532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Bu məqalədə 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının iqtisadi mahiyyəti, tanınma və ölçmə prinsipləri, mühasibat yazılışları və praktiki tətbiqi  beynəlxalq standartların və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq izah edilir.

Törəmə (asılı) cəmiyyətlər anlayışı

Törəmə (asılı) cəmiyyət anlayışı hüquqi və iqtisadi münasibətlərdə xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 67.1 maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə (asılı) hesab olunur ki, digər (əsas və ya ana) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirak payına görə və ya bağlanmış müqavilə əsasında həmin cəmiyyətin strateji qərarlarını müəyyənləşdirmək imkanına malik olsun.

Beynəlxalq mühasibat uçotu standartlarına (məsələn, IAS 27 “Fərdi maliyyə hesabatları” və IAS 28 “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları”) görə törəmə müəssisə ana müəssisənin nəzarəti altında olur, onun biznes strategiyasına uyğun fəaliyyət göstərir, lakin hüquqi baxımdan müstəqil fəaliyyət göstərir. Onlar arasında əlaqələrdən yaranan öhdəliklər, o cümlədən kreditor borclar, uçotda şəffaf və dəqiq əks etdirilməlidir, çünki onlar həm konsolidə edilmiş, həm də fərdi maliyyə hesabatlarının keyfiyyətinə təsir göstərir.

Kreditor borcların iqtisadi mahiyyəti

Yuxarıda, məqalənin giriş hissəsində, 532 saylı hesabda törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borclarının uçotunun aparıldığı qeyd edilib. Bəs, ümumiyyətə, kreditor borclar nədir?

Mühasibat xidmətləri

Kreditor borclar – mühasibat uçotu baxımından, müəssisənin digər hüquqi və ya fiziki şəxslər, o cümlədən törəmə müəssisələr qarşısında maliyyə öhdəlikləridi. Bu öhdəliklər mal, iş və xidmətlərin alınması, borc vəsaitlərinin cəlb edilməsi, avans vəsaitlərinin qəbul edilməsi və digər əməliyyatlar nəticəsində yarana bilər.

IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartının 61-ci maddəsinə görə öhdəliklər  qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirilir.  Qısamüddətli kreditor borclar — hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan maliyyə öhdəlikləridir. Belə öhdəliklərin uçotu 532 saylı hesab “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabında aparılır.

Yeri gəlmişkən, uzunmüddətli belə öhdəliklər 432 saylı hesabda uçota alınır.

 IAS 32 “Maliyyə alətləri: təqdimat” standartı baxımından kreditor borc, maliyyə öhdəliyinin tipik nümunəsidir (maddə 11). Çünki müəssisə müqavilə şərtlərinə uyğun olaraq digər tərəfə pul vəsaiti və ya digər maliyyə aktivləri ödəmək məcburiyyətindədir. Bu baxımdan kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına bilavasitə təsir göstərir.

Uzunmüddətli kreditor borclar üzrə uçot prinsipləri

Azərbaycan qanunvericiliyində kreditor borcların uçotu, öhdəliyin yaranma tarixi, müqavilə şərtləri, ödəniş müddəti, məbləğin dəqiq müəyyən olunması və mühasibat yazılışlarında düzgün əks etdirilməsi prinsiplərinə əsaslanır. Xüsusilə törəmə müəssisələrlə hesablaşmalarda şəffaflıq və qarşılıqlı təsdiqedici sənədlərin olması tələb olunur.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş hesablar planının 53-cü “Qısamüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. Bu bilməyə aid olan digər hesablar bunlardır:

  • 531-ci hesab: “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
  • 533-cü hesab: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”;
  • 534-cü hesab: “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
  • 535-ci hesab: “İcarə üzrə qısamüddətli kreditor borcları”;
  • 536-cı hesab: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
  • 537-ci hesab: “Faizlər üzrə qısamüddətli kreditor borcları”;
  • 538-ci hesab: “Digər qısamüddətli kreditor borcları”.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının təyinatı

Hesabın təyinatı AR MN-in yuxarıda qeyd edilən qərarının 43.10-cu bəndində müəyyən edilib. Həmin bəndə görə ə əsasən Q-01 nömrəli Qaydaların 37.26-cı maddəsinə görə, “hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi üzrə, habelə faizlərə görə törəmə (asılı) cəmiyyətlərə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Törəmə müəssisədən 12 ay ərzində ödənilməli borc vəsaitlərinin tanınması, yəni öhdəliyin yaranması hesabın krediti, öhdəliyin qismən və ya tam ödənilməsi, öhdəliyin uzunmüddətli kimi təsnif edilməsi zamanı yazılışlar hesabın debeti üzrə əks etdirilir.

Hesab üzrə tənzimləmələr

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 43.10-43.17-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

Əməliyyatın məzmunu Debet Kredit
Qısamüddətli kreditor borcun tanınması (43.10-cu bənd) Məsələn, pul vəsaitləri (221, 223) 532 saylı hesab
Aksiz vergili xammal və materiallar əldə edilən zaman, aksiz vergisinə (bənd 43.11) 241-2: “Əvəzləşdirilən aksiz” 532 saylı hesab
Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi zamanı yaranan ƏDV (bənd 43.12) 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab
Uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə (bənd 43.13) 532 saylı hesab 432: “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları”
Müsbət məzənnə fərqi yarandıqda (bənd 43.14) 532 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Mənfi məzənnə fərqi yarandıqda (bənd 43.14) 731-8: “Məzənnə xərcləri” 532 saylı hesab
Öhdəlik ödənildikdə (bənd 43.15) 532 saylı hesab Pul vəsaitləri (221-225)
Öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi (43.16) 532 saylı hesab 171-177, 211-217, 243, 244, 538, 545
Öhdəliyin bağışlanılması və ya  silinməsi (bənd 43.17) 532 saylı hesab 611-10: “Digər əməliyyat gəlirləri”
Aksiz vergisi əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
Aksiz vergisi əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-2 saylı hesab
ƏDV əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
ƏDV əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-1  saylı hesab

Mühasibat yazılışlarına nümunə

 ““ABC” MMC öz törəmə müəssisəsindən ƏDV məbləği 1800 manat (18%), ƏDV daxil qiyməti 11 800 manat olan material ehtiyatları almışdır. Müqaviləyə əsasən, ödəniş 6 ay ərzində həyata keçiriləcək.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabından da istifadə edilməklə mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 201: “Material ehtiyatları” 532 saylı hesab 10000.00
2 Malların ƏDS-i hesablanır 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab 1800.00
3 12 aydan sonra malların dəyəri törəmə müəssisəyə ödənib 532 saylı hesab 223: “Bank hesablaşma hesabları” 11800.00
4 Əvəzləşdirilən ƏDV 521 saylı hesab 241-1  saylı hesab 1800.00

Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları 212 saylı hesabda  aparılır.

Beləliklə, deyə bilərik ki, 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı, törəmə müəssisələrlə maliyyə münasibətlərinin operativ uçotu üçün mühüm əhəmiyyət daşıyır. Bu hesab üzrə uçotun düzgün aparılması müəssisənin likvidlik idarəetməsini, maliyyə intizamını və hesabatların şəffaflığını təmin edir.