Məzuniyyətin başqa vaxta keçirilməsi
Məlumdur ki, müəssisə və təşkilatlarda əmək məzuniyyətinin verilməsi tarixi vaxtı əvvəlcədən işçi ilə razılaşdırılaraq məzuniyyət qrafikində qeyd olunur. Lakin bəzi hallarda məzuniyyətin başqa vaxta keçirilməsi zərurəti yaranır, qanuna uyğun formada sənədləşdirilməlidir. İşəgötürən razılaşdırılmış əmək məzuniyyətinə çıxma tarixini birtərəfli qaydada dəyişdirə bilməz, bu, yalnız işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşmaya əsasən mümkündür.
Məzuniyyətin başqa vaxta keçirilməsi üçün işçinin əsaslandırılmış yazılı ərizəsi tələb olunur. Ərizə əsasında işəgötürən sərbəst formada əmr verir, məzuniyyətin təxirə salınma səbəbini və yeni məzuniyyət tarixləri əmrdə qeyd olunur. Məzuniyyətin vaxtının dəyişdirilməsinə həm işçi, həm də işəgötürənin təşəbbüs göstərə bilər.
İşçinin istəyinə əsasən məzuniyyət vaxtının dəyişdirilməsi aşağıdakı hallarda mümkündür: (Əmək Məcəlləsi, maddə134)
- əmək qabiliyyəti müvəqqəti itirildikdə;
- əmək məzuniyyəti sosial məzuniyyətlə eyni vaxta düşdükdə;
- işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.
Əgər işçinin müəyyən olunmuş məzuniyyət tarixi istehsalın, işin normal gedişıinə xələl gətirmiş olarsa, işəgötürənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu halda da işçinin yazılı razılığı tələb olunur.
Məzuniyyət vaxtının dəyişdirilməsi ərizəsi
İllik ödənişli əmək məzuniyyətinin vaxtının dəyişdirilməsi üçün ərizə istənilən formada tərtib edilə bilər, onun məcburi forması yoxdur. Bəzi hallarda ərizəyə lazımi təsdiqedici sənədlərin də əlavə olunması tələb edilə bilər (məsələn, əmək qabiliyyətinin itirilməsi barədə müvafiq sənəd). Ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
- müəssisənin adı;
- ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı, vəzifəsi);
- ərizəni yazan şəxs (işçinin tam adı, vəzifəsi);
- məzuniyyətin növü, ilkin məzuniyyət müddəti;
- məzuniyyət vaxtının dəyişilmə səbəbi;
- yeni məzuniyyətin başlama tarixi, müddəti;
- işçinin tam adı, imzası;
- ərizənin tarixi.
Aşağıdakı keçiddən əmək qabiliyyətinin itirilməsilə əlaqədar olaraq işçinin məzuniyyətinin başqa vaxta keçirilmişi üçün ərizə formasına nümunəsini yükləmək olar.
Məzuniyyətin başqa vaxta keçirilməsi üçün ərizə formasını yüklə
Məzuniyyətin başqa vaxta keçirilməsi əmri
Məzuniyyət vaxtının dəyişdirilməsi işəgötürənin əsaslandırılmış əmri əsasında rəsmiləşdirilir və məzuniyyət cədvəlində müvafiq dəyişikliklər edilir. Əmrdə məzuniyyətin dəyişilmə səbəbi, bunun işçinin yaxud işəgötürənin təşəbbüsü əsasında olması, məzuniyyətin veriləcəyi tarix mütləq qeyd edilməlidir.
Məzuniyyətin başqa vaxta keçirilməsi üçün əmr formasını yüklə
Beləliklə, əmrdə aşağıdakı məlumatlar qeyd olunur:
- müəssisənin adı;
- əmrin nömrəsi, hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi bölmə, vəzifə;
- məzuniyyətin növü, ilkin müddəti;
- məzuniyyət vaxtının dəyişilmə səbəbi;
- yeni məzuniyyətin başlanğıc və bitmə tarixi;
- məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
- işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
- işçinin imzası.
Əmr də ərizə kimi sərbəst formada tərtib edilir və müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olur və onu imzalayır. Məzuniyyətin dəyişdirilməsi əmrinin saxlanma müddəti ən azı 5 ildir.