Azərbaycanda standart iş vaxtı gündəlik 8 saatdan, həftədə 40 saatdan artıq ola bilməz. Hər bir işçi kateqoriyası üçün illik iş vaxtı norması Əmək Məcəlləsinin müddəalarına uyğun təyin edilir, əmək müqaviləsində həftəlik normal iş vaxtı qeyd edilir. Qanunvericilikdə təşkilatın, onun ayrı-ayrı struktur bölmələrinin iş rejimindən asılı olaraq onun aşağıdakı növləri tətbiq edilir:
• tam iş vaxtı;
• qısaldılmış iş vaxtı;
• natamam iş vaxtı.
Standart iş həftəsinin 40 saata qədər davam edə bilməsinə baxmayaraq, müəyyən kateqoriya işçilərin, əməkhaqqı azaldılmadan, iş saatlarının azaldılması hüququ var.
Qısaldılmış iş vaxtı nədir?
Bu, tərkibi normativ hüquqi aktlarda nəzərdə tutulmuş bəzi işçi kateqoriyaları üçün müəyyən edilmiş əmək zəmanətidir. Qısaldılmış iş vaxtı işçiləri peşə fəaliyyəti ilə bağlı əlverişsiz amillərdən qorumaq üçün tətbiq edilir və onun müddəti şəxsin yaşından, vəzifəsindən, səhhətindən, ailə vəziyyətindən ailə şəraitindən asılı ola bilər.
| Qısaldılmış iş vaxtı – qanunla müəyyən edilmiş normal iş vaxtı ilə müqayisədə daha qısa iş vaxtı rejimidir. |
Qısaldılmış iş vaxtı işçi adi 40 saatlıq həftə ilə müqayisədə daha az saat işləyir. Belə işçi kateqoriyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:
- yaşa görə;
- sağlamlıq durumuna (səhhətə) görə;
- əmək şəraitinə görə.
Yaşa görə qısaldılmış iş vaxtı aşağıdakılar tətbiq olunur:
- 16 yaşa çatmamış işçilərə – həftəlik 24 saatdan çox olmamaqla;
- 16 yaşdan 18 yaşadək işçilərə – həftəlik 36 saatdan çox olmamaqla.
Aşağıdakı işçilərin sağlamlıq durumuna görə qısaldılmış iş vaxtı belə tətbiq olunur:
- əlilliyi orqanizmin funksiyalarının 61-100 faiz pozulduğu üçün müəyyən edilən şəxslərə;
- hamilə qadınlara;
- yaş yarımadək uşağı olan qadınlara;
- təkbaşına 3 yaşadək uşağını böyüdən valideynlərə.
Əmək şəraiti və əmək funksiyalarının xarakterindən asılı olaraq qısaldılmış iş vaxtı Əmək Məcəlləsinin aşağıdakı maddələrinə uyğun şərtlər çərçivəsində tətbiq olunur:
- Maddə 92: “Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər – həftədə 36 saatdan çox olmamaqla”;
- Maddə 93: “Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən amillər olan əmək şəraitli iş yerlərində çalışanlar (həkimlər, müəllimlər, elektroteхniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlər) – həftə ərzində 36 saatdan çoх olmamaq şərti ilə”.
Əmək şəraitinə görə qısaldılmış iş vaxtı müəyyən edilən peşə və vəzifələrin tərkibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin uyğun qərarı ilə tənzimlənir.
Qısaldılmış iş vaxtı natamam iş vaxtından nə ilə fərqlənir?
Həm qısaldılmış, həm də natamam rejimdə iş saatlarının tam iş vaxtına nisbətən azaldılmasına baxmayaraq, qısaldılmış iş vaxtı natamam iş vaxtı hesab edilmir. Belə ki, birinci halda iş vaxtı qanunvericiliyin tələblərinin icrası üçün tətbiq edilir, məcburidir. İkinci halda isə tərəflərin razılığı ilə, könüllük əsasında müəyyən edilir; bunu əmək müqaviləsi bağlanarkən yaxud onun qüvvədə olduğu sonrakı müddətdə razılaşdırmaq olar. Yəni:
- natamam iş vaxtına keçid könüllü təşəbbüsdür;
- işəgötürən mütəxəssisin istəklərini nəzərə almalıdır, lakin istehsal şəraitinə zərər verməməlidir.
Qısaldılmış iş vaxtı rejimində işçilərə də qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində natamam iş vaxtı rejimi tətbiq edilə bilər. Bu halda natamam iş vaxtı və uyğun əməkhaqqı işçinin çalışdığı qısaldılmış iş vaxtına nəzərən hesablanır.
Qısaldılmış iş vaxtının xarakterik əlamətləri
Beləliklə:
- onun müddəti tam iş vaxtına nisbətən azdır;
- müvafiq əsaslar mövcud olduqda qanunun xüsusi göstərişinə əsasən işçilərin qısaldılmış iş vaxtında işləmək hüququ yaranır;
- onun müddəti, təyin edilməsi şərtləri normativ hüquqi aktlarda, məcburi hal kimi müəyyən edilib;
- qısaldılmış iş vaxtı normativ aktlarda (əmək müqaviləsi, kollektiv müqavilə və sair) nəzərdə tutula bilər.
- onun tətbiqi işəgötürənin vəzifəsidir, ondan imtina edilə yaxud müddəti artırıla bilməz;
- onun tətbiqi zamanı əməkhaqqı normal iş vaxtı üçün nəzərdə tutulmuş məbləğdə müəyyən edilir, amma 18 yaşına çatmamış işçilər istisnadır; lakin onlara işəgötürən öz hesabına onlara gündəlik işin tam müddəti üçün müvafiq kateqoriyadan işçilərin əməkhaqqı səviyyəsinə qədər əlavə ödənişlərin edilməsi mümkündür.
Onu da qeyd edək ki, işə başlayan işçinin qısaldılmış iş vaxtı hüququ varsa, onunla əmək müqaviləsində bu iş qrafiki ilə bağlı müddəa olmalıdır.
