birbank biznes

Hüquqi baza

Sığorta hadisəsi zamanı fiziki şəxslərə ödəmələrin hüquqi bazası “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Sosial sığorta hadisəsi dedikdə pensiya yaşına çatma, əlillik, ailə başçısının itirilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və sair bu kimi hallar başa düşülür. Belə hallar baş verdikdə ödənilən müavinətlər Dövlət Məcburi Sığorta Fondunun vəsaiti hesabına həyata keçirilir. Müavinətlərin hesablanması və ödənilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.

Müavinət işçinin əmək kitabçası olduğu iş yeri üzrə müdiriyyətin müavinət təyin edən komissiyası (yaxud komissiyanın səlahiyyət verilmiş üzvü) tərəfindən təyin edilir. Komissiyanın fəaliyyəti yuxarıda qeyd edilən Əsasnamənin VII fəslində şərh olunub.

Müavinət təyin edən komissiyanın yaradılması

Sosial müavinətin sənədləşməsi işçinin əsas iş yerində həyata keçirilir. Əgər işçinin əmək qabiliyyəti  ezamiyyət, məzuniyyət dövründə itirilmiş olarsa, müavinətlər yenə də onun işlədiyi yerdə, ümumi qaydada hesablanaraq verilir. Hər bir müəssisədə müavinət təyin edən komissiyanın olması zəruridir. Komissiyanın tərkibi ən azı üç nəfərdən ibarət olmalıdır:

  • komissiyanın sədri;
  • komissiya üzvləri.

Komissiya və onun tərkibi müəssisə rəhbərinin müavinət təyin edən komissiyanın yaradılması haqqında əmri ilə təsdiq olunur. Komissiyaya rəhbərlik və onun işinin təşkili komissiyanın sədri tərəfindən həyata keçirilir. Komissiyanın qərarı onun iclasında iştirak  edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər bölünərsə, komissiyanın sədri həlledici səsə malik hesab olunur. Müavinətlərin təyin olunması barədə qərar komissiya iclasının protokolunda rəsmiləşdirilir. Komissiya işçinin müavinət almaq hüququna malik olduğuna əmin olmalı, müavinətin məbləğini düzgün müəyyən etməlidir.

Komissiya müavinəti necə təyin edilir?

İşçi müavinət almaq üçün müvafiq sənədi müdiriyyətə, müdiriyyət isə müavinətin qanunvericiliyə uyğun təyin edilməsi üçün həmin sənədləri müvafiq qeydlərlə müavinət təyin edən komissiyaya verir. Məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı başa çatan işçi öz işinə geri döndükdə xəstəlik vərəqəsini müəssisə rəhbərinə təqdim etməlidir. Daha sonra həmin xəstəlik vərəqəsi rəhbərlik tərəfindən müavinəti təyin edən komissiyaya verilir. İşçiyə müavinətin təyin edilməsi,  ödəniləcək günlərin sayı komissiyanın protokolunda qeyd edilir və xəstəlik vərəqəsinin arxa hissəsində qəbul edilmiş qərar, protokolun tarixi, nömrəsi yazılaraq komissiya sədri və ya səlahiyyətli üzvü tərəfindən imzalanır.

Həmçinin, digər növ sosial müavinətlərin təyini üçün ilk növbədə tələb olunan sənədlər müavinət təyin edən komissiyaya təqdim edilməli və komissiya müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edərək müavinətin təyin edilməsi barədə protokola qeyd etməklə qərar qəbul etməlidir. Əgər işçinin müavinət almaq hüququnun olmaması müəyyən olunarsa, komissiya imtina qərarı çıxartmalı və bu barədə imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verməlidir.  Komissiya tərəfindən müavinət təyin edildikdən sonra onun hesablanması və ödənilməsini müəssisənin mühasibatlığı həyata keçirir.

Komissiyanın hüquqları

Müavinət təyin edən komissiya aşağıda qeyd edilən hüquqlara malikdir:

  • müavinətlərin təyini və ödənilməsi üçün təqdim edilən sənədlərin və zəruri məlumatların düzgünlüyünə nəzarəti həyata keçirmək;
  • lazımi məlumatları dövlət orqanlarından, hər hansı təşkilati- hüquqi formada olan digər təşkilatlardan işçinin yazılı razılığı olmadan müstəqil surətdə tələb etmək və almaq;
  • təqdim olunan və ya müstəqil surətdə komissiya tərəfindən tələb olunan sənədlərdə olan məlumatları saxlamaq və istifadə etmək.

Əgər müavinətlərin artıq ödənilməsi faktı aşkar olunarsa, bu barədə alan şəxsə komissiya tərəfindən  yazılı məlumat verilir və artıq məbləğin geri qaytarılması üçün müddət müəyyən olunur. Müavinəti alan şəxs həmin məbləği müəyyən olunmuş müddət ərzində könüllü geri qaytarmaqdan imtina etdikdə, artıq verilmiş vəsaitin tutulması barədə komissiya tərəfindən qərar qəbul edilir.

Müavinətin təyin edilməsi barədə müraciətin qeydə alındığı gündən ən geci 10 gün ərzində komissiya tərəfindən qərar qəbul edilməlidir. Qəbul edilən qərar haqqında bildiriş 5 gün ərzində müraciət edən şəxsə göndərilir. Əgər müavinətin verilməsindən imtina edilərsə, bu imtinanın səbəbləri barədə də rəsmi məlumat verilməlidir.

Komissiya borcludur:

  • müavinətlərin təyini zamanı  qanunvericilik qaydalarına əməl etmək;
  • təqdim edilən sənədlərdə məlumatların məxfiliyini qorumaq;
  • müavinətlərin təyini və ödənilməsi ilə bağlı işçilərə onların hüquq və vəzifələrini izah etmək.

Müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına Həmkarlar İttifaqı  nəzarət edir və məsuliyyət daşıyır. Komissiyanın qərarı ilə razılaşmayan işçi  DSMF yerli qurumlarına “DOST”mərkəzlərinə və Hİ komitəsinə şikayət edə bilər.

Print Friendly, PDF & Email