Azərbaycanda mühasibat uçotunun aparılması üzrə qanunvericilik

Azərbaycan Respublikası ərazisində kommersiya təşkilatlarında mühasibat uçotunun beynəlxalq standartları əsasında aparılmasının, o cümlədən maliyyə hesabatlarının beynəlxalq standartlara (MHBS / IFRS) uyğun hazırlanması və təqdim edilməsinin hüquqi əsasını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu təmin edir. Qanunun tələbləri həm hüquqi şəxslərə, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir. Təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericilik aktının əhatə etdiyi bütün şəxslər “mühasibat uçotu subyektləri” adlandırılır.

Eyni zamanda, qeyd etmək vacibdir ki, Qanun Ələt azad iqtisadi zonasına şamil edilmir. Həmin iqtisadi zonada mühasibat uçotunun tənzimlənməsi, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi “Ələt azad iqtisadi zonası haqqında” AR Qanununun tələblərinə uyğun həyata keçirilir.

“Mühasibat uçotu haqqında” 4.1-ci maddəsinə görə “mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi” respublikada Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğun maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdir. Beynəlxalq standartlara uyğun hesabatların tərtibi və uçotun aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarları ilə təsdiq edilmiş aşağıdakı qaydalardan istifadə olunur:

  1. Maliyyə Hesabatlarinin Beynəlxalq Standartlarina əsasən mühasibat uçotunun aparilmasi qaydaları;
  2. İctimai Sektor Üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;
  3. Kiçik və Orta Sahibkarlıq Subyektləri Üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları.

MHBS-in (IFRS) tarixini qısa baxış

ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələri təmsil edən mühasiblərdə mühasibat uçotu standartlarının beynəlxalq səviyyədə tənzimlənməsi ideyası 1973-cü ilə yarandı. Belə ki, müxtəlif ölkələrdə uçotun fərqli prinsip və qaydaları biznes əməliyyatlarına mane olurdu. Nəticədə ilk ümumi qaydalar toplusunu hazırlayacaq Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) yaradıldı.

Mühasibat xidmətləri

2001-ci ildə IASC Komitəsi müasir Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasına (IASB) çevrildi. Şura gün də fəaliyyət göstərir və yeni standartlar hazırlayır. MHBS (IFRS)  məhz bu dövrdə meydana çıxdı.

2005-ci il  Avropa İttifaqı bütün böyük şirkətlərə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS/ IFRS) qəbul etməsini tapşırdı. Bu artıq standartların qlobal səviyyədə tanınması demək idi.

2001-ci ilədək qəbul edilmiş standartlar Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS/ IAS), sonrakı illərdə hazırlanmış standartlar isə Maliyyə Hesabatları Beynəlxalq Standartları (MHBS/ IFRS) kimi tanınır.

Kommersiya təşkilatlarında MHBS (IFRS) əsaslı mühasibat uçotu

Azərbaycan Respublikasında fəaliyyət göstərən Kommersiya təşkilatlarında MHBS (IFRS) əsaslı uçotun təşkili  “Maliyyə Hesabatlarinin Beynəlxalq Standartlarina əsasən mühasibat uçotunun aparilmasi qaydaları”-na uyğun aparılır. Qaydalar  aşağıdakı mühasibat uçotu subyektlərində beynəlxalq standartlara uyğun mühasibat uçotunun aparılmasını tənzimləyir:

  • kredit təşkilatları istisna olmaqla bütün kommersiya təşkilatlarında;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə;
  • publik hüquqi şəxslərdə.

Sonuncu sıradan Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna təşkil edir; bu sənəd onlara tətbiq edilmir.

Qaydalar 14 fəsildən və 4 əlavədən ibarətdir. İlk fəsil kommersiya təşkilatlarında mühasibat uçotnun beynəlxalq standartlarına uyğun uçotun aparılması zamanı tətbiq edilən əsas anlayışları, prinsipləri, maliyyə hesabatlarının tərkibini, onların keyfiyyət göstəricilərini şərh edir. Sənəddə maliyyə hesabatlarının tam toplusunun tərkibi aşağıdakı kimi müəyyən edilib:

  • maliyyə vəziyyəti haqqında hesabat;
  • mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;
  • kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə);
  • pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

Bu hesabatların formaları sənədin 1-4-cü əlavələrində verilib.

Qaydaların 2-4-cü fəsilləri maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi, ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi, mühasibat uçotu xidmətinin təşkili kimi məsələlərin MUBS (IFRS) əsaslı şərhini ehtiva edir.

Praktik mühasibləri maraqlandıran daha çox sənədin 5-14-cü fəsilləridir. Həmin fəsillərdə kommersiya təşkilatlarında MHBS (IFRS) əsaslı mühasibat uçotunun aparılması, o cümlədən kommersiya təşkilatlarında tətbiq edilən Mühasibat uçotunun Hesablar Planı, onun tərkib hissəsi olan uçot hesabları, hesablar üzrə mühasibat qeydlərinin verilməsi qaydaları şərh olunur.

Kommersiya təşkilatları üçün Hesablar Planı

Mühasibat uçotunun Hesablar Planının təyinatı “Maliyyə Hesabatlarinin Beynəlxalq Standartlarina əsasən mühasibat uçotunun aparilmasi qaydaları”-nın  2.1.6 maddəsi ilə müəyyən olunub. Həmin maddəyə görə “Mühasibat uçotunun Hesablar Planı – uçota alınan obyektlərin və məqsədlərin mühasibat uçotunun müəyyən edilmiş əlamətlərinə görə qruplaşdırılmış və rəqəmlərlə göstərilmiş sintetik hesabları və subhesabları məcmusudur. Hesablar planı maliyyə hesabatlarının göstəriciləri ilə uçot göstəriciləri arasında uyğunluğu təmin edir.”

Kommersiya təşkilatlarının MHBS (IFRS) əsaslı Hesablar Planı Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsaslanan ehtimallar (prinsiplər), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına uyğun olaraq hazırlanaraq təsdiq edilmişdir.

Hesablar planı aşağıdakı 9 bölmədən ibarətdir:

  1. “Uzunmüddətli aktivlər”;
  2. “Qısamüddətli aktivlər”;
  3. “Kapital”;
  4. “Uzunmüddətli öhdəliklər”;
  5. “Qısamüddətli öhdəliklər”;
  6. “Gəlirlər”;
  7. “Xərclər”;
  8. “Mənfəətlər (zərərlər)”;
  9. “Mənfəət vergisi”.

Bölmələrin tərkibinə daxil olan ayrı-ayrı uçot hesabları, onlar üzrə müxabirləşmələrlə buradan tanış olmaq olar.

Hesablar Planının ayrı-ayrı uçot hesablarında toplanan məlumatlar kommersiya təşkilatlarında MHBS (IFRS)-ə uyğun “Maliyyə vəziyyəti haqqında hesabat”-ın hazırlanmasında istifadə edir. Bu məlumatlar hesabatları dolğun təqdim etməyə imkan yaradır.