Kassa çeki vergidən yayınmanın qarşısını alır

posted in: Xəbər | 0
birbank biznes

Kassa çekiSahibkarların nəzarət-kassa aparatlarından istifadəyə sövq edilməsi üçün daha təsirli və effektiv yanaşma mexanizmlərinə ehtiyac duyulur.

Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli qərarına əsasən, Azərbaycan ərazisində nəzarət-kassa aparatlarının (NKA) tətbiq olunması və onların satış obyektlərində quraşdırılması qaydaları təsbit edilib. Müvafiq qanunvericiliyə əsasən, kassa aparatlarının quraşdırılması və onlardan istifadə olunmasına nəzarət Vergilər Nazirliyinin səlahiyyətlərinə aiddir.

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ticarət və ictimai iaşə sektorunda nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaların nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur və bu, Vergi Məcəlləsinin 16.1.8.-ci maddəsinə əsasən, vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəziyyət necədir?

Qaydaların müəyyənləşdirilməsindən təxminən 23 il keçir. O vaxtdan bəri təsərrüfat subyektlərində nəzarət-kassa aparatlarının qeydiyyatı, quraşdırılması və istifadəsi üçün lazım olan bütün infrastruktur yaradılıb, NKA-lar quraşdırılıb. Amma bu sahədə əsas problem vergi ödəyiciləri tərəfindən NKA-lardan istifadənin qənaətbəxş səviyyədə olmamasıdır. Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı keçirdiyi son monitorinqlər bu sahədə problemlərin olduğunu göstərir.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Monitorinqlər, əsasən, ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib.

Səbail rayonunda yerləşən «Viva dessert» şirniyyat mağazasında, Nəsimi rayonundakı «Geox» ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən «Lider inşaat» santexnika mağazasında və «Nobel elektrik» elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib. Lakin Nəsimi rayonunda yerləşən «Mega store» supermarketində, Yasamal rayonundakı «One pub kafe» və «Cafe Park» kafelərində, Səbail rayonunda fəaliyyət göstərən «Pappa Rotti» və «Ajda» kafelərində, Nərimanov rayonundakı «SİS underwear» mağazasında, Nəsimi rayonunda yerləşən «Ador» ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən «Türkoğlu dönər» kafesində, «28 pub» restoranında, «Krevetka» kafesində, Səbail rayonunda yerləşən «Mughal» restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən «Spar market»də, «URP» mağazasında və «Araz supermarket»də, Yasamal rayonunda İlham Həsənova məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən «Ted Baker» mağazasında, Səbail rayonundakı «Baumler» mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən «Sekrets» kafesində, «Game and cinema center»də, Səbail rayonundakı «Coffe station» kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək aktlar tərtib edilib.

Vergi orqanlarının əsasən maarifləndirci xarakter daşıyan monitorinqləri zamanı obyektlərin yalnız 15%-də qanun pozuntları aşkar olunmayıb. Qanun pozuntusu aşkar edilmiş obyektlərin yalnız 45%-nə cərimələr tətbiq edilib, qalan 40%-i qanun pozuntusuna ilk dəfə yol verdiyinə görə, onlara xəbərdarlıq olunmaqla kifayətlənilib. Təsərrüfat subyektlərinin nəzərinə çatdırılıb ki, oxşar pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, onlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.

Vətəndaşlar çek tələb etməkdə fəal olmalıdır

Vergilər Nazirliyi təsərrüfat subyektlərinin hamısına fərdi nəzarət etmək üçün ayrıca müfəttiş ayırmaq imkanlarına malik deyil. Buna görə də nazirlik davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Lakin vəziyyət onu göstərir ki, cəmiyyətdə vergi mədəniyyəti, xüsusən də sahibkarlıq subyektlərində kassa çeklərinin təqdim edilməsi ilə bağlı vərdişlər hələ də formalaşmayıb. Ona görə də bu sahədə ictimai fəallıq olmalı, vətəndaşlar özləri kassa çekinin vurulmasını tələb etməlidirlər.

Hər bir vətəndaş başa düşməlidir ki, kassa çekinin tələb edilməməsi nəticə etibarilə həmin vəsaitin dövlət büdcəsindən gizlədilməsidir. Gizlədilən bu vəsaitlər hər birimizin sabahkı həyatına təsir edir, həmin pullar insanların sosial rifahının təminatından oğurlanır. Ona görə də NKA-lardan istifadə ümumdövlət siyasəti və cəmiyyətin diqqətində olan aktual məsələ kimi gündəmdən düşməməlidir. Vətəndaşlar özləri kassa çeklərinin tələb edilməsinin vacibliyi haqqında bir-birlərinə zəruri məlumatlar verməli, çek tələb etməkdə vergi orqanlarına kömək etməlidirlər.

Vergilər Nazirliyi maarifləndirmə və izahedici tədbirləri daim ümumi siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlamaqla yanaşı, maarifləndirmə işinə məhəl qoymayan sahibkarlıq subyektlərinə qarşı qanunamüvafiq qaydada tədbirlərin görülməsini də nəzərdən qaçırmayacaq. Maarifləndirmə işi effekt vermədikdə, digər vasitələrdən istifadə olunması zəruriliyi meydana çıxacaq.

Yeni mexanizmlərin tətbiqinə ehtiyac varmı?

Vergilər Nazirliyi tərəfindən NKA-dan istifadə etməyən təsərrüfat subyektlərinə qarşı daha müasir metodlardan istifadə olunmaqla təsirli yanaşma mexanizmləri tətbiq ediləcək. Bu sahədə beynəlxalq təcrübəni öyrənən nazirlik NKA-larla bağlı ən müasir və innovativ  nəzarət metodlarından istifadə imkanlarını araşdırır. Hazırda dünya təcrübəsində olan müasir texniki nəzarət sistemlərinin tətbiqi öyrənilir və onların milli vergi sistemində istifadə olunması nəzərdən keçirilir.

Vergilər Nazirliyinin məqsədi sahibkarları qanunla müəyyən edilmiş öhdəliklərə riayət etməyə sövq etməkdir. Nazirlik dövlətin iqtisadi maraqlarının qorunmasında, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsində sahibkarları öz üzərlərinə düşən vəzifələri anlamağa çağırır, onları xoşməramlı əməkdaşlığa dəvət edir, eyni zamanda 2018-ci ilin vergi qanunvericiliyinin tələblərinə əməl olunması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında «keçid ili»ndən sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları NKA vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə çağırır.

Ekspert hesab edir ki…

Monitorinqlər zaman ortaya çıxan faktların təhlili göstərir ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin sayının azalmasından sui-istifadə edərək, nağd hesablaşmalar aparan zaman NKA-lardan istifadəni minimallaşdırıblar. Bunun adı isə dövlətin yaratdığı şəraitdən sui-istifadə etmək, vergidən yayınmağa cəhd göstərməkdir.

İqtisadçı Ədalət Əsədov qeyd edir ki, nəzarət-kassa aparatlarından istifadə olunmaması və kassa çekinin verilməməsi ticarət və ictimai iaşə obyektlərinin dövriyyəsini gizlətməsində əsas vasitələrdən biridir. Bu, vergidən yayınmanın bir növüdür. Kassa çekinin alıcıya təqdim edilməməsi həm büdcədən verginin yayındırılmasıdır, həm də istehlakçının hüququnun pozulmasıdır: «Vergi nəzarətinin təmin edilməsi baxımından kassa aparatlarından istifadə olduqca vacibdir. Amma təəssüf ki, mağaza və ictimai iaşə obyektlərinin əksəriyyətində müştəriyə kassa çekləri təqdim olunmur. Hesab edirəm ki, vergi ödəyicilərinin NKA-dan istifadə etməməsinin iki səbəbi vardır. Birincisi, alınan mal-materiallara görə ödəyicilərin sənədlərinin olmamasıdır. Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, Azərbaycanda vergi dövriyyəyə uyğun qaydada hesablanır. Buna görə də sahibkar dövriyyəsinin artmaması üçün NKA-dan istifadəyə maraq göstərmir. Bunun üçün ilk olaraq idxalda şəffaflıq təmin edilməlidir. İstehsal müəssisələrinə və idxal əməliyyatları aparan təşkilatlara nəzarət gücləndirilməlidir.

NKA-lardan istifadənin yetərli olmamasının digər səbəbi təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi zərurəti ilə bağlıdır. Fikrimcə, davamlı olaraq müxtəlif ərazilərdə vergi ödəyiciləri ilə söhbətlər aparılmalı, onların fikirləri öyrənilməli və bunun əsasında tədbirlər görülməlidir. Təbii ki, inzibati metodlar da diqqətdən qaçırılmamalıdır. Amma hər şeyi inzibati metodla tənzimləmək düzgün olmazdı. Qarşı tərəfin fikirlərini dinləyərək qarşılıqlı anlaşma ilə məsələləri həll etmək mümkündür».

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email