Vergi güzəştləri yerli startapların inkişafına necə dəstək olur?

posted in: Xəbər | 0

Son illər ölkəmizdə rəqəmsallaşma və texnoloji innovasiyalar fərqli sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Yerli startapçılar, fərdi istifadəçilərlə yanaşı, bizneslərin də gündəlik fəaliyyətini asanlaşdıran müxtəlif rəqəmsal platformalar təqdim edirlər. Bu layihələr restoran idarəçiliyindən tutmuş – biznesin vahid nöqtədən idarə olunmasına, təhlükəsiz ödəniş sistemlərindən korporativ imtiyazların təşkilinə qədər müxtəlif sahələri əhatə edir.

Dövlət tərəfindən verilən “Startap” şəhadətnaməsi isə bu ideyaların böyüməsinə və qlobal bazarlara çıxışına əlavə stimul yaradır.

Bir neçə saniyədə masa rezervasiyası

Tətbiqi aç, restoranı müəyyənləşdir, vaxtı seç və təsdiqlə! Yeni yaradılmış “MASA” tətbiqi restorana getməzdən əvvəl masa rezervasiyasını cəmi bir neçə saniyəyə həll etməyə imkan verir. Bu innovativ həll sayəsində artıq restoranlara zəng etməyə və ya qapıda növbə tutmağa ehtiyac qalmır. Bundan başqa, platforma restoranların öz doluluq vəziyyətini effektiv idarə etməsinə və rezervasiyaları asanlıqla izləməyə şərait yaradır. Startapın qurucusu Ayxan Sultanlı bildirib ki, bu tətbiq qardaşı ilə birlikdə təsis etdikləri “S2 Studio” MMC-nin məhsuludur.

Hazırda iOS və “Android” platformalarında aktiv olan tətbiq sadə və sürətli interfeysi ilə diqqət çəkir. KOBİA-dan “Startap” şəhadətnaməsi almaqla vergi güzəştləri əldə edən ”S2 Studio” MMC “MASA” layihəsində restoranlar üçün ayrıca idarəetmə paneli də qurub. Yaxın gələcəkdə platformaya ödəniş inteqrasiyası, onlayn depozit sistemi və daha çox restoran şəbəkəsinin əlavə edilməsi planlaşdırılır. Bundan əlavə, startapçı istifadəçilərə şəxsi tövsiyələr vermək məqsədilə data əsaslı (data-driven) yanaşma tətbiq etmək niyyətində olduqlarını da qeyd edib. “MASA” tətbiqi gənc komanda tərəfindən sıfırdan hazırlanıb və ölkədə restoran mədəniyyətini rəqəmsallaşdırmaq istiqamətində mühüm bir addım hesab olunur.

Mühasibat xidmətləri

Biznesi bir nöqtədən idarə etmək imkanı

Sahibkarların işini asanlaşdıran “Ishpro” platforması maliyyə idarəetməsi, anbar uçotu, insan resursları və hesabatlılığı vahid sistemdə birləşdirərək biznesi bir nöqtədən idarə etmək imkanı yaradır. Bir çox şirkətlərdə məlumatlar fərqli proqramlarda, “Excel” fayllarında və ya kağız üzərində dağınıq halda qaldığı üçün düzgün qərar vermək saatlarla vaxt aparır. Bəzi bizneslərdə isə proseslər sistemə deyil, şəxslərin yaddaşına əsaslanır və kimsə məzuniyyətə çıxanda işlər tamamilə dayanır.

Məhz bu problemi həll edən “Ishpro” həm veb platforma, həm də mobil həllər istiqamətində inkişaf etdirilir. “Bulud” əsaslı sistemin əsas üstünlüklərindən biri istənilən yerdən biznesə nəzarət imkanı qazandırmasıdır. Sahibkar ofisdə, evdə və ya səfərdə olmasından asılı olmayaraq, şirkətinin maliyyə vəziyyətini, anbar qalıqlarını, əməliyyatlarını və hesabatlarını rahatlıqla izləyə bilir.

Startapın qurucusu Azad Sadıqlı bildirir ki, bazarda bənzər ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemləri mövcud olsa da, “Ishpro”nun yanaşması tamamilə fərqlidir. Onun sözlərinə görə, komanda yalnız proqram hazırlamağa çalışmır, əsas məqsəd sahibkarın öz biznesinə tam nəzarət etməsinə şərait yaratmaqdır. Platforma mürəkkəb funksiyaları sadə, çevik və əlçatan formada təqdim edir. Hazırda sistem daxilində səlahiyyətlərin idarə olunması, geniş hesabatlılıq və proseslərin avtomatlaşdırılması funksiyaları aktivdir.

Mövcud modullarla yanaşı, gələcəkdə restoran (RMS), təhsil müəssisələri (EMS) və lombard idarəetməsi (LMS) kimi sahələrə xüsusi modulların təqdim edilməsi hədəflənir. Bununla yanaşı, platformaya süni intellekt texnologiyalarının inteqrasiyası da nəzərdə tutulub. A.Sadıqlı bu yeniliklərin insan əməyini əvəz etmək üçün deyil, qərarvermə prosesini sürətləndirmək məqsədi daşıdığını vurğulayıb. Gələcəkdə sahibkar sistemə “Satışlarım niyə azalıb?” və ya “Növbəti ay hansı məhsullara daha çox tələbat olacaq?” kimi suallar verə biləcək, sistem isə tarixi məlumatları analiz edərək dəqiq tövsiyələr verəcək.

Layihə rəhbəri dövlət tərəfindən verilən “Startap” şəhadətnaməsinin önəmini qeyd edərək bildirib ki, startapçılar ilk mərhələdə resursların məhdudluğu problemi ilə üzləşirlər. Bu baxımdan, vergi güzəştləri komandaya daxili vəsaiti məhsulun inkişafına, infrastrukturun gücləndirilməsinə və yeni funksiyaların hazırlanmasına yönəltmək imkanı verir. Bu dəstəkdən həm startapçı, həm də istifadəçilər birbaşa faydalanır.

“Ishpro”nun son hədəfi sadəcə bir proqram olmaq deyil, bizneslərin rəqəmsallaşaraq böyüməsinə kömək edən strateji tərəfdaşa çevrilməkdir.

Nağdsız ödənişlərdə təhlükəsizlik və çevikliyin yeni modeli

Adından da göründüyü kimi “Chewick” ödəniş prosesini daha təhlükəsiz, rahat və çevik etməyi hədəfləyən yerli “fintech” startapıdır. Bu layihə istifadəçilərə kart məlumatlarını qarşı tərəflə paylaşmadan QR-kod və ya altırəqəmli şifrə vasitəsilə ödənişi təsdiqləmək imkanı yaradır. Startapın müəllifi Muxtar Muxtarov bildirib ki, layihə ödəniş prosesini ənənəvi “kart məlumatını daxil et” modelindən çıxararaq daha sadə “kod → təsdiq → ödəniş” sisteminə keçirib. Fərdi istifadəçilərlə yanaşı, restoranlar, mağazalar, xidmət obyektləri, onlayn platformalar və müxtəlif bizneslər üçün nəzərdə tutulan bu universal həll klassik ödəniş aləti ilə müqayisədə daha geniş funksionallığa malikdir.

M.Muxtarovun sözlərinə görə, startap insanların gündəlik ödənişlərdə qarşılaşdığı bir neçə əsas problemi eyni anda həll edir. İlk növbədə, istifadəçi onlayn və ya fiziki satış nöqtələrində kart məlumatlarını təkrar-təkrar daxil etmədiyi üçün həm vaxt itkisi, həm də təhlükəsizlik riskləri aradan qalxır. Digər tərəfdən, ödəniş prosesi maksimal dərəcədə sürətlənir. İstifadəçi uzun-uzadı kart məlumatları yazmadan, sadəcə QR və ya altırəqəmli kod vasitəsilə ödənişi təsdiqləyə bilir. Layihə restoran və kafelərdə hesabı bölüşdürmə problemini də sadələşdirib. Belə ki, eyni masada oturan müştərilər ümumi hesabdan yalnız öz sifarişlərini seçib ayrıca ödəniş edə bilir ki, bu da həm qonaqların, həm də biznesin işini xeyli yüngülləşdirir və üstəlik, vaxt itkisini bir xeyli azaldır.

Bizneslər üçün “Chewick” ödənişlərin rahat idarə edilməsinə, əməliyyatların izlənilməsinə, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və gələcəkdə daha çevik ödəniş modellərinin tətbiqinə şərait yaradır. Startapın müəllifi deyir ki, layihənin bazardakı digər rəqiblərdən əsas fərqi ödənişi kart məlumatı vasitəsilə deyil, məhz təsdiq mexanizmi üzərində qurmasıdır. Startapın digər üstünlüyü onun yalnız bir ödəniş aləti deyil, müxtəlif biznes ssenarilərinə uyğunlaşa bilən rəqəmsal ödəniş qatı (payment layer) kimi hazırlanmasıdır.

Qarşıdakı mərhələdə əsas məqsəd “Chewick”i bizneslər üçün daha geniş rəqəmsal ödəniş infrastrukturu kimi inkişaf etdirməkdir. İlkin işlək məhsul (MVP) mərhələsində mobil tətbiq, restoranlar üçün QR əsaslı masa ödənişi, hesabbölüşdürmə, ticarətçi paneli (merchant panel), ödəniş tarixçəsi, eləcə də bank və ya ödəniş təşkilatları ilə inteqrasiya kimi əsas funksionallıqlar artıq nəzərdə tutulub. Növbəti mərhələlərdə isə “ağıllı” hesabbölüşdürmə mexanizminin genişləndirilməsi, loyallıq və “cashback” sistemləri, restoran və bizneslər üçün müştəri davranışlarını analiz edən, təkrar gələn müştəriləri tanıyan və fərdi kampaniyalar yaradan CRM imkanlarının tətbiqi planlaşdırılır. Bunlarla yanaşı, restoran, kafe və mağazaların istifadəçilərə xüsusi endirimlər təqdim edə bilməsi üçün kampaniya və “promo-kod” modulu, həm istifadəçilər, həm də bizneslər üçün ödəniş davranışlarını analiz edərək daha ağıllı qərarlar verməyə kömək edən süni intellekt əsaslı xərcləmə və müştəri analitikası qurulacaq. Gələcək planlara abunəlik və təkrarlanan ödənişlər, bəxşiş funksiyası, çoxfiliallı şəbəkələrin bütün filiallarını vahid paneldən idarə etməsi, risk-menecment, şübhəli əməliyyatların izlənilməsi və limitlərin idarə olunması daxildir. Ediləcək yeniliklər bununla da bitmir. Bankların, ödəniş təşkilatlarının və böyük bizneslərin bu texnologiyanı öz brendləri altında istifadə edə bilmələri üçün “White-label” modeli, e-ticarət, restoran POS sistemləri, ERP və digər biznes proqramları ilə daha rahat inteqrasiya üçün açıq API sənədləri və developer mühitini əhatə edən API “marketplace” və developer portalı yaradılacaq. Eyni zamanda, layihənin təkcə Azərbaycan bazarında deyil, yaxın region ölkələrində də tətbiq oluna bilən “fintech” infrastrukturu kimi inkişaf etdirilməsi və regional bazarlara çıxışı hədəflənib.

Layihənin inkişafında “Startap” şəhadətnaməsi mühüm rol oynayıb. M.Muxtarov qeyd edib ki, bu sənəd layihəyə olan etimadı artırmaqla yanaşı, vergi güzəştləri sayəsində inkişaf mərhələsindəki maliyyə yükünü də azaldıb. Vergi güzəşti nəticəsində qənaət olunan vəsait tamamilə məhsulun inkişafına, proqram təminatının hazırlanmasına, texniki komandanın gücləndirilməsinə, təhlükəsizlik infrastrukturuna, pilot layihələrə və bazara çıxış fəaliyyətlərinə yönəldilir.

Şirkət əməkdaşları üçün vahid imtiyaz platforması

“Bonfi” ağıllı imtiyazlar üzərində qurulmuş rəqəmsal platformadır. Şirkətləri, onların əməkdaşlarını və tərəfdaşlarını vahid ekosistemdə bir araya gətirən bu platforma vasitəsilə müəssisələr işçilərinə xüsusi imtiyaz kartları təqdim edə bilirlər. Bu kartlardan yemək, nəqliyyat və yanacaq xərcləri üçün istifadə etmək, həmçinin onları hədiyyə kartı formasında təklif etmək mümkündür. Startapın qurucusu Bəhmən Orucov bildirir ki, layihə nağdsız ödənişləri stimullaşdırmağa, dövriyyəni şəffaflaşdırmağa və ictimai iaşə obyektlərində satışları artırmağa hesablanıb.

Şirkətlər, işçilər və biznes tərəfdaşları üçün tam funksional həllər təklif edən platforma kafe, restoran və şirniyyat mağazaları üçün yeni satış imkanları yaradır. Əməkdaşlar üçün nəzərdə tutulan mobil tətbiq vasitəsilə işçilər kart balansını izləyə, əməliyyat tarixçəsinə baxa və ödənişlərini rahatlıqla icra edə bilərlər.

Hazırda 12 iri korporativ şirkətlə tərəfdaşlıq edən “Bonfi” sayəsində 10 mindən çox işçinin imtiyaz kartına çıxışı var. Bundan başqa, platformaya 40-dan yuxarı ictimai iaşə obyekti qoşulub. Obyektlər üçün yaradılmış xüsusi tətbiq isə satışları, komissiyaları, müştəri analitikasını, loyallıq və keşbək əməliyyatlarını asanlıqla idarə etməyə imkan verir.

Mənbə: vergiler.az

Pensiyalar iyun ayında bu tarixdə tam ödəniləcək