Torpaq vergisi üzrə hesablamalarda şərti balların tətbiqi

posted in: Xəbər | 0
birbank biznes

Vergi ödəyicilərinin mülkiyyətində yaxud istifadəsində olan torpaq sahələri torpaq vergisi üçün vergitutma obyekti sayılır. Torpaq vergisinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsinə uyğun aparılır. Hesablama zamanı vergitutma bazasına tətbiq ediləcək vergi dərəcəsini müəyyən etmək üçün torpağın istifadə təyinatını bilmək vacibdir. İstifadə təyinatına görə torpaq sahələri aşağıdakı qruplardan birinə aid edilə bilər:

  • kənd təsərrüfatında istifadə edilənlər;
  • sənaye, nəqliyyat və digər xüsusi təyinatlı sahələr;
  • həyətyanı və bağ sahələri;
  • yaşayış fondlarının altında olan torpaqlar.

Torpaq vergisinin hesablanması məqsədi ilə kənd təsərrüfatı təyinatlı torpaqlarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Təyinatı üzrə istifadə edilməyənlər;
  2. Təyinatı üzrə istifadə edilənlər;
  3. İstifadəsi əsaslı səbəblərdən (irriqasiya, meliorasiya və sair aqrotexniki səbəblər) mümkün olmayanlar.

Torpaqların son iki qrupa aid edilməsi AR NK-nın müəyyən etdiyi meyarlar əsasında aparılır. Onlara torpaq vergisi hesablanması zamanı vergi dərəcəsi hər şərti bal üçün 0.06 manat müəyyən edilib (VM, maddə  206.1-1).

Şərti bal nədir?

Təyinatı üçün istifadə edilən yaxud əsaslı səbəbdən istifadəsi mümkün olmayan kənd təsərrüfatı sahələrinə torpaq vergisi hesablanması zamanı tətbiq edilən şərti ballar cədvəli 2000-ci ildə AR Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı vergi qanunvericiliyinə daxil edilmişdi. Şərti bal kadastr qiymət rayonları üzrə müəyyən edilir, bu zaman kənd təsərrüfatı torpaqlarının aşağıdakı göstəriciləri nəzərə alınır:

  • təyinatı;
  • coğrafi yerləşməsi;
  • keyfiyyəti.

Şərti ballar necə təyin edilir?

Kənd təsərrüfatı təyinatlı torpaqlara torpaq vergisi hesablanması aparılarkən tətbiq edilən şərti bal kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə müəyyən edilir. Torpaq kadastrının hüquqi vəzifəsi torpaq sahələri üzərində dövlət qeydiyyatının aparılmasıdır. Belə uçot torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin hüquqlarının qorunmasına imkan verir.

Torpaq özünəməxsus xüsusiyyətlərə malik istehsal vasitəsidir. Kənd təsərrüfatı istehsalında sənayedən fərqli olaraq bu istehsal vasitəsi bir sıra təbii amillərdən, məsələn torpağın münbitliyindən asılıdır. Bu, hüquqların qeydiyyatı zamanı torpaqların müqayisəli qiymətləndirilməsini vacib edir. Dövlət torpaq kadastrı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı ilə yanaşı torpağın:

  • kəmiyyət və keyfiyyət uçotunu;
  • bonitirovkasını;
  • iqtisadi qiymətləndirilməsini təmin edir.

Torpaqların bonitirovkası 1-100 aralığında müəyyən edilən bonitet şkala əsasında münbitliyinə görə torpağın keyfiyyətcə qiymətləndirilməsidir. Buna uyğun olaraq əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlara torpaq vergisinin hesablanması üçün şərti ballar müəyyən edilir.

Aşağıda bir kadastr rayonu və ora daxil olan rayonların nümunəsində keyfiyyət qrupları, bonitet şkalası və kənd təsərrüfatında istifadə edilən torpaqların hər hektarı üçün şərti bal arasında uyğunluq verilib.

Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar

Keyfiyyət qrupları

Bonitet şkalası

Torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti balları

Abşeron—Qobustan

(Abşeron rayonu, Hacıqabul rayonunun Nəvahi-Atbulaq massivi, Siyəzən və Xızı rayonlarının düzən torpaqları, habelə Bakı və Sumqayıt şəhərlərinin mövcud hüdudundan kənarda olan kənd təsərrüfatı təyinatlı torpaqları)

I
II
III
IV
V

100—81
80—61
60—41
40—21
20—1

85
70
60
25

 

Kadastr rayonları dəyişdikcə, kənd təsərrüfatı təyinatlı torpaqların yerləşdiyi təbii şəraitdən asılı olaraq, hər keyfiyyət qrupuna uyğun olaraq şərti ballar da dəyişir. Kadastr rayonları üzrə şərti balların tam cədvəli burada verilib. Cədvəldən göründüyü kimi eyni keyfiyyət qrupuna aid olan, eyni bonitet dərəcə arası torpaqlar üçün şərti bal kadastr qiymət rayonlarına görə dəyişir. Bu da torpaq vergisinin hesablanması zamanı diferensial yanaşmanı təmin edir.

Bu, aşağıdakı cədvəldən daha əyani görünür.

Kadastr qiymət rayonları

Keyfiyyət qrupu

Bonitet şkala

Şərti bal

Əmsallaşdırılmış vergi dərəcəsi (şərti bal*0,06)

Abşeron – Qobustan

I

100—81

85

5,1

Şəki – Zaqatala

I

100—81

200

12

Laçın – Qubadlı

I

100—81

29

1,74

Göründüyü kimi eyni keyfiyyətli kənd təsərrüfatı təyinatlı torpaqlara görə torpaq vergisi həmin torpaqların yerləşdiyi coğrafiyadan asılı olaraq fərqlənir. Belə yanaşma ədalətlidir, buna şərti bal sistemini tətbiq etməklə nail olunur.


Print Friendly, PDF & Email