Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya yeni qaydada hesablanacaq – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 fevral 2026-cı il tarixdə bu haqqda qərar qəbul edib.
Məlum olduğu kimi işçinin əmək müqaviləsinə xitam verilərkən ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsi ilə tənzimlənir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı qəbul edilənədək məzuniyyət kompensasiyası hesablanarkən əlavə məzuniyyətlər, təhsil və yaradıcılıq məzuniyyətləri, habelə sosial məzuniyyətlərə görə pul əvəzinin verilməsi 144-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə məhdudlaşdırılırdı.
Mütəxəssislərin qənaətinə görə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməməsi AR Konstitusiyasında təsbit edilmiş istirahət hüququnun pozulmasına gətirib çıxarır. Məhz bunu nəzərə alaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Konstitusiya Məhkəməsinə müraciət edərək, həmin maddənin mövcud qanunvericiliyinə uyğunluğunu araşdırmağı xahiş etmişdir.
Sorğunu araşdıran Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, müxtəlif ədliyyə orqanlarının, Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi əməkdaşının rəyini, mövcud normativ hüquqi aktları araşdırmış, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəasının bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə, həmin hissəni tətbiqinin dayandırılması, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələri AR Konstitusiya tələblərinə uyğunlaşdırılması haqqında qərar qəbul etmişdir (əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsini əsaslandıran AR Konstitusiya Məhkəməsinin qərarının tam mətni ilə buradan tanış olmaq olar).
HR və mühasiblər bu qərarı təcrübədə necə tətbiq edəcəklər?
Belə bir hala baxaq. Bildiyiniz kimi, on ildən çox əmək stajı olan işçinin Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq 21 (yaxud 30) təqvim günündən az olmayan əsas, 116-cı maddəsi ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyət hüququ var. O, bu məzuniyyət günlərindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla birdəfəlik yaxud hissələrlə istifadə edə bilər.
Təsəvvür edək ki, həmin işçinin əmək müqaviləsinə xitam verilib. Bu zaman ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Bu qərardan əvvəlki qaydaya görə, işçiyə yalnız istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi ödənilirdi. Yeni qayda 116-cı maddə ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyətin istifadə edilməmiş hissəsi üçün əmək müqaviləsinə xitam verilmiş işçiyə məzuniyyət kompensasiyası ödənişini zəruri edir.
Pul əvəzinin ödənilməsi tələbi Məcəllənin 116-cı, 17-ci və 118-1-ci maddələri ilə müəyyən edilmiş digər əlavə məzuniyyətlərə də aiddir.
Qərar hansı tarixdən tətbiq edilir?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsi haqqında qərarı 18 fevral 2026-cı il tarixdən etibarən qüvvəyə minib. Bu səbəbdən də həmin tarixdən tətbiq edilir və bu tarixdən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil edilməlidir.
