Tam məsuliyyət haqqında müqavilələr ixtiyari qaydada bağlana bilməz. Əmək qanunvericiliyi işçilərin maddi məsuliyyəti, o cümlədən belə müqavilələr bağlana bilən işçilərin kateqoriyalarını müəyyən edir. Bu məqalədə əsas qaydalar nəzərdən keçirilir.
Maddi məsuliyyətin hədləri
Əmək qanunvericiliyi vurulmuş ziyana görə məsuliyyətin məhdud və tam maddi məsuliyyət kimi iki formasını tanıyır. Məhdud maddi məsuliyyət zamanı dəymiş ziyana görə işçi aylıq orta əməkhaqqı məbləğində məsuliyyət daşıyır (Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddə 198). Beləliklə, işçi, məsələn, işəgötürənin əmlakına ziyan vurarsa, maddi öhdəliyin ən yuxarı məbləği işçinin orta qazancıdır.
İşçinin tam maddi öhdəliyi Məcəllənin 199-cu maddəsinə uyğun yaranır, məsələn:
- işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır;
- işçi qəsdən yaxud sərxoş vəziyyətdə işəgötürənə zərər vurduqda;
- işəgötürənin kommersiya sirrini yaydıqda;
- böhtan və iftiralar, yalan məlumatlar yaymaqla işəgötürənin sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda və sair.
Maddi məsuliyyət işçinin vurduğu zərərə görə hər hansı digər növ məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq yaranan müstəqil məsuliyyət növüdür. Yəni, eyni pozuntuya görə, işçi maddi məsuliyyətlə yanaşı intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Tam məsuliyyət haqqında müqavilənin növləri
Maddi məsuliyyət müqaviləsi işçi ilə işəgötürən arasında bağlanmış elə müqavilədir ki, burada birincisi, müəssisənin işçiyə həvalə edilmiş əmlakının təhlükəsizliyini təmin etmək üçün tərəflərin vəzifələri, ikincisi, bu əmlakın təhlükəsizliyinin təmin edilməməsinə görə işçinin maddi məsuliyyəti müəyyən edilir.
Xüsusi hallardan asılı olaraq işçilərin maddi məsuliyyəti aşağıdakı formada ola bilər:
- fərdi;
- kollektiv.
Kollektiv məsuliyyət müqavilə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi zamanı kollektiv üzvlərinin ayrılıqda maddi məsuliyyəti dərəcəsini müəyyənləsdirmək, tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlamaq mümkün olmadıqda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu halda işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır (ƏM, maddə 200.2 və 200.4)
Daha sədə desək, kollektiv yaxud briqada maddi məsuliyyəti işçilərin birgə işi yerinə yetirdiyi, işçilərin fərdi məsuliyyətləri arasında fərq qoymaq mümkün olmadığı hallarda tətbiq edilir. Kollektiv maddi məsuliyyət müqaviləsi daha çox ticarət təşkilatlarında rast gəlinir.
Tam maddi məsuliyyət müqaviləsinin forması
Tam maddi məsuliyyət haqqında müqavilə yazılı şəkildə bağlanır və bu, hansısa daxili sənəd (məsələn, əmr, sərəncam) deyil, məhz müqavilə olmalıdır. Hər iki tərəfdən imzalanmış müqavilənin bir nüsxəsi işçiyə verilir, digəri işəgötürəndə saxlanırlar. İşəgötürənin nüsxəsində işçinin onun surətinin alındığını təsdiq edən imzasını əldə etmək məqsədə uyğun sayılır.
Tam maddi məsuliyyət haqqında müqaviləni əmək müqaviləsi rəsmiləşdirdikdən dərhal sonra yaxud sonradan işəgötürənin əmlakı qəbul aktı əsasında işçiyə təhvil verildikdə bağlamaq olar.
Əgər əsas əmək funksiyası maddi qiymətlilərin mühafizəsi ilə bağlıdırsa və işçi bunu əmək müqaviləsi bağlayarkən bilirdisə, maddi məsuliyyət haqqında müqavilə imzalamaqdan imtina onun əmək vəzifələrini yerinə yetirməməsi deməkdir. Bu vəziyyət işçinin başqa işə köçürülməsinə və ya işdən çıxarılmasına səbəb ola bilər.
Maddi məsuliyyət daşıyan işçi işdən çıxdıqda yaxud başqa işə keçirildikdə ona qarşı heç bir maddi iddianın olmaması barədə sənəd tərtib etmək lazımdır.
Tam maddi məsuliyyət müqaviləsinin formasını buradan yükləyin.
Tam maliyyə məsuliyyəti haqqında müqavilə bağlanılan şəxslər
İşəgötürən işçi ilə əmək müqaviləsi bağlayarkən yaxud əmək münasibətləri prosesində etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə əlaqədar işlər görən (xidmətlər göstərən) işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər. Əsas şərt işçilərin 18 yaşına çatmasıdır.
Beləliklə, tam maddi məsuliyyət müqaviləsi aşağıdakı şərtlər yerinə yetirildikdə bağlana bilər:
- işçi 18 yaşına çatıb;
- işçi pul və ya maddi sərvətlərə birbaşa xidmət göstərir yaxud istifadə edir.
Qeyd edək ki, ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər üçün Əmək Məcəlləsinin 199.2 maddəsi üç istisna müəyyən edir. Yetkinlik yaşına çatmayan işçilər qəsdən zərər vurulduqda, alkoqol, narkotik və ya zəhərli maddələrin təsiri altında olarkən və ya cinayət və ya inzibati xəta törədilməsi nəticəsində tam maddi məsuliyyət daşımalıdırlar. Digər hallarda, bu yaş kateqoriyasındakı işçilər yalnız məhdud maddi məsuliyyətə cəlb edilə bilər.
Tam maddi məsuliyyət haqqında yazılı müqavilələrin bağlanması şərtləri Məcəllənin 200-ci maddəsində şərh olunub.
Kollektiv maddi məsuliyyət haqqında müqavilə
Kollektiv maddi məsuliyyət haqqında müqavilədə aşağıdakıların əks olunması tövsiyə olunur:
- Preambula: tərəflərin standart təsviri – müəssisəni və əmək kollektivini təmsil edən rəhbər şəxslər.
- Müqavilənin mövzusu: sənədin mahiyyətinin təsviri – əmlakın təhlükəsizliyinin təmin edilməməsinə görə kollektivin maddi məsuliyyəti öz üzərinə götürmək öhdəliyi haqqında.
- Ümumi müddəalar: hüquqi normaların sadalanması, məsələn, kollektivin rəhbəri tabeliyində olanlara nəzarət edir və işəgötürən ilkin işçilərin 50% -dən çoxu işdən ayrıldıqda yeni müqavilə tərtib edir.
- Hüquq və vəzifələr: mübahisələrin həllini asanlaşdıran razılaşma çərçivəsi tam maddi məsuliyyət müqaviləsində əks olunur, məsələn, şirkət işçilərə inventarları qorumaq üçün şərait yaratmayıbsa, zərərin ödənilməsini tələb etmək hüququna malik deyil. Bu, sağlam iş münasibətlərini qorumağa kömək edən bir işçi təlimatıdır.
- Uçot və hesabatlılığın aparılması qaydası: qalıqların, ehtiyatlarda dəyişikliklərin və əmlakla bağlı digər əməliyyatların uçotu müəyyən edilir, məsələn, şirkət işçilərin ayda bir dəfə menecerə təqdim etməli olduğu xüsusi hesabat formaları hazırlaya bilər.
- Zərərin kompensasiyası: kollektivin məsuliyyətə cəlb edilməsi şərtləri və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi qaydası, məsələn, istehsal müəssisələri kompensasiyanın məbləğini hesablamaq üçün düsturlardan istifadə edə bilər.
- Rekvizitlər: müəssisə haqqında məlumat, işçilərin tam adları və pasport məlumatları. Bütün iştirakçılar təsvir olunan hüquqları, öhdəlikləri və şərtləri təsdiqləmək üçün müqaviləni imzalayır.
Tərəflər işin mahiyyətindən aşlı olaraq tam maddi məsuliyyət haqqında müqaviləyə əlavə şərtlər əlavə edə bilər.