Məcburi sosial ödənişlər həm işəgötürənlərin, həm də işçilərin üzərinə müəyyən öhdəliklər qoyur. İşsizlikdən sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklər necə tənzimlənir? Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.
İşsizlik sığortası 1 yanvar 2018-ci ildə qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tətbiq olunur. Qanuna əsasən, işçilərin ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığorta olunan işsizlər işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər.
Qanuna əsasən, əmək müqaviləsi bağlanan şəxslərin əməkhaqqından işsizlikdən sığorta olunması aşağıdakı qaydada tutulmalıdır:
- Sığortaedənin (SE) – işəgötürən müəssisənin hesabına əməkhaqqı fondunun 0,5 faizi;
- Sığorta olunanın (SO) – işçinin hesabına əməkhaqqı fondunun 0,5 faizi.
Qeyd edək ki, bu hesablama qaydası bütün müəssisələr (dövlət və qeyri-dövlət sektoru) üçün eynidir.
Misal 1: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:
– direktor – 500 manat;
– mühasib – 300 manat;
– təşkilatçı – 250 manat.
SE və SO hesabına işsizlikdən sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.
Direktor üçün:
SE hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat
SO hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat
Mühasib üçün:
SE hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat
SO hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat
Təşkilatçı üçün:
SE hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat
SO hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat.
Ölkəmizdə icbari tibbi sığorta sistemi isə 1 yanvar 2021-ci il tarixdən “Tibbi sığorta haqqında” Qanuna əsasən tətbiq edilməyə başlanıb. Qanunun tələbinə görə, icbari tibbi sığorta haqqının ödənilməsinə bu şəxslər cəlb edilir:
– əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
– vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar (əgər fəaliyyəti varsa);
– xüsusi notariuslar;
– vəkillər kollegiyasının üzvləri;
– Azərbaycan Respublikasının ərazisində benzin, dizel yanacağı və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri;
– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri.
İndi isə yuxarıda qeyd olunan şəxslər üzrə icbari tibbi sığorta sisteminin tətbiqini və tibbi sığorta haqqının hesablanması qaydasını ayrıca nəzərdən keçirək.
- Əmək müqaviləsi bağlamaqla muzdlu işçilər cəlb edən şəxslər (fərdi sahibkarlar və hüquqi şəxslər) tərəfindən işçilərə ödənilən əməkhaqqı məbləği icbari tibbi sığortaya cəlb edilməlidir. İcbari tibbi sığorta haqqının ödəniş faizi müəssisəsinin dövlət, neft-qaz və qeyri-dövlət, qeyri-neft qaz sektoruna aid olmasına görə fərqli hesablanır.
Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz miqdarında, 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərin hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faizi miqdarında icbari sığortaya cəlb etməlidir.
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində çıxış edən işə götürənlər tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir. İcbari tibbi sığortanın hesablanması ilə aşağıdakı nümunədən tanış ola bilərsiz.
Misal 2: Fərz edək ki, dövlət sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aldıqları aylıq əməkhaqqı aşağıdakı kimidir:
– direktor – 700 manat;
– mühasib köməkçisi – 450 manat;
– təşkilatçı – 350 manat.
SE və SO hesabına icbari tibbi sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.
Direktor üçün:
SE hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat
SO hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat
Mühasib üçün:
SE hesabına icbari sığorta haqqı = 300 x 2% = 6 manat
SO hesabına icbari sığorta haqqı = 300 x 2%= 6 manat
Təşkilatçı üçün:
SE hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat
SO hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat
Mülki-hüquqi xarakterli müqavilə bağlamaqla fiziki şəxslər işə cəlb edildikdə, həmin şəxslərin aylıq gəlirlərinin 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 1 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulmalıdır. İcbari tibbi sığorta haqları əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməlidir.
- Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar, xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri (sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
- Xüsusi notariuslar da fərdi sahibkarlar kimi fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
-
Vəkillər kollegiyasının üzvləri də fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
- Azərbaycan Respublikasının ərazisində istehsal edilən və daxili istehlaka yönəldilən benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən benzinin, dizel yanacağının və maye qazın hər litrinə 0,02 manat olmaqla icbari tibbi sığorta haqqı hər ay üçün hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə bəyannamə təqdim edilməlidir.
- Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri də icbari tibbi sığortaya cəlb edilir. Belə ki, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı tətbiq olunmalıdır.
Mənbə: vergiler.az
Bax: