Ofşor ölkə ilə güzəştli vergi tutulan ölkənin eyniləşdirilməsi düzgündürmü?

posted in: Xəbər | 0
birbank biznes

ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Bəzən ofşor ölkə və ya ofşor zona ilə güzəştli vergi tutulan ölkə və ya ərazi anlayışlarının eyni olduğu düşünülür. Bu anlayışların bir-birindən fərqini vergi mütəxəssisi İlqar Əsədov şərh edir.

Burada bir neçə məqamı nəzərdən keçirmək yerinə düşər. İlk növbədə Vergi Məcəlləsində anlayışlara verilən təriflərə diqqət yetirmək lazımdır.

“Güzəştli vergi tutulan ölkə və ərazi” anlayışı Vergi Məcəlləsinin 128-ci maddəsində açıqlanır: “Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən iki dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür”.

Gördüyümüz kimi, hər hansı ölkənin və ya ərazinin güzəştli vergi tutulan ölkə və ya ərazi siyahısına daxil edilməsi üçün iki şərt var:

• vergi dərəcəsi (əsas etibarilə gəlirdən, mənfəətdən tutulan vergi) bizim Vergi Məcəlləsində müəyyən edilmiş dərəcədən iki dəfə və ya daha çox aşağı olmalıdır;

• qanunvericiliyində maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair aktlar olan ölkə olmalıdır.


Vergi orqanının tələbi ilə maliyyə hesabatını kim təqdim etməlidir?


Hər il Azərbaycan Respublikası Prezidenti güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısını müəyyən edir.

Ofşor anlayışına gəlincə, bu, beynəlxalq anlayışdır. Bu anlayışın mənbəyi hər hansı ölkənin qanunvericiliyinin, o cümlədən vergi qanunvericiliyinin digər dövlətlərə nəzərən fərqli olması olsa da, vergi dərəcəsinin konkret miqdarı və s. ilə müəyyən edilmir, adətən, həmin ölkənin iqtisadi siyasətindən irəli gəlir.

Ofşor zona anlayışı ilə bağlı siyahı konkret qurum tərəfindən tərtib edilmir. Ofşor zonaların siyahısını müxtəlif qurumlar tərtib edir. Anlayış elastik olduğu üçün bəzi qurumların ofşor zona hesab etdikləri ərazini başqa qurumlar ofşor zona kimi tanımır.

Ofşor zonaların şirkətlər üçün əsas üstünlüyü orada əlverişli vergi mühitinin olmasıdır. Amma ofşor zonaları müəyyən edən qurumlar, heç də diqqəti yalnız vergi məsələləri üzərində cəmləşdirmirlər. Həmin zonalar terrorçuluğun maliyyəşdirilməsi, çirkli pulların yuyulması, qeyri-qanuni əldə edilmiş əmlakın leqallaşdırılması və s. kimi əməliyyatlarla əlaqələndirilir.

Həmin zonalarda şirkət yaratmaq son dərəcə rahatdır. Burada başqa bir problem eyni hüquqi ünvanda onlarla şirkətin ola bilməsidir. Əslində isə hər hansı şirkətin faktiki ünvanını görmək üçün həmin əraziyə getsəniz, orada heç bir şirkətin olmadığını görəcəksiniz.

Bu və ya digər ərazinin “ofşorluğu” yalnız vergilərdən deyil, bir sıra amillərdən, məsələn, beynəlxalq arenada həmin yurisdiksiyanın necə qəbul edilməsindən də asılıdır. Məsələn, Honkonq güzəştli vergi tutulan ərazi hesab edilsə də, adətən, onun adını ofşor siyahılarında deyil, “midşor” siyahıda görürük.

Nəticə olaraq deyə bilərik ki, “güzəştli vergi tutulan ölkə və ya ərazi” ilə “ofşor” anlayışı bir çox məqamda üst-üstə düşsə də, əslində, onların müəyyən edilməsində fərqli yanaşmalar mövcuddur. Bununla yanaşı, həmin anlayışları kimin necə qəbul etməsində də müəyyən fərqlər vardır. Birincinin siyahısını hər ölkə özü üçün müəyyən edir, ikinci anlayış isə elastik və nisbi xarakteri ilə seçilir. Ofşor anlayışının əhatəsinə düşən ölkə və ya əraziləri öz məqsəd və hədəfləri üçün müxtəlif qurumlar (AŞ, Beynəlxalq Valyuta Fondu və s.) müəyyən edir.

Mənbə: vergiler.az


Təhsil məzuniyyəti zamanı məzuniyyət haqqının hesablanması və rəsmiləşdirilməsi


Print Friendly, PDF & Email