“Kassa” anlayışının qısa şərhi
Hər bir müəssisənin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərin belə nağd pul vəsaitləri ilə əməliyyatlar üçün kassası olur. Bəzən “xəzinə” də adlandırılan kassasız mühasibat uçotu subyektini təsəvvür etmək mümkün deyildir.
Kassa əməliyyatlarından danışarkən bəzi məqamlara diqqət etmək lazımdır. Bəzən gənc mühasiblər kassa dedikdə vergi orqanı tərəfindən quraşdırılan nəzarət kassa aparatlarını (NKA) yaxud marketlərdə gördükləri kassaları təsəvvür edirlər. Belə yanaşma doğrudur, amma yarımçıqdır. Kassa dedikdə yalnız fiziki aparat təsəvvür etməyin.
Əslində, Azərbaycan dilinin izahlı lüğəti də “kassa” anlayışının bir neçə variantını şərh edir, məsələn:
- pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq;
- idarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək üçün xüsusi şöbə;
- idarə və ya müəssisənin nağd pulu və sair.
Mühasibat uçotunda “kassa” dedikdə yalnız fiziki mövcud olan kassanı nəzərdə tutmuruq. Bu anlayış pul vəsaitlərinin saxlamaq və əməliyyat aparmaq üçün xüsusi avadanlıq (dəmir kassa, nəzarət kassa aparatı və sair) kimi istifadə ilə yanaşı, həm də müəssisələrdə nağd pul vəsaitlərini qəbul etmək, saxlamaq, vermək və s. üçün xüsusi şöbə (kassanı açmaq, bağlamaq), habelə idarə və ya müəssisənin nağd pulu (kassanı yoxlamaq, kassanı təhvil vermək və sair) anlamında da işlədilir.
Kassa aparatı, müəssisənin kassası
Gəlin anlayışları bir az da dəqiqləşdirək. Belə dəqiqləşmə gənc mühasiblərə və sahibkarlar üçün vacibdir.
Kassa aparatı müştərilərdən pul vəsaitlərini qəbul etmək, bəzi hallarda onlara vermək (məsələn, malları geri qaytarılması) üçün lazım olan avadanlıqdır. Belə bir neçə avadanlıq ola bilər və onların hər biri üzrə hesabat sənədləri tərtib edilir.
Nəzarət kassa aparatına gəlincə o, vergi orqanlarının bizim satış, pul dövriyyəmizə nəzarət etməsi üçün quraşdırdığı aparat təminatıdır.
Müəssisənin kassası (əməliyyat kassası) bütün kassa əməliyyatlarının (qəbul, saxlama, məxaric) məcmusudur. Bütün nağd pul vəsaitləri, o cümlədən kassa aparatında toplanmış pullar, müəssisənin xəzinəsinə daxil olur. Müəssisənin fəaliyyəti ilə bağlı bütün nağd məsrəflər kassadan həyata keçirilir, kassada toplanmış vəsaitlər bank hesablaşma hesabına köçürülür. Ayrıca otaq, otaqda seyf, hətta iş masasının siyirməsi kassa məqsədiylə istifadə edilə bilər.
Kassa əməliyyatları nağd pul vəsaitləri ilə aparılan əməliyyatlardır. Buraya:
- onların qəbulu, saxlanması və verilməsi ilə bağlı əməliyyatlar, habelə;
- müəssisələrin, bankların fiziki və hüquqi şəxslərlə apardıqları nağd əməliyyatlar addir.
Bütün kassa əməliyyatları kassa sənədləri əsasında aparılır. Bu zaman kassa intizamına riayət etmək zəruridir.
Kassa intizamı nağd pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması ilə bağlı əməliyyatlar (kassa əməliyyatları) aparılarkən əməl edilməli olan qaydalar məcmusudur.
Kassa əməliyyatlarının aparılması qaydaları
Vergi ödəyiciləri kassa əməliyyatlarını AR NK-nın 30.09.2020-ci tarixli 365 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” əsasında aparmalıdırlar. Nağd pul vəsaitləri ilə hesablaşmalara qoyulan məhdudiyyətlər, habelə nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi “Nağdsız hesablaşmalar haqqında ” AR qanunu ilə tənzimlənir.
Kassa əməliyyatların aparılması qaydaları aşağıdakılar özündə birləşdirir:
- pul vəsaitlərinin təhlükəsizliyinin və kassanın fəaliyyətinin təmin edilməsi üzrə təşkilati-hüquqi prosedurlar;
- nağd pul vəsaitlərinin qəbulu və verilməsi, habelə kassa sənədlərinin işlənməsi qaydaları;
- fərqli valyutalarla əməliyyatlarının aparılması proseduru;
- təhtəlhesab məbləğlərlə əməliyyatların uçotu qaydası;
- ödənən məbləğlərin yuvarlaqlaşdırılması üsulu;
- nağd pul vəsaitləri ilə hesablaşmalara məhdudiyyətlər;
- pul vəsaitlərinin inkassasiyası qaydası;
- bank ödəniş kartlarından istifadə etməklə hesablaşmaları tənzimləyən qaydalar;
- ciddi hesabat blanklarının uçotu və saxlanması;
- elektron pulla ödənişlər;
- nəzarət-kassa aparatlarından istifadə qaydasını;
- nağd ödənişlər zamanı vergi uçotu üsulları.
Qeyd edilən prosedur, qayda və üsullar vergi ödəyicisinin uçot siyasətində və digər lokal normativ hüquqi aktlarda öz əksini tapmalıdır.
Nağd pul əməliyyatlarının rəsmiləşdirilməsi
Kassa əməliyyatları standart formalarda tərtib edilmiş ilkin uçot sənədləri əsasında aparılır. Pul vəsaitləri ilə əməliyyatların rəsmiləşdirilməsi zamanı istifadə edilən əsas ilkin sənədlər aşağıdakılardır:
- “Kassa mədaxil orderi” – forma KO-1;
- “Kassa məxaric orderi” – forma KO-2;
- “Daxil olan və çıxan kassa sənədlərinin qeydiyyatı jurnalı” – xüsusi forması yoxdur, vergi ödəyicisi tərəfindən aparılması könüllüdür;
- “Kassa kitabı” (forma KK-1);
- “Pul saxlancında olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı” – (“Kredit təşkilatlarında kassa əməliyyatların aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na 5 saylı əlavə);
- “Əməkhaqqının hesablama-ödəmə cədvəli – forma N-1HÖC;
- “Əməkhaqqı ödəmə cədvəli ” Forma N-2ÖC.
Kassa əməliyyatlarının subyektliləri
Kassa əməliyyatlarının əsas subyektləri – müəssisənin rəhbəri, baş mühasibi və xəzinədarıdır (kassiri). Həmçinin digər əməkdaşlar, fiziki və hüquqi şəxslər bu əməliyyatlarda iştirak edə bilər.
Xəzinədarın vəzifələrinə tələb olunan formada tərtib edilmiş kassa orderləri (mədaxil yaxud məxaric) əsasında nağd pul vəsaitlərinin qəbulu, saxlanması və verilməsi daxildir. O, həmçinin kassada pul vəsaitlərinin mövcudluğunun və qalığının maliyyə sənədlərinə uyğunluğunu yoxlayır, bu uyğunluğu kassa sənədlərinin qeydiyyatı jurnalında və tikilmiş, nömrələnmiş və möhürlənmiş kassa kitabında qeyd edir. Xəzinədar vəzifə təlimatı tanış edilir, bunu onun imzası təsdiq edir. Şirkətdə bir neçə kassir varsa, onlardan biri böyük kassir vəzifəsinə təyin olunur.
Baş mühasib mədaxil və məxaric orderlərini öz imzası (varsa, möhürü ilə) təsdiq edir, həmçinin digər məxaric sənədlərini – qaimə-fakturaları, qaimələri, aktları yoxlayır və qəbul edir. Kassa kitabının düzgün tərtibinə də baş mühasib cavabdehdir.
Müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilmiş və acıqlanmayan müddətlərdə kassanın inventarizasiyası aparılır. Bu zaman kassada olan bütün nağd pul vəsaitləri, qiymətli kağızlar və digər qiymətlilər tam şəkildə sayılaraq yoxlanılır. Yoxlama zamanı AR Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 saylı 16.07.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”nın tələbləri nəzərə alınmalıdır.
Mühasibatlıqda kassa əməliyyatlarının uçotu
Kassaya pul vəsaitlərinin daxil olması mədaxil orderi əsasında 221 nömrəli “Kassa” hesabı üzrə debet yazılışı verməklə qeydə alınır. Pul vəsaitlərinin kassadan məxarici isə məxaric orderiylə rəsmiləşdirilir, sözügedən hesaba kredit yazılışı verilməklə müxabirləşmə aparılır.
Əgər bank hesabınızdan pul vəsaitini məxaric edirsinizsə ilk olaraq onun kassaya mədaxil edilməsini əks etdirməlisiniz. Mədaxil əməliyyatının təyinatı bank sənədində göstərilir (pul çekində, bankın kassa məxaric orderində). Təyinatlar müxtəlif ola bilər, məsələn, malların, xidmətlərin alışı, digər təsərrüfat məqsədləri üçün mədaxil. Ümumiyyətlə vergi ödəyicisinin kassasına vəsaitlər onun bankından, debitor şirkətlərdən, təhtəlhesab şəxslərdən, təsisçilərdən, başqa müəssisələrdən götürülmüş borclardan, habelə digər qanuni mənbələrdən daxil ola bilər. Kassa əməliyyatları zamanı istifadə edilən mədaxil orderi ciddi hesabat blankıdır. Orada daxilolmanın təyinatı, mənbəyi mütləq əks etdirilməlidir.
Kassa məxaric orderi ciddi hesabat blankı olmasa belə, hər iki sənəddə pulu ödəyən şəxslərin, məxaric orderində isə əlavə olaraq pulun verildiyi şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin məlumatları göstərilməli, onun tərəfindən imzalanmalıdır.

