Uşağın anadan olmasına görə müavinətin təyin edilməsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Uşağın anadan olmasına görə müavinət

Ailədə uşağın dünyaya gəlməsi sosial sığorta hadisəsidir. “Sosial sığorta haqqında” AR qanuna əsasən ailə bu zaman uşağın anadan olmasına görə müavinət almaq hüququ əldə edir. Daha çox  “süd pulu” adlanan bu sosial muavinət növü birdəfəlik ödənir və onun təyin edilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.

Uşağın anadan olmasına görə müavinət yaxud “süd pulu” “Sosial müavinətlər haqqında” AR qanununun 3-cü maddəsinə əsasən aşağıdakı şəxslərə verilə bilər:

  • AR vətəndaşlarına – bu Qanunun şərtlərinə uyğun;
  • AR ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə – bu Qanunla AR vətəndaşlarına müəyyən edilmiş şərtlərə uyğun.

Süd pulu:

  • həm  öz-özünü sığortaedən fiziki şəxslərə;
  • həm də əmək müqavilələri üzrə çalışan muzdlu işçilərə təyin olunur.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinətin təyin edilməsi qeyd edilən Əsasnaməyə uyğun olmaqla, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli struktur vahidləri tərəfindən, fonda müraciət olunan tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə qanunvericiliklə müəyyən olunmuş məbləğlər onlar tərəfindən tam ödənildiyi halda aparılır.

Muzdlu işçilərə “süd pulu” təyini

31.12.2020-ci il tarixindən sonra baş verən doğuş halları zamanı uşağın anadan olmasına görə müavinət (süd pulu) üçün müraciətə ehtiyac yoxdur. Təyinat “Əhalinin Dövlət Reyestri” informasiya sisteminin məlumatları əsasında avtomatlaşdırılmış rejimdə aparılır və bu haqda sığortaolunanın elektron ünvanına və mobil telefonuna bildiriş göndərilir. Bank yaxud poçt vasitəsilə göndərilən məbləğ, göndərildiyi aydan sonrakı bir il ərzində alınmalıdır, əks təqdirdə fonda qaytarılır. Sonradan həmin müavinət qeyd edilən Əsasnamədə nəzərdə tutulmuş qaydada verilir. Bu halda muzdlu işçilərə uşağın anadan olmasına görə muavinət (süd pulu) işçinin əmək kitabçasının olduğu iş yeri üzrə təyin olunur. Təyinatı müdiriyyətin müavinət təyin edən komissiya yaxud komissiya tərəfindən səlahiyyət verilmiş üzv həyata keçirir. Təyinat doğum haqqında arayış əsasında aparılır. Arayış vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilir.

Komissiyasının səlahiyyətli üzvü təqdim olunmuş sənəd əsasında:

  • müavinətin alınması hüququnu təsdiq edir;
  • qanunvericiliyə uyğun miqdarını müəyyən edir;
  • müavinətin təyin edilməsi haqqında qərar qəbul edir.

Uşağın anadan olmasına görə müavinət təyin edilməsi protokoluna qəbul olunan qərar qeyd edilir. Eyni zamanda “süd pulunun” təyinatı və miqdarı barədə doğum haqqında arayışın arxasında səlahiyyətli üzvün imzası ilə qeydlər aparılır.

Uşağın doğulması haqqında arayış itirilərsə, birdəfəlik müavinət həmin arayışın surəti əsasında verilə bilər. Arayışın sürətini vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqandan almaq olar. Belə hal yarandıqda valideynlər DSMF və ƏSMM vasitəsi ilə müavinətin alınmadığı barədə arayış təqdim edirlər.

Sığortaedən tərəfindən təqdim edilən sənədlər

Sığortaedən uşağın anadan olmasına görə müavinətin ödənilməsi üçün DSMF orqanına məktubla müraciət edir. Məktub sığortaolunan tərəfindən müraciət edildiyi aydan sonrakı ayın 5-dək təqdim olunmalıdır.

Məktuba aşağıdakı sənədlər əlavə edilir:

  • müavinəti təyin edən komissiyanın protokolunun surəti;
  • müavinət alacaq şəxslərin bank rekviziti yaxud poçt ünvanı;
  • doğum haqqında arayış.

Dövlət Sosial Müdafiə Fondunun uyğun struktur vahidləri 5 iş günü ərzində müraciəti araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı DSMF orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ var.

Bir daha qeyd edək ki, yuxarıda qeyd edilən təyinat və sonrakı proseslər işçinin avtomatlaşdırılmış rejimdə aparılmış “süd pulu” məbləğini vaxtında almadığı halda DSMF-na qaytarılan müavinətlərin yenidən alınması üçündür.

Müavinətin ödənilmə mənbəyi

Uşağın anadan olmasına görə müavinəti Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına ödəyir. Əgər “süd pulu” üçün müraciət  işəgötürən tərəfindən edilirsə, müraciət sənədlərinə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab cədvəli əlavə olunur.

Uşaq doğmuş ana işləmirsə, yaxud hansısa səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.

Əgər müəssisənin müavinət alacaq şəxsin bank rekvizitlərinin yaxud faktiki yaşayış ünvanının səhv göstərilməsi üzündən muavinət alınmazsa, geri qaytarılması mümkün olmayan müavinət məbləği üçün günahkar müəssisə məsuliyyət daşıyır. Alınmamış məbləğ həmin müəssisənin hesabına ödənir.

Əgər “süd pulu” artıq verilərsə, DSMF orqanının müraciətinə əsasən müavinət alanın əməkhaqqısından işəgötürən tərəfindən tutulur və fondun hesabına köçürülür. Hər tutulan məbləğ əməkhaqqının 20%-dən çox olmamalıdır. İşçi həmin müəssisədə işləmədikdə, artıq ödənilmiş məbləğ könüllü yaxud məhkəmə vasitəsi ilə alınır.

Birdəfəlik müavinət valideynin ölümü səbəbinə görə alınmazsa, uşağın anadan olmasına görə müavinət digər valideynə və yaxud da uşağa həqiqi qulluq edən şəxsə verilir. Alınmamış “süd pulu” vərəsəlik əmlakına daxil edilmir.

Müavinətin çatdırılma xərcləri Fondun vəsaiti hesabına aparılır.

Uşağın anadan olmasına görə müavinətin məbləği

Müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin  fərmanı ilə müəyyən edilir. 01.01.2023-cü il tarixdən bu məbləğ 500 manat müəyyən olunub. İki və ya daha çox uşaq dünyaya gəldikdə bu müavinət (süd pulu) hər doğulan uşaq üçün verilir.


 

Print Friendly, PDF & Email