Minimum əməkhaqqına ildə bir dəfə yenidən baxılacaq

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişiklik edilib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman da imzalayıb.

Son illər dövlətimizin başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən, bu islahatlar minimum əməkhaqqının da 3,1 dəfə artırılmasına imkan verib.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib.

Mühasibat xidmətləri

Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə imkan yaradır.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məcəllədə həmçinin bəzi texniki dəyişikliklər də edilib.

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya