“YouTube”dan gəlir əldə edən fiziki şəxs hansı vergini ödəməlidir?

posted in: Xəbər | 0

Mən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsəm. “YouTube” kanalım vasitəsilə “Google AdSense”dən gəlir əldə edirəm və vergi öhdəliyimi tam və qanuni şəkildə yerinə yetirmək istəyirəm. Bu gəlir üzrə mənə hansı vergi rejimi və dərəcəsi tətbiq olunur? Vergi yükünü qanuni yolla azaltmaq üçün hansı güzəştlər mövcuddur? Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi (illik 45.000 manatadək gəlirin 75%-nin vergidən azad edilməsi) mənim gəlirimə tətbiq olunurmu? Hüquqi şəxs (MMC) yaratmaq bu halda vergi baxımından məqsədəuyğundurmu? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Ödənişsiz aparılan uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarətdir.

Həmçinin, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Mühasibat xidmətləri

Bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil olunmur.

Həmçinin, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Sorğuya əsasən, gəlirlərin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və yalnız gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Əlavə olaraq bildirilib ki, sorğu edilən məsələlər üzrə vergi qanunvericiliyinin düzgün tətbiq edilməsi baxımından işin faktiki hallarını özündə əks etdirən məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 102.1.30-1-ci, 218.5.10-cu maddələri

Mənbə: vergiler.az

Verginin gecikdirildiyi hər gün üçün tətbiq olunan faiz dərəcəsi azaldılır

error: Content is protected !!