Kameral uyğunsuzluq məktubları ilə bağlı tövsiyələr

posted in: Xəbər | 0

Kameral uyğunsuzluq məktubları ilə bağlı tövsiyələr

Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Mühasibatlığa yeni başlamış gənc mühasiblər tərəfindən tez-tez müəssisələrinə gəlmiş kameral uyğunsuzluqlar barədə şikayətlər eşidirik. Çox vaxt kameral uyğunsuzluqları başa düşmədiklərini, cavablandırmaqda çətinlik çəkdiklərini bildirirlər. Bu məqaləmizdə bu mövzu ilə bağlı bir neçə faydalı məlumat və məsləhətdə bulunmaq istəyirik.

İlk öncə qeyd edək ki, kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq yerlərə getmədən vergi orqanı tərəfindən vergi ödəyicisinin bəyan etdiyi məlumatlar üzərində, onlar və digər əlaqədar məlumatlar əsasında aparılan yoxlamadır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq bu cür yoxlamanın müddəti hesabat təqdim edildikdən sonra 30 iş günüdür. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən vergi orqanları kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə, əlavə məlumat, sənəd və izahat tələb edir.

Gündəlik danışıqda mühasiblərin “kameral” dedikləri məktub tam olaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” adlanır. Həmin məktub elektron qutusu olan vergi ödəyicilərinə vergi ödəyicisinin VÖEN-i, kameral uyğunsuzluğun aid olduğu bəyannamə növü və dövrü göstərilməklə – Elektron kameral uyğunsuzluq məktubu başlığı ilə göndərilir. Bu cür məktublarda Vergi Məcəlləsinin 70.2-ci maddəsinə uyğun olaraq möhür olmur. Son zamanlar müşahidə edirik ki, vergi orqanları tərəfindən bir neçə bəyannamə növü və ya dövrü üzrə uyğunsuzluq məktubu bir məktubda göndərilir və belə olan halda məktub vergi ödəyicisinin elektron qutusuna sadəcə “Elektron kameral uyğunsuzluq məktubu” adı ilə göndərilir. Bu cür məktublara cavab müddəti məktubun aşağı hissəsində qeyd edilir. Bu müddət 5 (beş) və ya  10 (on) iş günü olur. Əgər sözügedən məktub yuxarıda qeyd etdiyimiz 30 iş günü müddəti ərzində göndərilmişdirsə ona cavab verilmə müddəti 5, əks halda 10 iş günü olur. Burada onu da qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicilərinə elektron formada göndərilmiş sənədlər göndərilmədən 3 iş günü keçdikdən sonra lazımi qaydada təqdim edilmiş hesab edilir.

Kameral uyğunsuzluq məktubunu almış vergi ödəyicilərinin ilk etməli olduqları şey, qorxmadan, heç bir narahatçılıq yaşamadan məktuba ümumi nəzər salmaq, məktubda qeyd edilmiş vergi ödəyicisinin özünün olduğuna əmin olduqdan sonra məktubun hansı bəyannamə və hansı dövr ilə əlaqədar olduğuna nəzər salmaqdır. Bəyannamə növü və dövrü ilə tanış olduqdan sonra tövsiyə edərdik ki, məktubdakı səbəbləri oxumadan öncə həmin bəyannaməni btp proqramında açıb hazır vəziyyətdə saxlayasınız. Yalnız bundan sonra Səbəblər bölməsinə keçib uyğunsuzluq səbəbləri ilə bir bir tanış olmaq lazımdır.

Əgər məktubda olduqca çox səbəb qeyd edilmişdirsə yenə də narahat olmamağı tövsiyə edirik, belə ki, adətən onların bir çoxu sizin tərəfinizdən təqdim edilmiş bəyannamədə buraxılmış 1 səhvlə bağlı da ola bilir. Ona görə çoxlu səbəb gördükdə ruhdan düşməyin və öz səriştənizə şübhə etməyə başlamayın. Elə onu da qeyd edək ki, sizə kameral uyğunsuzluq məktubunun gəlməsi hələ sizin səhv işlədiyiniz, bəyannamənizi səhv təqdim etdiyiniz anlamına gəlmir. Buna görə də qeyd etdiyimiz kimi, səbrlə bir-bir qeyd edilmiş səbəblərlə tanış olun. Bundan sonra qeyd edilmiş hər bir səbəb üzrə məktubda göstərilmiş ədədlərin sizin bəyannamənizdə sözügedən sətirlərdə göstərdiyiniz ədədlərlə eyni olub olmadığına baxın.

Belə ki, nadir də olsa bəzi hallarda hətta məktubda sizin hansısa sətirdə hər hansı məbləğ göstərdiyiniz qeyd edilsə də sizin tərəfindən təqdim edilmiş bəyannamədə faktiki olaraq o məbləğ göstərilməmiş ola bilər. Məbləğlərin qeyd edildiyi kimi göndərildiyinə əmin olduqdan sonra, uyğunsuzluğa səbəb olmuş fərq, ziddiyət ilə tanış olun. AVİS sisteminin o ədədi haradan hesablayaraq çıxardığını təsbit etməyə çalışın. Bu cür etsəniz, AVİS sisteminin işləmə, yoxlama prinsipini də mənimsəmiş olacaqsınız ki, bu da gələcəkdə sizə bəyannamə göndərməmişdən öncə ala biləcəyiniz uyğunsuzluq məktubunu ehtimal etməyə kömək edəcək. Səbəblərdəki ədədləri AVİS-in haradan əldə etdiyini təsbit etdikdən sonra isə sizin yardımınıza nəzəri biliklər gələcək.

Əgər bəyannamənizi qanunvericiliyə əsaslanaraq, düzgün formada tərtib etmişdinizsə sizə qalan sadəcə həmin səbəbləri izah edən izahat məktubu tərtib etməkdir. Əgər həmin ədədlərlə tanış olduqdan sonra bəyannamənizi səhv təqdim etmiş olduğunuzu təsbit etsəniz sadəcə dəqiqləşdirilmiş bəyannamə göndərməyiniz lazımdır. Eyni zamanda həm dəqiqləşdirilmiş bəyannamə həm də izahat məktubu təqdim etmək zərurəti yoxdur. Eyni vaxtda hər ikisini etsəniz, sonradan alacağınız növbəti məktubun təqdim etdiyiniz yeni dəqiqləşdirilmiş bəyananmə ilə və ya izahat məktubunuzun əsassız hesab edilməsi ilə əlaqədar olduğunu təsbit etməkdə çətinlik çəkəcəksiniz.

Bəyannamədəki səbəbləri oxuduqdan sonra aşağı hissədə sizdən nəyin tələb olunduğu qeyd edilir və Sənədlər adlı başlıqla göstərilir. Həmin hissəyə həmişə və diqqətlə baxın. Çünki olur ki, mühasiblər onlardan tələb edilən sənədi təqdim etmək əvəzinə digər sənədlər təqdim edirlər, o cümlədən dəqiqləşdirilmiş bəyannamə göndərirlər. Tələb olunan sənədlər hissəsində sizdən dəqiqləşdirilmiş bəyannamə təqdim etməniz tələb edilsə də, bu o demək deyil ki, hər şeyi düz etmisinizsə belə dəqiqləşdirilmiş bəyannamə təqdim etməlisiniz. Əgər sözügedən uyğunsuzluq məktubundakı səbəblər sizə aydın oldusa, səbəbin AVİS-in yoxlama prinsipi və ya vergi orqanlarının məsafədən görə bilmədiyi hansısa sənədlə, əməliyyatla bağlı olduğu qənaətinə gəldinizsə sadəcə izahat məktubu yazmanız kifayətdir.

Vergi qanunverciliyi daim təkmilləşdirildiyi kimi AVİS sistemi də daim təkmilləşdirilməkdədir. Uyğunsuzluqla bağlı yazacağınız izahat məktubu ilə bağlı isə tövsiyə edərdik ki, həmin məktubu rəsmi, işgüzar yazışma qaydalarına uyğun olaraq tərtib edəsəniz. Məktubunuzu sadəcə salam verməklə başlaya bilərsiniz. Bu həm işgüzar yazışma qaydalarına görə etik olandır, həm də qarşı tərəfə məktubda yazdığınız mətnin yarımçıq düşmədiyi məlumatını ötürəcəkdir.

Ondan sonra isə fikrinizi ədəbi sözlərlə, nəzakət qaydalarına riayət edilməklə və ən əsası qanunvericiliyə əsaslanmaqla yazın. Qanunvericiliyə əsaslanarkən istinad etdiyiniz qanunları, normativ aktları, onların maddələrini, bölmələrini və s qeyd etməyiniz isə daha da tövsiyə olunandır. Arqumentlərinizi bu cür əsaslandırmağınız sizin üçün həmin məsələ ilə bağlı müsbət sonluğa nail olmağı qat-qat asanlaşdıracaqdır. Məktubun sonunu da yenə də nəzakət qaydaları ilə, təşəkkür ilə bitirməniz lazımdır. İzahat məktubu tərtib edərkən, fikrinizi geniş izah etməkdən çəkinməyin. Bundan savayı, ehtiyac bildiyiniz hallarda (və ya sizdən tələb olunursa) qoşma fayllarda sənədlər təqdim etməkdən də çəkinməyin. Həmçinin məsləhət görərdik ki, təqdim etdiyiniz bəyannamə ilə bağlı gələ biləcək kameral uyğunsuzluq məktubunu ehtimal edirsinizsə, daha da yaxşı olar ki, cavab məktubunu da öncədən hazır tərtib edib saxlayasınız.

Nəhayət sonda, təbəssümlə : Unutmayın, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.

Müəllif: İlqar Əsədov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *