Peşəkar mühasib sertifikasiyası vergi daxilolmalarına müsbət təsir edir

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikasiyası prosesi, ilk növbədə, uçotun şəffaflaşması və keyfiyyətinin yüksəldilməsi, həmçinin beynəlxalq mühasibat standartlarına uyğun qurulması və dövlətin fiskal siyasətinə dəstək vermək məqsədilə tətbiq edilmiş prosesdir”. Bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov Maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma üzrə I Beynəlxalq Simpoziumda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu prosesin təşkili və icrasında Dövlət Vergi Xidməti, xüsusilə DVX-nin Tədris Mərkəzi əhəmiyyətli rol oynayıb: “Peşəkar mühasiblərin sertifikasiyası “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu məqsədlə 2019-cu ildə sözügedən Qanuna müvafiq dəyişikliklər edilib. Həmçinin, həmin ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Qeyd edilən aktların qəbulu ilə bu prosesin normativ-hüquqi bazası formalaşıb. Lakin həmin Qaydaların təşkilinə kimi bu sahədə ixtisaslaşmış ictimai təşkilatlar – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və “Azərbaycan Gənc Mühasiblər” İB tərəfindən çoxlu sayda müzakirələr və məsləhətləşmələr aparılıb. Müzakirələrdə DVX-nin Tədris Mərkəzinin əməkdaşları vergi qanunvericiliyi üzrə ekspert kimi yaxından iştirak ediblər”.

R.Əhmədov əlavə edib ki, 20.01.2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi, DVX və qeyd edilən ictimai birliklər arasında birgə memorandum imzalanıb.

Məqsəd sənədi imzalayan tərəflərin PMS üzrə imtahanların məzmun və strukturunun formalaşdırılması, təbliği, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin paylaşılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlığının qurulması olub.

Şöbə rəisi artıq mühasiblərin 30-40 faizinin bu sertifikasiyadan keçərək müvafiq sertifikatlara yiyələndiyini, digərlərinin isə müəyyən kurslar vasitəsilə PMS imtahanlarına hazırlaşdıqlarını, tədris prosesində DVX-nin də mühüm rol oynadığını vurğulayıb: “Tədris Mərkəzində hər il mühasiblər üçün ödənişsiz olaraq seminarlar təşkil edərək onları vergi qanunvericiliyindəki yeniliklərlə bağlı məlumatlandırırıq. Eyni zamanda, əməkdaşlarımız həm sertifikasiya imtahanlarında istifadə olunan sualların formalaşmasında, həm onun qapalı rejimdə ekspertizasında, həm də imtahan nəticələrinin yoxlanılmasında yaxından iştirak edirlər”.

Mühasibat xidmətləri

Sorğu bazasının formalaşmasının vergi uçotuna uyğunluğu ilə bağlı məsələyə toxunan R.Əhmədov bildirib ki, ekspertiza zamanı sualların vergi qanunvericiliyində edilmiş yeniliklərə uyğunluğu yoxlanılır: “Əvvəllər sualların formalaşmasında bir pərakəndəlik mövcud idi. Artıq son illərdə bu məsələlər də aradan qaldırılıb. 10 ballıq test tapşırıqlarında istifadə olunan cədvəllərin vahid formaları təsdiq edilib və sualları hazırlayarkən həm vergi qanunvericiliyinə, həm də vergi inzibatçılığına əsaslanırıq. Çalışırıq ki, sualların quruluşu tətbiq edilən vergi hesabatlarına uyğun olsun. Bu da müəssisələrdə vergi uçotunun təşkili ilə bağlı problemlərin aradan qalxmasına müəyyən dərəcədə kömək etmiş olur. Biz vergi yoxlamaları zamanı PMS imtahanlarından keçən baş mühasiblərin çalışdığı müəssisələrdə vergi uçotunun daha dəqiq aparıldığının şahidi oluruq. Belə ki, sertifikatlı mühasiblərin fəaliyyəti nəticəsində müəssisələrdə vergi hesabatları daha dəqiq tərtib olunur, bu isə dövlət büdcəsinə vergi daxilolmalarının artan dinamika ilə inkişafına öz müsbət təsirini göstərir”.

Xatırladaq ki, qanunvericilikdə peşəkar mühasib olmayan şəxslərin baş mühasib kimi işə götürülməsinə görə hüquqi məsuliyyət də nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az

“Prefiling” sistemi: mikro və kiçik sahibkarlar üçün asan vergi bəyannaməsi