Sosial imtiyazlı şəxslərə kvota üzrə iş yerləri ayrılacaq

posted in: Xəbər | 0
birbank biznes

iş yerləri«Məşğulluq haqqında»  Qanuna dəyişikliklər işsizlər və işaxtaranlar üçün yeni imkanlar vəd edir

Prezident İlham Əliyevin 29 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Məşğulluq haqqında» Qanun bu sahədə idarəetmə mexanizmlərinin işə salınması üçün bir sıra yeni imkanlar yaradır:

  • Sosial-iqtisadi inkişaf prosesləri, aparılan köklü islahatların məşğulluğa və əmək bazarına təsirinin artması;
  • Aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsi;
  • Özüməşğulluq proqramının icrası, məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşmalar;
  • Əhalinin məşğulluğunun artırılmasına yönəlik tədbirlərdə mütərəqqi iş mexanizmlərinin tətbiqi;
  • İşsizlikdən sığorta sisteminin qurulması.

İndiyə qədər qüvvədə olmuş qanuna əsasən, muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil olduğu halda, yeni qanunda bu aradan qaldırılıb. Muzdla işləyənlərə yalnız Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Daha bir yenilik isə ailə-kəndli təsərrüfatının üzvlərinin məşğul şəxslər hesab edilməsidir.

Yeni qanunda «işsiz» və «işaxtaran» şəxslər anlayışları dəqiqləşdirilib. Yəni iş yeri və qazancı olmayan, işə başlamağa hazır olub işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilir. İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Boş iş yerlərinin elektron bankı yaradılır

Qanundakı yeniliklərdən biri də məşğulluq xidmətlərinin, əsasən, elektron müstəvidə təşkil edilməsidir. Məsələn, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını (dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə edilməklə), işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını nəzərdə tutur. Qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, iş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilib, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və digər prosedurlar qanunda dəqiq müəyyən edilib. Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.

Dövlətin işaxtaranlar və işsiz şəxslər üçün təminatları sırasında özüməşğulluğa kömək göstərilməsi də qeyd olunur. Sənəddə özüməşğulluq tədbirlərinin mərhələləri və müddətləri, monitorinq, əmlakların qaytarılması və digər prosedurlar əhatə olunur. Kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də 1 il ərzində özüməşğulluğa cəlb edilmiş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə özüməşğulluğa cəlb edilə bilər. İşsiz şəxslərin özüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

 «Fərdi məşğulluq proqramı»na gəlincə, qanunda işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur. Qanunda, həmçinin, məşğulluq sahəsində dövlətin vəzifələri, şəxslərin hüquqları, əmək hüququnun həyata keçirilməsində dövlət təminatları, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar, respublika və ərazi məşğulluq proqramlarının hazırlanması, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin təşkili kimi məsələlər də tənzimlənir.

Əlillər, çoxuşaqlı valideynlər, keçmiş məhbuslar, məcburi köçkünlər…

Yeni qəbul olunmuş qanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,  həmin kateqoriyaya əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunda bu təbəqədən olan insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir.

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email