Əmlakın əvvəlki sahibinin vergi borcu yeni sahibə keçirmi?

posted in: Xəbər | 0

Bir ildir mülkiyyətimdə olan mənzilə əmlak vergisi tətbiq olunub. Lakin əvvəlki sahibin ödənilməmiş əmlak vergisini və hesablanmış faizini də mənə yazıblar. Mən bu məbləği ödəməliyəmmi? Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab edilir. Həmin Məcəllənin 200.4-cü və 200.5-ci maddələrinə uyğun olaraq, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada təqdim etməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir.

Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Mühasibat xidmətləri

Qeyd olunanlara əsasən, əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən vaxtında ödənilmədiyi halda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində əmlak vergisini və faizləri hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin və faizlərin hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin əmlakın yeni sahibindən tutmaq hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 85-ci, 197.1.1-ci, 200.4-cü və 200.5-ci maddələri

Mənbə: vergiler.az

İşçilərin məzuniyyət haqqının hesablanmasında nələr dəyişdi?