Təcrübədə rastlaşırıq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəfat etdikdə onun dövlət büdcəsinə vergilər üzrə müəyyən borcu qalır. Bəs belə olan təqdirdə vəfat etmiş fiziki şəxsin vergi borcunun aqibəti necə olur?
Suala iqtisadçı-ekspert Anar Bayramov aydınlıq gətirib.
Vergi Məcəlləsinin 77.4.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə onun vergi öhdəliyinə xitam verilir. Lakin burada bəzi istisnalar mövcuddur.
Vergi Məcəlləsinin 81.1-ci maddəsi də fiziki şəxs vəfat etdikdə onun yerinə yetirilməmiş vergi öhdəliklərinin hüquqi taleyini tənzimləyir. Qanunvericiliyə əsasən, şəxsin vəfatı onun bütün vergi borclarının və istənilən halda avtomatik olaraq silinməsi demək deyil. Belə ki, Məcəllənin 77.4.3-cü və 81.1-ci maddələrinə əsasən, fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Burada qanun varislərin hüquqlarını qorumaq üçün bu öhdəliyə çox mühüm iki məhdudiyyət qoyur: miras qalan əmlakın dəyəri hüdudları və miras payına mütənasiblik.
Vergi Məcəlləsinin 81.1-ci maddəsinin tətbiqi zamanı əsas götürülən iki mühüm meyar mövcuddur:
1. Miras əmlakın dəyəri hüdudunda: Varis vəfat edən şəxsin borcuna görə öz şəxsi cibindən və ya şəxsi əmlakı hesabına cavabdehlik daşımır. Öhdəlik yalnız ona qalan mirasın bazar (və ya qiymətləndirilmiş) dəyəri qədər ola bilər. Əgər borc mirasdan çoxdursa, varis artıq qalan hissəni ödəmir.
2. Miras payına mütənasib şəkildə: Əgər varis birdən çoxdursa, ümumi vergi borcu varislər arasında onların mirasdan aldıqları pay nisbətində bölünür.
Maddənin tam dərk olunması üçün fərqli ssenariləri əks etdirən 4 fərqli misala nəzər salaq:
Misal 1
Miras payı borcdan çox olduqda:
Tutaq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəfat edib və onun dövlətə 6.000 manat məbləğində əmlak vergisi borcu var. Vəfat edən fiziki şəxsin 100.000 manat dəyərində əmlakı vərəsələrinə miras qalıb. Qanuni varis olaraq onun iki övladı mirası bərabər payla (hər biri 50% olmaqla) qəbul ediblər. Mirasın ümumi dəyəri (100.000 manat) vergi borcundan (6.000 manat) çox olduğu üçün borc tam ödənilməlidir. Belə olan təqdirdə vərəsələrin payı mütənasib bölünür:
– Birinci övladın payı: 6.000 x 50% = 3.000 manat;
– İkinci övladın payı: 6.000 x 50% = 3.000 manat.
Misal 2
Vergi borcu miras qalan əmlakın dəyərindən çox olduqda:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəfat edib və onun dövlətə 15.000 manat məbləğində əmlak vergisi borcu var. Vəfat etmiş fiziki şəxsin 10.000 manat dəyərində əmlakı varisinə miras qalıb. Vergi qanunvericiliyinin tələblərinə əsasən, vərəsə ancaq əldə etdiyi əmlak qədər vergi öhdəliyi daşıyır. Yəni 10.000 manat dəyərində əmlakı vərəsəlik qaydasında əldə edən varis 15.000 məbləğində əmlak vergisinin hamısını deyil, ancaq 10.000 manatlıq hissəni ödəmək məcburiyyətindədir. 5.000 vergi borcu dövlət tərəfindən silinir.
Misal 3
Varislərin miras payları qeyri-bərabər olduqda:
Vəfat etmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş fiziki şəxsin 12.000 manat vergi borcu var. Vəsiyyətnaməyə əsasən, onun 60.000 manat dəyərindəki əmlakı qızına 1/3 pay (20.000 manat), oğluna isə 2/3 pay (40.000 manat) olaraq miras qalıb. Belə olan təqdirdə vergi borcu da miras payına mütənasib şəkildə bölünür. Belə ki, əmlakın 1/3 payına sahib olan varis vergi borcunun 1/3-i qədər – 4.000 manat hissəsini, əmlakın 2/3 payına sahib olan varis isə mütənasib olaraq vergi borcunun 8.000 manatlıq hissəsini ödəməklə mükəlləfdir.
Misal 4
Vəfat etmiş fiziki şəxsin digər vergilər üzrə dövlət büdcəsinə borcu olduqda:
Ən mühüm məsələlərdən biri vəfat etmiş fiziki şəxsin təkcə əmlak vergisi üzrə deyil, həmçinin digər vergilər üzrə də dövlət büdcəsinə borcunun olması ilə bağlıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, vəfat etmiş fiziki şəxsin digər vergilər üzrə borcu onun vərəsələrindən tələb edilə bilməz və varislər dövlət büdcəsinə olan digər vergilər üzrə borcu ödəmək öhdəliyində deyillər.
Məsələn, vəfat etmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə 50.000 manat gəlir vergisi üzrə, 2.000 manat isə əmlak vergisi üzrə borcu var. Habelə vəfat etmiş fiziki şəxsin 100.000 manat dəyərində əmlakı vərəsəlik qaydasında öz varisinə keçib. Belə olan təqdirdə vəfat etmiş fiziki şəxsin varisinin ancaq 2.000 manat məbləğində əmlak vergisini dövlət büdcəsinə ödəmək öhdəliyi var.
Burada diqqət çəkən digər bir məqam isə varislərin mirasdan imtina etmək hüquqlarının olmasıdır. Əgər vəfat etmiş fiziki şəxsin vergi borcu ona miras qalan əmlakdın dəyərindən çoxdursa, varis Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, notariat qaydasında mirasdan tam imtina edə bilər. Mirasdan imtina edildikdə, varisin vəfat etmiş şəxsin vergi borcunu ödəmək kimi öhdəliyi yaranmır.
Mənbə: vergiler.az
