbələri, yəni passiv dediklərimiz, adətən, fiziki olaraq toxunulan olmur (məsələn, borcumuzun olması faktı).

Biznes hesabi

Tərəzi bizim xəyali təsəvvürümüz olsun, amma xəyallarımızı kiməsə izah etmək, başa düşmək, gerçəkləşdirmək lazımdır axı. Hər halda bunu dəftərimizə tərəzi çəkməklə edə bilməyəcəyik. Amma, biz balansı, eyniliyi ifadə edən alətə sahibik. “Hansı alətə?” sualını versəniz “Riyazi bərabərlik!” deyə cavab verəcəyik. Gəlin riyazi bərabərliyin işarəsini çəkək:

Riyazi bərabərlik

Başlanğıcda bizim solunda və sağında heç nə olmayan, yoxluqla tarazlaşmış balansımız var. Tərəzimizin sol tərəfi bərabərliyimızın sol tərəfi, tərəzimizin sağ tərəfi isə bərabərliyimizin sağ tərəfi olsun. Deməli sola “aktiv”, sağa isə “passiv” yaza bilərik:

Aktiv = Passiv

A = P

Aktiv və passiv arasında tarazlıq

Riyazi bərabərliklə ifadə etdiyimiz tərəzinin balansda olması üçün aktiv və passivlərdə nə baş verməlidir? Riyaziyyatdan bilirik ki, bərabərliyin qorunması 4 halda mümkündür:

Aktiv və passiv, riyazi bərabərliyin şərtləri

Beləliklə:

  • müəssisəmizdə baş verən istənilən hadisə səbəb-nəticə əlaqəsinə bağlıdırsa;
  • səbəbləri şərti olaraq sağda, onların nəticələrini – aktivləri isə solda qeyd edəriksə, balans qorunmuş olacaq.

Deməli, müəssisəmizdə baş verən istənilən əməliyyat sadaladığımız 4 formadan birinə uyğun gələcək.

Yuxarıdakı riyazi bərabərliyimizi maliyyə bərabərliyi adlandıra bilərik. Çünki o bizim maliyyə vəziyyətimizi ifadə edir. Sonrakı mövzularda maliyyə bərabərliyini daha ətraflı şərh edib, aktiv və passivlərimizə detallı baxış keçirəcəyik.

Aktivlərə nələr aiddir, passivlər hansılardır?

Aktivlər müəssisənin mülkiyyətində yaxud idarəsində olan maddi varlıqların, hüquqların məcmusu, müəssisənin sahib olduqlarıdır. Bunlar indi və gələcəkdə müəssisəyə iqtisadi səmərə axını gətirir yaxud gətirəcəyi gözlənilir. Məsələn, nağd yaxud bank hesabında olan pulunuz – bunlar özlüyündə iqtisadi səmərə və dəyərdir. Başqa nümunəyə baxaq. Satmaq üçün aldığınız mal, verdiyiniz avans ödənişi hazırda iqtisadi səmərə yaratmaya bilər, amma gələcəkdə birini satmaqla, digərinin əvəzində mal (iş, xidmət) almaqla səmərə axını gətirəcəyini gözləyirsiz.

Passivlər, bərabərliyimizin və tərəzimizin sağ tərəfi, aktivlərin yaranma (azalma) səbəbini, mənbəyini göstərir. Bu səbəblər hansılar ola bilər?

Aktivlərin riyazi ifadəsi

Suala cavab tapmaqla passivlər adlandırdığımız hissəni daha yaxşı anlamağa çalışaq. Məsələn, müəssisəmizdə 10.000 manat pul varsa, bunun səbəbi, mənbəyi nədir? Bu:

  • satışdan daxil olma;
  • təsisçinin qoyduğu nizamnamə kapitalı;
  • bankdan götürdüyümüz kredit;
  • qonşu təşkilatdan aldığımız borc vəsaiti və s. ola bilər.

Bu pul eyni zamanda keçən ilki fəaliyyətimizin nəticəsinin qalığı da ola bilər.

Gördüyünüz kimi, səbəblər müxtəlifdir. Fikir verdinizsə, bunlar ya borcdur ( bankdan alınmış kredit, təşkilatdan götürlümüş borc) ya da nəsə başqa bir mənbə. Yəni, mənbələri 2 qrupa bölə bilərik – borclar nəsə. Borclar başqaları qarşısında öhdəliyimizdir – onu “Öhdəliklər” adlandıraq. “Nəsə” dediyimizi də adsız saxlamayaq, “Kapital” adı verək.

Beləliklə, passivlərimiz “Kapital” və “Öhdəliklər”imizdən ibarətdir,  yəni:

Passiv = Kapital + Öhdəlik

Bu o deməkdir ki, daha əvvəl yazdığımız maliyyə bərabərliyini belə də yaza bilərik:

Aktivlər  = Kapital  + Öhdəlik

Beləliklə, müəssisənin aktivlərini müəssisəyə məxsus kapital və öhdəliklərin cəmi kimi xarakterizə edə bilərik.

Bəs “Kapital” necə formalaşır, tərkibi nələrdən ibarətdir? Bunu növbəti mövzuda daha geniş şərh edəcəyik. Hələlik isə, gəlin sizə bir sirr açım. Balans anlayışını izah etmək üçün tərəzidən istifadə etdik. Əslində “balans” sözü fransız sözüdür (balance), mənası “tərəzi” deməkdir.

Təsərrüfat uçotu sisteminin tərkib hissələri