Xidməti müqavilə ilə işləyənlər nəzarətə götürüləcək

birbank biznes

Xidməti müqaviləAzərbaycan hökuməti ölkədə geniş yayılmış əməkdaşlıq formalarından biri olan xidməti müqavilələr sektorunu nəzarətə götürməyə hazırlaşır. Bir qədər əvvəl qüvvəyə minmiş «Məşğulluq haqqında» yeni qanuna uyğun olaraq əslində əmək münasibətlərində istifadə olunan mülki-hüquqi müqavilələrlə bağlı maraqlı yeniliklər nəzərdə tutulur. Qeyd edək ki, xidməti müqavilələr Azərbaycanda işəgötürənlər və işçilər arasında ən geniş yayılan əməkdaşlıq formasıdır. Hazırda ölkədə qeyri-rəsmi işləyənləin sayı rəsmi işləyənlərin sayına bərabərdir və bunların bir hissəsi, hətta daimi işləyənlər də məhz xidməti müqavilə əsasında çalışır.

Bax: Xidməti müqavilə ilə işləyənlərin itirdikləri

Xidməti müqavilə ilə işləmək işəgötürənlər üçün çox sərfəlidir. Belə ki, əmək müqaviləsi ilə işlədikdə əmək haqqının 39%-ə qədər (14% vergi + 25% DSMF) vergi ödənildiyi halda, xidməti müqavilədə vergi cəmi 4%-lə (Bu dərəcə Bakıdadır, regionlarda ümumiyyətlə 2%-dir) tutulur, DSMF ödənişi isə maaşın məbləğindən asılı olmayaraq cəmi 26 manat təşkil edir.

Nəticədə işəgötürənlər və işçilər ödənilməyən vergilər hesabına böyük məbləğdə vəsaitlərə qənaət edirlər. Təbii ki, hökumət, xüsusilə də qarşısına yeni vəzifələr qoyulan DSMF və Vergilər Nazirliyi belə vəziyyətlə razılaşa bilməzdi və nəticədə yeni təsdiqlənən «Məşğulluq haqqında» qanunda vəziyyətin yeni formada tənzimlənməsi nəzərdə tutulur.

Qanuna uyğun olaraq xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan tətbiqinə başlanacaq.

Əsas yeniliklərdən biri xidməti müqavilə ilə işləyənlərin Siyahısının tutulması olacaq. Nazirliyin nəzdindəki məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, nazirliyin saytında yaradılacaq məşğul şəxslərin reyestrində xidməti müqavilə ilə çalışanlar da əksini tapacaq. Nəticədə ölkədə bütün işləyənlər qeydə alınacaq, elcə də onların hansı formada  – əmək müqaviləsi və ya xidməti müqavilə ilə çalışdığı göstəriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bundan başqa, mülki-hüquqi müqavilə (yəni xidməti müqavilə ilə) çalışanlarla bağlı yeni tələblər qoyulacaq. Belə ki, real olaraq daimi işlə çalışanların xidməti müqavilə ilə çalışması qadağan ediləcək. Xidməti müqavilə yalnız müvəqqəti olan və ya iş yerinə standart qrafiklə gəlmək tələb olunmayan işlərdə icazə veriləcək: «Əgər işçi 3-4 ildir çalışırsa, üstəlik hər gün saat 9-da gəlib 6-da gedirsə, bu artıq əmək münasibətidir. Belə çıxır ki, həmin həxs daimi işçi kimi çalışır və onun xidməti müqavilə ilə çalışması düzgün deyil».

Yeni yanaşma belə işlərdə çalışanların xidməti müqavilədən əmək müqaviləsinə keçidini nəzərdə tutur: «Yanaşma odur ki, kimlər ki, daimi işlərdə işləyirlər, onların xidməti müqavilələri dəyişib əmək müqaviləsinə daxil edilməlidir. Elə işlər var ki, işçi həmin işlərdə daima iş yerində olmalıdır. Məsələn, ofisiant, satıcı və sair».

Xidməti müqavilələr isə konkret qrafiki olmayanlar üçün məqbul olacaq: «Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, mütəxəssisə müraciət edir. O hərdən gəlib nəzarət edir – belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər».

Müvəqqəti işlərə gəlincə, şöbə müdirinin sözlərinə görə, 3-4 aylıq, maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Amma hələ bu məsələ müzakirə edilir.

Mənbə: fed.az


Həmçinin bax: Xidməti müqavilə kimə sərfəlidir: işəgötürənə, yoxsa işçiyə?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

  1. Teyyub
    |

    Yaxşı olar