Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma

posted in: Xəbər | 0
birbank biznes

Qanunvericiliyə görə hazırda mövcud olan vergilər, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə görə inzibati və cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Bu yazıda həmin məsuliyyət tədbirləri və məsuliyyətdən azadolma hallarını qeyd etməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl bu məcburi ödənişlərin verilməsi üzrə hüquqi fakt sayılan əmək müqaviləsinin qüvvəyə minməməsi ilə bağlı da məsuliyyət tədbirləri olmasını qeyd edək. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə müəyyən edilmiş qaydada (elektron sistem üzrə) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət tədbirləri (fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3-5 min manatadək məbləğdə, hüquqi şəxslər 20-25 min manatadək məbləğdə cərimə) nəzərdə tutulmuşdur.

Bu əməl xeyli sayda (10 nəfər və daha çox) işçi barəsində tətbiq edilərsə, cinayət məsuliyyətinə səbəb olur və əməli törətmiş şəxs barəsində cinayət hüquqi tədbirlər (7-10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə) tətbiq edilir. Cinayət məsuliyyəti törədilən əməl üzrə

  • işçilərlə əmək müqaviləsi bağladıqda,

  • ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə

əməli törədən şəxs birinci dəfə üçün cinayət məsuliyyətindən azad edilir.


İstifadə edilməmiş məzuniyyət günləri barədə


Mövzu çərçivəsində qeyd edək ki, az miqdarda (50 min manatadək) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə həmin məbləğin 30-70 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. Əvvəlki halda olduğu kimi bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Şəxs tərəfindən xeyli miqdarda (50 min manatdan çox) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə isə cinayət məsuliyyəti nəzərdə tutulur və şəxs barəsində müvafiq cinayət hüquqi tədbirlər (cinayət nəticəsində vurulmuş ziyanın 2-3 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə) tətbiq edilir.

Onu da qeyd edək ki, inzibati qaydada olduğu kimi cinayət məsuliyyəti halında da əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.


İşləməyə icazə verilən yaş hədləri


Print Friendly, PDF & Email