Səyyar vergi yoxlamasında yeni qaydalar: monitorinq və könüllü açıqlama

posted in: Xəbər | 0

2026-cı ildə Vergi Məcəlləsində səyyar vergi yoxlamaları ilə bağlı bir sıra mühüm dəyişikliklər edildi. Bu dəyişikliklər əsasən vergi nəzarətinin gücləndirilməsi və könüllü açıqlama mexanizminin genişləndirilməsi ilə bağlıdır.

Yenilikləri “BSC Business Service Centre” şirkətinin aparıcı mühasibi Türkan Məmmədova şərh edir.

Bu ildən qanunvericiliyə dəyişiklik nəticəsində üfüqi monitorinq adlı yeni nəzarət mexanizmi yaradılib ki, bu da vergi orqanı ilə vergi ödəyicilərinin əməkdaşlığını önə çəkir.

Vergi Məcəlləsinə əsasən, üfüqi monitorinq vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Üfüqi monitorinq başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Bu proses müvafiq (mənfəət və gəlir vergisi bəyannaməsi) bəyannamələrin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) sonra, tələb olunan sənədlərin təqdim edilməsi müddəti bitdikdən növbəti gün başlayır və ən geci 6 ay ərzində başa çatır. Zərurət yarandıqda, vergi orqanının qərarı ilə bu müddət daha 2 aya qədər uzadıla bilər.

Mühasibat xidmətləri

Misal 1

Fərz edək ki, şirkət 2025-ci təqvim ili üçün hesabatlılıq və 2026-cı ildə üfüqi monitorinq həyata keçirir. Bu zaman xronoloji ardıcıllıq aşağıdakı kimi olacaq:

– 01.01.2025 – 31.12.2025: Yoxlanılan fəaliyyət dövrü.

– 31 mart 2026: Şirkətin mənfəət bəyannaməsini təqdim etməli olduğu son gün.

– 01 aprel 2026: Üfüqi monitorinqin rəsmən başladığı gün.

– 01 oktyabr 2026: Monitorinqin normal şəraitdə bitməli olduğu son gün (6 ay sonra).

– 01 dekabr 2026: Əgər çətinlik yaranarsa və müddət uzadılarsa, monitorinqin mütləq bitməli olduğu ən son tarix (+2 ay).

Bu sistemə qoşulmaq üçün müraciət edən vergi ödəyicisi mütləq orta və ya iri sahibkarlıq subyekti olmalı, mühasibat və vergi uçotunu xüsusi avtomatlaşdırılmış proqram təminatı ilə aparmalı və müvafiq daxili nəzarət sistemini tətbiq etməlidir. Bununla belə, barəsində riskli vergi ödəyicisi olması barədə qərar qüvvədə olan və ya vergi qanunvericiliyinin pozulmasına görə cinayət işi qaldırılmış şəxslərin üfüqi monitorinqə qəbul edilməsinə icazə verilmir.

Monitorinqə qoşulmaq istəyən şəxslər müvafiq ərizə və tələb olunan sənədlərlə birlikdə monitorinq ilindən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq vergi orqanına müraciət etməlidirlər. Vergi orqanı bu müraciətə 2 ay ərzində baxaraq əsaslandırılmış qərar qəbul edir və bu qərar (ödəyici sistemdən çıxarılmadığı təqdirdə) növbəti illərdə də qüvvədə qalır. Tələb olunan sənədlərdə çatışmazlıq olduqda vergi orqanı 5 iş günü ərzində elektron sorğu göndərir, ödəyici isə 15 gün ərzində həmin sənədləri təqdim etməlidir. Həmçinin, monitorinq başladıqdan sonra ilk 15 gün ərzində vergi ödəyicisinin dəqiqləşdirilmiş bəyannamə vermək hüququ var.

Üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyiciləri xüsusi məlumat mübadiləsi platforması yaratmalı, vergi sənədlərini orada yerləşdirməli və vergi orqanının bu platformaya çıxışını təmin etməlidirlər.

Əgər vergi ödəyicisi öz istəyi ilə ərizə verərsə, sənəd təqdim etmək tələblərini ardıcıl iki dəfə pozarsa, yaxud növbədənkənar səyyar vergi yoxlaması qərarı çıxarılarsa, o, monitorinqdən kənarlaşdırılır. Eynilə riskli vergi ödəyicisi elan edildikdə və ya barəsində cinayət işi açıldıqda da monitorinq dayandırılır.

Proses başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanı ödəyicinin məsuliyyətə cəlb edilməsi və ya bundan imtina olunması barədə yekun qərar verir. Monitorinq zamanı vergitutma bazasının azaldılması və ya verginin səhv hesablanması aşkarlanarsa, ödəyiciyə Vergi Məcəlləsinin 58.1-1 maddəsinə uyğun olaraq 25 faiz maliyyə sanksiyası tətbiq olunur. Lakin vergi ödəyicisi bu kənarlaşmaları özü aşkar edərək bəyan edibsə, həmin maliyyə sanksiyalarından azad edilir.

Misal 2

Tutaq ki, üfüqi monitorinq zamanı vergi orqanı özü aşkar edib ki, vergi ödəyicisi keçmiş dövrdə 10.000 manat vergini bəyan etməyib (azaldıb) və həmin vaxtdan 50 gün keçib. Bu halda yekun ödəniş belə formalaşır:

Əsas vergi borcu: 10.000 manat;

Maliyyə sanksiyası (25%): 10000 × 25% = 2500 manat;

Hesablanan faiz: (10.000 × 0.1% )× 50 gün = 500 manat.

Nəticədə vergi ödəyicisi büdcəyə ümumilikdə 13.000 manat (10.000 əsas vergi + 2. 500 sanksiya + 500 penya) ödəməli olur.

Qeyd edək ki, əgər vergi ödəyicisi bu səhvi özü tapıb monitorinqdən əvvəl dəqiqləşdirilmiş bəyannamə versəydi, 2.500 manatlıq sanksiyanı ödəməyəcəkdi. Lakin vaxtında ödənilmədiyi üçün 500 manatlıq penya (faiz) hesablanacaq.

Üfüqi monitorinqin səyyar vergi yoxlamasının tərkib hissəsi olmasına baxmayaraq, aralarında bir sıra fərqlər var:

Meyarlar

 

Üfüqi monitorinq Səyyar vergi yoxlaması
Əsas məqsəd Riskləri real vaxtda bəyan etmək, səhvləri əvvəlcədən düzəltmək və partnyorluq. Keçmiş dövrün vergi bəyannamələrinin doğruluğunu yoxlamaq və yayınmaları aşkar etmək.
Əhatə etdiyi dövr Başladığı tarixdən əvvəlki 1 təqvim ilini əhatə edir. Vergi ödəyicisinin son 3 illik (bəzi hallarda daha artıq) fəaliyyətini yoxlaya bilər.
Yoxlamanın yeri Vergi orqanının ofisində, tamamilə elektron sistemlər və məsafədən inteqrasiya vasitəsilə keçirilir. Vergi ödəyicisinin öz obyektində və ya ofisində (yerində) həyata keçirilir.
Sanksiya Sahibkar riski əvvəlcədən bildirsə, 0% sanksiya tətbiq olunur. Vergi orqanı aşkarlasa, sanksiya 25% olur. Pozuntu aşkar edildikdə birbaşa 50% (bəzi hallarda sabit məbləğdə) maliyyə sanksiyası tətbiq olunur.
Müddət Standart olaraq 6 ay çəkir, zərurət olduqda maksimum 2 ay uzadıla bilər Standart olaraq 30 gündən artıq davam edə bilməz (müstəsna hallarda 90 günədək uzadıla bilər).
Kimlərə tətbiq edilir Müəyyən edilmiş kriteriyalara cavab verən və vergi orqanı ilə könüllü saziş bağlayan iri/orta vergi ödəyicilərinə. Risk qrupuna düşən və ya planlı növbəyə alınan bütün vergi ödəyicilərinə (məcburi qaydada).

Mənbə: vergiler.az

ƏMAS-da əmək müqaviləsi dəyişikliklərinin təsdiqində yeni qayda

error: Content is protected !!