fbpx

Taksi xidməti barədə tələblər

posted in: Xəbər | 0
birbank biznes

Taksi xidməti barədə tələblər (sərnişinlər və sürücülər üçün faydalı).

Bu yazımızda yaxşı və ya pis olmasına münasibət bildirməyərək ölkədə taksi fəaliyyətinin genişlənməsi səbəbindən taksilər üçün qanunvericiliyin mövqeyini diqqətə çatdıracağıq. Mövzu çərçivəsində bu fəaliyyətlə məşğul olanlar üçün hazırki tələbləri də qeyd edəcəyik ki, faktiki qüsurlar aradan qaldırılsın.

Əvvəla onu qeyd edək ki, taksi fəaliyyətini həyata keçirən şəxslər üçün başlıca tələb həm özlərinə, həm də avtomobilə dair sənədlərin qaydasında olmasıdır. Sözsüz ki, bu sənədlərin sərnişinə birbaşa təsiri olmasa da, sifariş zamanı avtomobilin saxlanılmasında vaxt itkisinə təsir edəcək hallardır. Bununla yanaşı avtomobilin icbari qaydada olduğunun dəqiqləşdirilməsi də məqsədəuyğun sayılır. Çünkü heç kəs qəzanın nə vaxt olacağını bilmədiyi üçün onun fəsadlarından da xəbərdar deyil. Taksilərdə zəruri sənədlərlə yanaşı dərman qutusu və yanğın söndürmə balonunun da olması tələb edilən hallardan sayılır.

Taksi minik avtomobilləri “Taksi” tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır.

Bəzi hallarda müəyyən statusa malik şəxslər üçün verilmiş avtomobillərin taksi kimi istifadəsi ilə qarşılaşmaq mümkündür. Bununla bağlı qanunvericiliyin tələbinə əsasən iki qapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlilliyi olan şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, habelə əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.

Taksi sürücüsü olmaq üçün tələblərdən digəri də yaşın 21-dən az olmaması, B və ya BE kateqoriyalı sürücülük vəsiqəsi, 2 ildən artıq sürücülük təcrübəsinin olmasıdır. Xatırladaq ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi aylıq 9 manat, Bakı şəhəri daxili və Bakı şəhərindən digər yerlərə daşıma üçün isə 18 manat məbləğində vergi ödəyirlər. Digər ərazilər qismində Abşeron, Gəncə, Sumqayıt üzrə 13.5 AZN, başqa ərazilər üçün 9 AZN vergi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ödənişsiz olaraq verilir.

Sərnişinlərin avtomobilə minib-düşməsi yalnız avtomobil tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində mümkündür. Taksidə unudulmuş və ya düşmüş əşya tapıldıqda həmin əşya barədə akt tərtib edilə və əşyanın sahibinə verilməsi zamanı onun saxlanmasına görə haqq tələb edilə bilər.

Bir taksi minik avtomobili eyni istiqamətdə gedən bir neçə sərnişin tərəfindən kirayələndikdə və həmin sərnişinlərin getdikləri məsafə təxminən bərabər olduqda, gediş haqqının ümumi məbləği sərnişinlər arasında bərabər bölüşdürülür.

Taksi minik avtomobili kirayələnmədikdə, onun damındakı “Taksi” tanınma nişanı fənəri sürücü tərəfindən yandırılmalı, taksi minik avtomobili sərnişin tərəfindən kirayələndikdə isə həmin fənər söndürülməlidir. Avtomobilin pəncərələrinin açılmasına yalnız sərnişinin və sürücünün qarşılıqlı razılığı ilə yol verilir. Taksi sürücüsü reysqabağı hər gün tibbi müayinədən keçməlidir. Bəzi hallarda naşı sürücülər gedəckləri yeri bilmədikləri üçün sifarişin icrasında problem yaranır ki, qanunvericiliyə görə sürücü xidmət göstərdiyi ərazinin hüdudlarında küçələrin və əsas obyektlərin adlarını və onların yerləşdiyi yerləri, taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş duracaq yerlərini, yol hərəkətinin təşkilini, tibbi yardım və polis bölmələrinin yerləşdiyi yerləri bilmək öhdəliyi daşıyır.

Həmçinin taksi sürücüsünün vəzifəsidir ki, avtonəqliyyat vasitəsinin salonunun və baqaj bölməsinin təmiz vəziyyətdə olmasına daim nəzarət etsin, iş vaxtı təmiz və səliqəli geyimdə olmaq, habelə sərnişinlərlə ünsiyyətdə nəzakətli olsun. Bununla yanaşı sürücünün də hüququ var ki, daşınma ilə əlaqədar xidmətin göstərilməsi başlananadək sərnişinin gediş haqqını ödəmək imkanında şübhə olduqda, sərnişindən qabaqcadan gedişin və boşdayanmanın güman edilən dəyərindən artıq olmayan miqdarda ödəniş alsın. Eyni zamanda sərnişin çirkli paltarda və ya sərxoş vəziyyətdə olduqda, kobud surətdə ictimai qaydanı pozduqda, yaxud sürücüyə avtonəqliyyat vasitəsini idarə edərkən mane olduqda, gedişi dayandırmaq və həmin sərnişinin daşınmasından imtina edə bilər.

Qanunvericilik taksi sürücüləri üçün müəyyən qadağalar da nəzərdə tutmuşdur. Belə ki, taksi minik avtomobilinə onu birinci kirayələmiş şəxsin razılığı olmadan digər sərnişinləri mindirmək və sərnişindən taksometrin göstəricisindən artıq miqdarda haqq ödəməyi tələb etmək qadağan edilmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Print Friendly, PDF & Email
error: Content is protected !!